Azərbaycanın diplomatik gücü konkret nəticələrlə ölçülür- ÖZƏL
14:14 Siyasət"Vətən müharibəsində əldə olunmuş Zəfər Azərbaycanın hərbi-siyasi mövqeyini dəyişdirməklə yanaşı, onun diplomatik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan həm Cənubi Qafqazda sülh gündəliyinin əsas təşəbbüskarlarından biri, həm də daha geniş Avrasiya məkanında enerji, nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq layihələrinin mühüm iştirakçısıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Cənab Prezidentin ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı da məhz bu reallığın göstəricisidir. Bişkekdəki əvvəlki görüşlərdən bu günə qədər keçən dövr Azərbaycan üçün sadəcə zaman fərqi deyil. Bu, Azərbaycanın siyasi çəkisinin, hərbi gücünün, diplomatik imkanlarının və beynəlxalq mövqeyinin fundamental şəkildə dəyişdiyi tarixi mərhələdir. Bu gün Azərbaycan Prezidenti beynəlxalq görüşlərə öz ölkəsinin ərazi bütövlüyünün bərpasına nail olmuş qalib dövlətin lideri kimi qatılır. Qarşı tərəflə dialoq da məhz bu yeni siyasi reallıq fonunda aparılır.
Prezident İlham Əliyevin ŞƏT toplantısı çərçivəsində keçirdiyi görüşlər bir daha göstərir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Azərbaycanın diplomatik gücü yalnız siyasi bəyanatlarla deyil, konkret nəticələrlə ölçülür. Bu nəticələr isə son illərdə ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı mövqedə, dünya liderləri ilə intensiv siyasi dialoqda və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasında özünü göstərir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT platformasında iştirakı və keçirdiyi görüşlər Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun növbəti nümayişidir. Səfərin verdiyi əsas mesaj isə aydındır: Azərbaycan öz suverenliyini və milli maraqlarını təmin etmiş, regionda sülh və əməkdaşlıq gündəliyinin formalaşmasına öncüllük edən və qlobal miqyasda söz sahibi olan dövlət kimi yeni mərhələyə qədəm qoyub".