“Kilsə və müxalifətdən sonra növbə diasporadadır” – Taleh Əliyev – ÖZƏL

Erməni diasporası Parisdə keçirilən "Diasporanın Milli Səfərbərliyi Konfransı" və vahid internet platforması vasitəsilə fəaliyyətini mərkəzləşdirməyə çalışır. ABŞ əsas siyasi mərkəz kimi qalsa da, Fransa Avropa üzrə yeni koordinasiya platformasına çevrilir. Əsas məqsəd ABŞ-dən Avropaya qədər geniş siyasi şəbəkə quraraq Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə gətirməkdir. 

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, ermənilər dünyanın müxtəlif ölkələrində yaşasalar da, erməni diasporunun əsas üç siyasi mərkəzi olub: "Bunlardan biri Moskva, biri Vaşinqton, digəri isə Parisdir. Sadəcə olaraq, bu günə qədər Ermənistandakı hakimiyyətlə diasporun fəaliyyət istiqamətləri əsasən üst-üstə düşürdü. Saxta və qondarma "erməni soyqırımı", saxta "dənizdən-dənizə Böyük Ermənistan" ideologiyası, Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı, müxtəlif xarakterli planlar, demək olar ki, Ermənistandakı hakimiyyətlər qədər erməni diasporunun da əsas fəaliyyət istiqamətini təşkil edirdi. Heç şübhəsiz ki, burada diasporu təmsil edən diaspora dələduzları yaşadıqları ölkələrdəki erməni icmalarından, erməni iş adamlarından topladıqları vəsaitin bir hissəsini həm də öz şəxsi məqsədləri üçün istifadə edirdilər. Erməni diasporu yaşadıqları ölkələrdəki seçici potensialından və vətəndaş hüquqlarından istifadə edərək həmin ölkələrin siyasi hakimiyyətləri ilə də müəyyən bazarlıqlar aparırdı. Nikol Paşinyanın 44 günlük Vətən müharibəsindən sonra Ermənistan üçün yeni düşüncə və yeni strategiyanın formalaşdırılması, "real Ermənistan"ı "tarixi Ermənistan"dan, daha dəqiq desək, saxta və uydurma Ermənistan ideologiyasından ayırması müəyyən müqavimətlə qarşılandı. İlkin dövrdə bu müqavimətin əsas qüvvəsi ölkə daxilində Rusiyanın "beşinci kolonu"nu təmsil edən siyasi müxalifət və kilsə idisə, artıq bu qüvvələrin, demək olar ki, küncə sıxışdırılması fonunda diasporun aktivləşməsi gözlənilən idi. Çünki yenə təkrar qeyd edirəm ki, diaspor üçün qondarma "soyqırımı" iddiaları və Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları həm öz tərəfdarları arasında, həm də blokada şəraitində olan "Ermənistan" uydurması üzərindən yaşadıqları ölkələrdəki erməni iş adamlarından və ümumiyyətlə erməni icmalarından vəsait toplamağı asanlaşdırırdı. Eyni zamanda, həmin ölkələrin hakimiyyətləri ilə seçki proseslərində apardıqları bazarlıqlar fonunda Ermənistana ayrılan yardımların da müəyyən qismini öz şəxsi məqsədləri və maraqları istiqamətində istifadə edirdilər. Amma bu gün Nikol Paşinyanın təqdim etdiyi ssenari, heç şübhəsiz ki, xüsusilə Parisi qane etmir. Fransa yenə də istəyir ki, ermənilər Azərbaycana və Türkiyəyə qarşı saxta iddialarla çıxış etməklə regionda Rusiyanın forpostu olmaqdan çıxıb, bu dəfə Fransanın regiondakı forpostuna çevrilsinlər. Nəzərə alsaq ki, fransızdilli olmayan Ermənistan yeganə ölkədir ki, Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür, bu, Fransanın Ermənistana xüsusi marağını açıq şəkildə göstərir. Yəni Fransa çalışır ki, Ermənistanı daha çox öz təsiri və təzyiqi altında saxlasın. Bu baxımdan Fransadakı ermənilərin aktivliyi də diqqət çəkir".

Ekspertin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarındakı ermənilər müəyyən daxili muxtar imkanlara malik olsalar da, xüsusən Azərbaycanla Ermənistan arasında 8 avqust Vaşinqton razılaşmasından sonra Amerikanın dövlət siyasətinə qarşı açıq və sərt mövqe nümayiş etdirə bilməzlər. Doğrudur, onlar sona qədər Nikol Paşinyanı dəstəkləməyə bilərlər. Amma əslində onların Nikol Paşinyana qarşı demarşı, anti-Azərbaycan və anti-Türkiyə siyasəti həm də Amerika Birləşmiş Ştatlarının dövlət siyasətinə zidd olduğuna görə, radikal və ənənəvi siyasi xəttin davam etdirilməsi daha çox Parisin üzərinə düşür. Çünki bildiyiniz kimi, Nikol Paşinyanın Rusiya ilə münasibətlərinin korlanması fonunda Rusiyadakı erməni diasporu da əvvəlki qədər rahat və sərbəst fəaliyyət göstərə bilmir. Onların bu gün əsas qayğısı Ermənistanda Nikol Paşinyana başqa formalarda təsir göstərmək, yenidən Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin dirçəlməsinə nail olmaq və Ermənistanın Rusiyanın ümumi nəzarətindən çıxmasının qarşısını almağa çalışmaqdır. Amma Paris bu baxımdan fərqli mövqedədir. Rəsmi Parisin həm Azərbaycana, həm də Türkiyəyə münasibətində ikili standartların və qərəzli mövqeyin davam etməsi bu ölkədə yaşayan erməni diasporuna ənənəvi, saxta Ermənistan ideologiyasını, qondarma "Böyük Ermənistan" dünyagörüşünü yaşatmağa və təbliğ etməyə hələ də imkan və şərait yaradır. Bu baxımdan Paris ön plandadır. Düşünürəm ki, Nikol Paşinyan ölkə daxilində revanşist qüvvələri - burada siyasi partiyalar və parlament müxalifətindən söhbət gedir - siyasi səhnədən kənarlaşdıra bildikdən və eyni zamanda kilsə ilə olan fikir ayrılığını öz xeyrinə həll etdikdən sonra onun növbəti hədəfi diaspor olacaq. Yəni belə ekstremist, dağıdıcı və pozucu fəaliyyətə söykənən diaspora fəallarını kənarlaşdıraraq, müəllifi olduğu "real Ermənistan" ideologiyasının tərəfdarlarının diaspora təmsilçiləri arasında önə çəkilməsinə çalışacaqdır. Hələlik isə bu gün Nikol Paşinyanın əsas hədəfi ölkə daxilindəki rəqiblərini siyasi baxımdan sıradan çıxarmaqdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31