YAP-ın qurultayına 960 nəfər nümayəndə seçilib- ÖZƏL

Yeni Azərbaycan Partiyasının VIII qurultayı oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayına hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilmiş və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılmışdır. Bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq yekdilliklə dəstəklənmiş, Onun Azərbaycanın qazandığı nailiyyətlərdə, müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və mütləq suverenliyininin təmin edilməsində titanik fəaliyyəti xüsusilə vurğulanmış və Azərbaycanın nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada söz sahibinə çevrildiyi qürurla qeyd edilmişdir. Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən VIII Qurultaya 960 nəfər nümayəndə seçilmişdir. 

Qeyd edək ki, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31