Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib- ÖZƏL
15:12 Siyasət"Dövlətimizin başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından mühüm çağırışlarını səsləndirdi. Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edərək Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına, Cənubi Qafqazda yaranan yeni reallıqlara və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət yönəltdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Azərbaycanla Qırğızıstan arasında imzalanmış müttəfiqlik haqqında tarixi Müqavilənin iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayan Prezident İlham Əliyev Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini beynəlxalq ictimaiyyətin ölkənin siyasətinə verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirdi. Cənab İlham Əliyevin çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri təbii ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Cənubi Qafqazda baş verən dəyişikliklər oldu. Bildirdi ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Dövlətimizin başçısı İlham Əliyevin dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirməsi ölkəmizin qlobal gündəmdə öz mövqeyini fəal şəkildə müdafiə etmək niyyətini bir daha təsdiqlədi".