“Çin sərmayəsi Azərbaycanın Orta Dəhliz imkanlarını genişləndirə bilər” – ŞƏRH – ÖZƏL

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund" təşkilatı arasında Birgə İnvestisiya Fondunun yaradılması elan olunub. Ümumi kapitalı 7,5 milyard yuan (təxminən 1 milyard dollar) olan fond Azərbaycanda və "Bir Kəmər, Bir Yol" təşəbbüsü ölkələrində sənaye, enerji və maliyyə sahələrinə uzunmüddətli investisiyalar yönəldəcək.

"Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində "Silk Road Fund" - İpək Yolu Fondu müxtəlif ölçülərdə infrastruktur, enerji, logistika, sənaye və maliyyə layihələrini əsasən maliyyələşdirir. Fondun əsas qurucularından biri Çin Dövlət Valyuta Ehtiyatları Fondudur. Burada bizim diqqətimizi çəkən əsas məqam fondun fəaliyyət istiqamətləridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, fondun fəaliyyət istiqamətləri əsasən enerji layihələri, telekommunikasiya və rəqəmsal sistemlərin qurulmasıdır. Eyni zamanda, sənaye parklarının yaradılması və yaşıl enerji üzrə bir sıra əməkdaşlıq layihələri həyata keçirilir. Fondun fəaliyyəti Mərkəzi Asiyadan tutmuş Avropaya, Latın Amerikasına qədər böyük bir coğrafiyanı əhatə edir. Fond əsasən Pakistan, Rusiya və Özbəkistanda müxtəlif liman, dəmir yolu və enerji layihələrinin icrasına yönəlib. Əlbəttə ki, bunun Azərbaycan üçün kifayət qədər böyük əhəmiyyəti var. Çünki Azərbaycan Çinin Orta Dəhliz strategiyasında mühüm tranzit ölkələrdən biridir. Faktiki olaraq, Azərbaycanın Bakı Ticarət Limanı var, bir sıra dəmir yolu infrastrukturları formalaşır. Biz buraya TRIPP layihəsi ilə Zəngəzur dəmir yolunun inşasının və tamamlanmasının sürətləndirilməsini də daxil edə bilərik. Orta Dəhliz layihəsi Çin üçün, xüsusilə də Asiya ilə Avropanı birləşdirən əsas ticarət marşrutudur. Belə olan təqdirdə, Azərbaycana investisiyaların yatırılması o deməkdir ki, həm Orta Dəhliz layihəsinin icrası sürətlənəcək, eyni zamanda TRIPP layihəsi üzrə Zəngəzur dəmir yolunun inşası sürətləndirilə bilər.

Ekspertin sözlərinə görə, başqa bir istiqamətdə bunu rəqəmsal əməkdaşlıq səviyyəsində, sənaye parklarının yaradılması səviyyəsində və Naxçıvan Muxtar Respublikasında, xüsusilə də orada əsas strategiyada, birinci növbədə azad iqtisadi zonaların sənaye mərkəzlərinin qurulması istiqamətində görə bilərik. Çin bu proseslərdə maraqlıdır və biz bunu Pakistan, Rusiya, Özbəkistan nümunələrində görə bilərik. Xüsusilə də postsovet ölkələrindən Özbəkistanda çox böyük sənaye investisiyaları yatırılır. Bundan başqa, digər ölkələrdə də biz müəyyən qədər bu fondun fəaliyyətini müşahidə edirik. Fond iri investisiyalar edir və düşünürəm ki, Azərbaycan üçün bu, daha yeni və geniş inkişaf imkanlarının yaranması deməkdir. Burada təkcə ayrılan maliyyənin həcmi deyil, eyni zamanda Çinin əsas strateji hədəfləri ilə Azərbaycanın iqtisadi maraqlarının üst-üstə düşməsi və onların icrasının reallaşdırılması da mühüm əhəmiyyət daşıyır. Azərbaycan nəzərdə tutulan iri meqa-tranzit layihələrini həyata keçirdiyi təqdirdə, əlbəttə ki, regionda aparıcı ölkədir. Regionda aparıcı mövqeyini qoruyub saxlaması və bir sıra meqa-layihələrə əsas müəlliflərdən biri kimi çıxış etməsi iqtisadi baxımdan çox əlverişli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycanın əməkdaşlıq etməsi Azərbaycan iqtisadiyyatı üçün yeni və daha böyük imkanların yaranması deməkdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31