Azərbaycan G20 platformasında: “Bu, xarici siyasətin doğru istiqamətdə irəlilədiyini göstərir”- ÖZƏL
14:48 SiyasətAzərbaycan 14-15 dekabr 2026-cı ildə ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə qonaq ölkə kimi dəvət edilib. ABŞ Prezidenti Donald Trampın bu dəvəti Bakının Orta Dəhliz, TRIPP layihəsi, enerji və təhlükəsizlik sahələrində artan Avrasiya miqyaslı rolunun göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu dəvət onu göstərir ki, Azərbaycanın xarici siyasəti öz məntiqi hədəflərinə doğru yol almaqdadır və bu hədəflərə artıq çatıb. Sadəcə, çatdığımız bu nöqtəni daha da genişləndirmək, yeni və daha böyük layihələrə qapı açmaq, qoşulmaq, dünyanın həm böyük dövlətləri ilə, həm də digər ikinci-üçüncü dərəcəli dövlətlərlə münasibətləri şaxələndirmək və beləcə iqtisadi manevr imkanlarımızı artırmaq lazımdır.
Bu dəvət bir daha onu göstərir ki, Azərbaycan özünün yerləşdiyi coğrafi mövqeyi, onun verdiyi üstünlükləri və öz daxili-xarici potensialını qiymətləndirməyi bacarır və xarici əlaqələrdə də həmin bu üstünlüklər artıq bizim strateji mənada nəticə əldə etmək üçün həm de-fakto layihələr şəklində, həm də de-yure çoxtərəflilik, bütün tərəflərlə bərabərhüquqlu əməkdaşlıq müstəvisində tətbiq olunur.
Bəlli məsələdir ki, G20 dünyanın ən böyük 20 iqtisadiyyatının toplandığı bir məkandır və belə bir platformada iştirak, belə bir platformada olan 20 böyük dövlətin, mənə elə gəlir ki, hamısının olmasa da, böyük iqtisadiyyatlarının Orta Dəhlizə və TRIPP-ə marağının artması fonunda Azərbaycan bu formatda həmin ölkələrlə əlaqələrini daha da genişləndirə bilər. G20-nin tərkibində olan bir sıra dövlətlərlə bizim onsuz da fərqli-fərqli layihələrimiz var. Çünki enerji əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Türkiyə ilə ikitərəfli münasibətlər, Avstraliya, İtaliya ilə, Britaniya ilə ikitərəfli münasibətlər, Almaniyanın özü ilə artıq inkişaf mərhələsinə qədəm qoymuş uğurlu xarici siyasət xətti imkan verir ki, bunu bütövlükdə G20 formatında yeni əməkdaşlıq modelinə çevirə bilək. Yəni, G20-nin üzvü olan bütün ölkələr dünyanın ən böyük iqtisadiyyatları olduğu üçün təbii ki, bütün qitələrdə, bütün materiallarda onların bu və ya digər şəkildə layihələrdə iştirakı qaçılmaz olur. Xüsusən ABŞ-ın, İngiltərənin, Almaniyanın, İtaliyanın iqtisadi imkanlarının nə qədər geniş olduğunu görürük.
Bu isə gələcəkdə onların Orta Dəhliz, TRIPP vasitəsilə də yeni nəqliyyat şəbəkəsidir ki, yaranır və mənə elə gəlir ki, dəniz daşımalarındakı təhlükələrin artdığı reallıqda quru yollarının əhəmiyyətinin artması reallığı ilə biz qarşılaşacağıq. Və həmin anda da, məsələn, Orta Dəhliz, TRIPP Azərbaycanın önəmini daha da artıracaq və bu ölkələr təkcə ayrı-ayrılıqda deyil, elə G20 formatında da həmin bu dəhliz vasitəsilə öz iqtisadi imkanlarını, öz iqtisadi maraqlarını qorumaq üçün hərəkətə keçəcəklər.
