Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirdi- ÖZƏL
14:15 Siyasət"1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcı oldu. Xalqımız böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Bu tarix müstəqilliyin ağır sınaqlardan keçdiyi bir dövrdə dövlətçiliyin qorunması, sabitliyin təmin edilməsi və ölkənin ardıcıl inkişaf yoluna çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "O dövrdə ölkədə mövcud olan siyasi qarşıdurmaların, sosial-iqtisadi çətinliklərin və təhlükəsizlik problemlərinin aradan qaldırılması əsas vəzifələrdən biri idi. Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin bərpasına, dövlət qurumlarının formalaşdırılmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirildi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması və ordu quruculuğunun sistemli şəkildə aparılması müstəqilliyin qorunması baxımından mühüm addımlar idi.
Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyətində ölkənin iqtisadi müstəqilliyi amili də xüsusi yer tuturdu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın enerji potensialının beynəlxalq əməkdaşlıq üçün geniş imkanlara çevrilməsinə şərait yaratdı. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin reallaşdırılması ölkənin enerji və nəqliyyat xəritəsində mövqeyini gücləndirdi. Bununla yanaşı, həyata keçirilən iqtisadi siyasət investisiya mühitinin formalaşdırılması və bazar iqtisadiyyatına keçidin institusional əsaslarının yaradılması istiqamətində mühüm proseslərə təkan verdi.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını güclü dövlət, milli həmrəylik, qanunun aliliyi və xalqın rifahı təşkil edirdi. Onun "Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq" fikri dövlət quruculuğunun əsas istiqamətlərini ifadə edirdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılmasında mühüm mərhələ oldu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hakimiyyət bölgüsü prinsipinin təsbit olunması və demokratik ənənələrin inkişafı dövlət quruculuğunun hüquqi çərçivəsini müəyyənləşdirdi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyası idi. Bu məfkurə milli kimliyin, dövlətçilik düşüncəsinin və milli-mənəvi dəyərlərin qorunmasını vahid ideoloji çərçivədə birləşdirirdi. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, milli özünüdərkin gücləndirilməsi və tarixi yaddaşın qorunması bu siyasətin mühüm istiqamətlərindən idi. Beləliklə, azərbaycançılıq yalnız ideoloji anlayış kimi deyil, həm də milli birlik və dövlətçilik amili kimi ön plana çıxdı. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".