Kürmük məbədi mübahisəsi və “Rusiya izi”: Bakı-Tiflis münasibətləri risk altındadırmı?- ÖZƏL
15:38 SiyasətGürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı son bəyanatı Bakı-Tiflis münasibətlərində müzakirələrə səbəb olub. Patriarxlıq məbəddə aparılan işlərdən narahatlığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu yanaşmanı qəbuledilməz hesab edərək bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ərazi iddialarının yer aldığını açıqlayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Azərbaycanla Gürcüstan arasında heç bir gərginliyin olmadığını və bütün məsələlərin dostluq mühitində müzakirə edildiyini bildirib. Bununla yanaşı, Gürcüstanda da Patriarxlığın mövqeyinə tənqidi yanaşanlar var. İlia Çavçavadze Mərkəzinin təsisçisi Zaza Bibilaşvili Kürmük məbədi ətrafında yaranmış vəziyyətdə "Rusiya izi" ehtimalına diqqət çəkərək Moskvanın Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirməkdə maraqlı ola biləcəyini bildirib.
Kürmük məbədi ətrafında yaranan mübahisə Bakı-Tiflis münasibətlərinə real təsir göstərə bilərmi? Moskvanın Azərbaycan-Gürcüstan münasibətlərində belə həssas mövzudan istifadə etməkdə mümkün marağı nə ola bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Kürmük məbədi ətrafında yaranan mübahisənin Bakı-Tiflis strateji tərəfdaşlığına real və təhlükəli təsir göstərməsi gözlənilmir, lakin bu cür həssas dini-tarixi mövzular dövri olaraq diplomatik ritorikanın sərtləşməsinə və ictimai rəydə gərginliyə yol açır. Rusiyanın erməni və gürcü kilsələrinə ciddi təsiri burada mühüm rol oynayır. Bu məsələnin Rusiya təsiri ilə qızışırılması şübhəsizdir.
Lakin Azərbaycan və Gürcüstan arasında münasibətlər fundamental iqtisadi, logistik və geosiyasi maraqlara əsaslanır, bu səbəbdən böhranın dərinləşməsi ehtimalı azdır. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin dərhal reaksiya verərək "hökumətlər arasında heç bir gərginliyin olmadığını" bildirməsi Tiflisin rəsmi xəttinin kilsə bəyanatından ayrıldığını göstərir. Bakı və Tiflis bu cür regional məsələləri kənar siyasi küyə, təsirə yol vermədən birbaşa kanallarla həll etməyə üstünlük verir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan qaz dəhlizləri hər iki ölkəni bir-birinə qopmaz tellərlə bağlayır. Heç bir tərəf dini iddialara görə bu nəhəng iqtisadi platformanı riskə atmaz. Real təsir yalnız ictimai rəydə millətçi dalğanın alovlanması və kilsə dairələrinin qızışdırıcı fəaliyyətlərinin sərhəd bölgəsindəki məsələn, Qaxda və ya Keşişçidağ, David Qareci kompleksində kiçik insidentlərə yol açması ilə məhdudlaşa bilər. Azərbaycan XİN-in bəyanatda Gürcüstan Patriarxlığına "Ermənistan kilsəsinin yolu ilə getməməyi" xəbərdarlıq etməsi rəsmi Bakının məsələyə nə dərəcədə ciddi və güzəştsiz yanaşdığını göstərir.
Gürcüstan eksperti Zaza Bibilaşvilinin də qeyd etdiyi kimi, regionda dini və etnik həssaslıqları alovlandırmaqda Rusiyanın birbaşa geosiyasi maraqları mövcuddur. Cənubi Qafqazda formalaşmış və Moskvanın nəzarətindən kənar olan Azərbaycan-Gürcüstan-Türkiyə strateji üçbucağı Rusiyanı narahat edir. Bu oxun zəifləməsi Moskvanın regiondakı itirilmiş rıçaqlarını bərpa etməyə xidmət edir.
Eyni zamanda Gürcüstan Pravoslav Kilsəsi ölkə daxilində çox güclü mühafizəkar institutdur və bəzi qanadlarının Moskva ilə ideoloji yaxınlığı gizli deyil. Regional münaqişə ocaqları yaratmaqla Moskva Tiflisə həm təzyiq edir, həm də onu regionda izolyasiyaya salmağa çalışır. Cənubi Qafqazda süni gərginlik ocaqlarının, istər Ermənistan-Azərbaycan, istərsə də Gürcüstan-Azərbaycan xəttində saxlanılması Rusiyaya regionda özünü yeganə moderator və regional güc kimi sırımağa imkan verir.
Amma bütün bu cəhdlərə rəğmən, Kürmük məbədi ətrafındakı proseslər kilsə və kənar güclər tərəfindən manipulyasiya edilsə də, həm Bakının, həm də Tiflisin rəsmi dairələri bu mövzuya daxil olmaqdan yayınır və praqmatik tərəfdaşlığı qorumağa çalışırlar. Ancaq bu məsələnin hər iki dövlətin razılığı ilə köklü həlli də vacibdir ki, Rusiya yaxud hər hansı digər kənar qüvvələrin sui-istifadə edib dövlətlər arasında ziddiyyət yaratmağa heç bir şansları qalmasın".
Zeynəb Mustafazadə