Neft-qaz layihələri ölkənin regional enerji xəritəsində rolunu gücləndirdi- ÖZƏL
13:59 Siyasət"1993-cü il Azərbaycan tarixinin ən mühüm dönüş mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin 3 oktyabrında keçirilmiş prezident seçkiləri ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Azərbaycan xalqı böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevə etimad göstərərək Onu dövlət başçısı seçdi. Ulu Öndər qarşısında olduqca mürəkkəb və məsuliyyətli vəzifələr dayanırdı. Ölkə ciddi siyasi, iqtisadi və sosial böhranla üz-üzə idi, dövlət müstəqilliyinin gələcəyi ilə bağlı təhlükələr mövcud idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Ulu Öndər Heydər Əliyev andiçmə mərasimində xalq qarşısında mühüm bir vəd verdi: "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Sonrakı fəaliyyət Ümummilli Liderin bu sözlərinin dövlətçilik tarixində konkret nəticələrlə təsdiq olunduğunu nümayiş etdirir.
Məhz belə bir mürəkkəb tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici rol oynadı. Ulu Öndərin qarşıya qoyduğu əsas məqsədlər dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun gücləndirilməsi və müstəqilliyin dönməz xarakter almasının təmin olunması idi. Qısa müddətdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə sabitlik bərpa edildi, dövlət qurumlarının fəaliyyəti təkmilləşdirildi və Azərbaycanın davamlı inkişafının siyasi-hüquqi əsasları formalaşdırıldı.
Siyasi sabitliyin təmin edilməsi iqtisadi inkişaf üçün də əlverişli şərait yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi, bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlığın inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün yeni imkanlar formalaşdırıldı. Bu siyasətin mühüm nəticələrindən biri 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması oldu. Dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə bağlanan bu saziş Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin reallaşdırılması ölkənin enerji strategiyasının mühüm mərhələlərini təşkil etdi. Enerji siyasəti yalnız iqtisadi gəlirlərin artırılmasına deyil, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə və regional əməkdaşlıq imkanlarının artmasına da xidmət etdi. Beləliklə, neft-qaz layihələri ölkənin regional enerji xəritəsində rolunu gücləndirdi".