Həmin ana qədər Azərbaycan tərəfi artıq o çağırışlara indidən hazırlaşmalıdır və G20-yə iştirak, G20-yə dəvət də onu göstərir ki, biz bu istiqamətdə doğru irəliləmişik bu ana qədər. Bundan sonra da bu fəaliyyətlərimiz davam edəcək.
Son olaraq ABŞ-la münasibətlərin regiondakı əlaqələrə təsirinə gəlincə, ABŞ hazırda dünyanın ən böyük gücüdür, bütün sahələrdə bu belədir. Yəni, gələcəkdə Çin onu ötüb keçə biləcəkmi, bilməyəcəkmi, bu, başqa bir mövzudur. Amma hazırkı situasiyada ABŞ dünyanın ən böyük gücüdür, hər sahədə.
Və belə bir nəhəng iqtisadiyyatla, nəhəng hərbi-siyasi güclə əməkdaşlıq Azərbaycan üçün regionda yeni çağırışlar formalaşdırmaq, yeni reallıqlar yaratmaq imkanı verir. Təbii ki, buna zəmin yaradan başqa bir nüans da ondan ibarətdir ki, Azərbaycanın ABŞ-la əlaqələrini bu səbəbdən genişləndirməsi regional və digər beynəlxalq qüvvələrdə qıcıq yaratmır. Nəyə görə? Burada çox incə bir xətt var.
Azərbaycan tərəfinin ən başından bütün tərəflərə elan etdiyi bir xarici siyasət prioriteti var. Biz tərəf seçmirik, biz tərəflərin aid olduğu münaqişələrə kimsə tərəfindən qarışmırıq, kimsə tərəfindən bu münaqişələrə qoşulmuruq. Bizim bir istiqamətimiz var. Bütün tərəflərlə, bütün qüvvələrlə, bütün güclərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan, etimad mühiti şəraitində davam edən iqtisadi-siyasi münasibətlər qurmaq.
Bəs məhz bu reallıq, məhz bu siyasət xətti imkan verir ki, Azərbaycan-ABŞ arasında artan əlaqələr Rusiyada da, Çində də, Türkiyədə də, Avropa ölkələrində də qısqanclıq və yaxud da anti-Azərbaycan mövqeyi formalaşdırmasın.
Əksinə, biz fikir veririksə, görərik ki, Azərbaycan elə bir əməkdaşlıq modeli formalaşdırmaqdadır ki, münaqişə tərəfləri olan ölkələr elə həmin o platformada, Azərbaycanın təklif etdiyi yeni iqtisadi-siyasi əməkdaşlıq platformalarında təmsil oluna bilirlər və pis-yaxşı dil tapa bilirlər. Bu, özü də imkan verir ki, münaqişənin şiddətləndiyi dövrdə, qarşıdurmaların artdığı reallıqda Bakı, ümumilikdə Azərbaycan bütün qüvvələrin toplaşıb danışacağı alternativlər tapa biləcək və dünyada yarana biləcək enerji sahəsində, digər iqtisadi münasibətlərdə yarana biləcək böhranların qarşısının alınması üçün həll yollarının tapılacağı yeni bir mərkəzə çevrilsin.
Təbii, bunlar bir zamanlar xəyal idi, bugün artıq ehtimala çevrildi. Bu uğur davam edərsə, bu qərarlı addımlar davam edərsə və tərəflər də bunu məqbul hesab edərək, öz xarici siyasət istiqamətində həqiqətən də saf şəkildə əməkdaşlıq mühitini qorumağı, dünyada sülhü qorumağı seçərsə, bax, o halda bu ehtimal sabah-birigün artıq reallıqdır və Azərbaycan dünyanın iqtisadi-siyasi mənada bütün güclərinin toplandığı və nəticə əldə edə bildiyi az saylı mərkəzlərdən birinə çevrilə bilər".
Zeynəb Mustafazadə