Əfqanıstanda Nanqarhar Universitetinin dekanı öldürülüb

Əfqanıstanda Nanqarhar Universitetinin dekanı öldürülüb

Əfqanıstanın Cəlalabad əyalətində yerləşən Nanqarhar Universitetinin yaxınlığında terror aktı törədilib. AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində universitetin incəsənət fakültəsinin dekanı Məsud Nekbaxt həlak olub. İnsident nəticəsində daha 3 nəfər, o cümlədən dekanın oğlu ağır yaralanıb.

Cəlalabad polisinin sözçüsü Mübariz Atal jurnalistlərə bildirib ki, terrorçular dekanın avtomobilinə yerləşdirilmiş maqnit IED tipli bombanı partladıblar. Mərhum professorun siyasətlə məşğul olmadığı və yaxın qohumunun da cihadçıların keçmiş lideri Mövləvi Xalis olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti heç bir silahlı qruplaşma öz üzərinə götürməyib.

Bildirilir ki, universitetin yerləşdiyi Pakistanla həmsərhəd ərazidə İŞİD və "Taliban" silahlılarının düşərgələri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31