Alternativ marşrutlar Hörmüz boğazından asılılığın müəyyən hissəsini azaltmağa imkan verir - ÖZƏL

"ABŞ-İran müharibəsinə nəzər yetirdiyimiz zaman hərbi qarşıdurma ilə diplomatik təmasların paralel inkişaf etdiyini görürük. İranın ABŞ-ın son təklifinə cavab aldığını açıqlaması, həmçinin Qətərin vasitəçiliyi ilə tərəflər arasında təmasların yenidən bərpası onu göstərir ki, qarşıdurma diplomatik kanallardan tamamilə uzaqlaşma anlamına gəlmir. Tam əksinə, müəyyən məsələlər üzrə hər iki aktor razılaşma imkanlarını araşdırmağa davam edir."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Şübhəsiz ki, əsas məsələ Hörmüz boğazıdır. İranın təklifinə görə, ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalı, Tehran isə yeddi gün ərzində Hörmüz boğazını açmalıdır.

Bu yanaşmanın özü də onu nümayiş etdirir ki, boğaz artıq yalnız regional təhlükəsizlik çərçivəsində dəyərləndirilmir. Bu, danışıqlar prosesinin əsas elementlərindən biri kimi görünür. Təbii ki, Hörmüz boğazı dünya enerji bazarında önəmli rola sahib olduğundan onun əhəmiyyəti bu müharibədə daha aydın görünür.

Müharibədən öncə dünya neftinin təxminən beşdə birinin bu marşrut üzərindən keçməsi göstərir ki, boğazda hər hansı ciddi məhdudiyyət yalnız ABŞ-İran münasibətləri kontekstində dəyərləndirilə bilməz. Bu, həm də qlobal enerji bazarlarına təsir göstərən önəmli amildir. Buna görə də gəmiçiliyin bərpası məsələsi diplomatik danışıqların mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir.

Başqa bir tərəfdən yanaşdıqda isə danışıqların qarşısında əsas problemin tərəflərin razılaşmanın məzmunundan daha çox onun icra ardıcıllığı ilə bağlı fikir ayrılığının olduğu üzə çıxır. Bu məqam son dərəcə mühümdür. Çünki tərəflərin zəruri addımlarının özləri ilə bağlı ümumi razılığa yaxın olması müəyyən diplomatik imkanların mövcudluğuna da işarə edir. Buna baxmayaraq, hansı tərəfin ilk addım atacağı məsələsi ciddi maneə kimi qarşıda dayanır.

Qətər vasitəçilik missiyasını yenidən bərpa etməyə çalışır. Bu, diqqətçəkən məqamdır. Nəzərə alsaq ki, ABŞ ilə İran arasında etimad məhduddur, diplomatik kanal olaraq Qətərin əhəmiyyəti daha da artır.

Neft qiymətlərinin aşağı düşməsi də prosesin bazarlara təsir etdiyini göstərən amillərdən biridir. ABŞ-İran qarşıdurmasında hərbi və iqtisadi amillərlə yanaşı, diplomatik mexanizmlər də paralel inkişaf edir.

Əsas məsələ odur ki, razılaşmaya tərəflər nə qədər yaxındır. Artıq alternativ marşrutlar üzərindən fikir mübadilələri ciddiləşir. Alternativ marşrutların işə düşməsi, həmçinin Səudiyyə Ərəbistanının "East-West" boru kəməri vasitəsilə tədarük imkanlarını artırması Hörmüz boğazından asılılığın müəyyən hissəsini azaltmağa imkan verir.

Bu da, şübhəsiz ki, digər ölkələrin marağına uyğun gələn məsələdir. Yaxın Şərq neftinin ixracının müharibədən əvvəlki səviyyələrə yaxınlaşması isə bazarlardakı təzyiqin qismən azalmasına səbəb olur."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31