AQEM-in media sahəsində əməkdaşlığa başlaması mühüm addımdır- ÖZƏL

Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu keçirilir. Forumda üzv dövlətlərin hökumət və media qurumlarının nümayəndələri, media menecerləri və digər mütəxəssislər iştirak edir. Tədbirdə media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, etibarlı və qərəzsiz informasiya, həmçinin süni intellekt və sosial medianın informasiya məkanına təsiri müzakirə olunur.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

"  Əvvəla onu deyim ki, bu, AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir. Tədbirin "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr edilməsi diqqət çəkir.
Məsələ ondadır ki, son illərdə beynəlxalq münasibətlər sistemində dərinləşən ziddiyyətlər, müharibələr, geosiyasi qarşıdurmalar və informasiya müharibələri etimad problemini daha da aktuallaşdırıb. Məhz belə bir zamanda beynəlxalq münasibətlərdə etimadın formalaşdırılması üçün media müstəvisində ciddi əməkdaşlığa ehtiyac var. Çünki dünyada informasiya dövriyyəsi sürətlənsə də, bu, heç də cəmiyyətlərin daha düzgün və obyektiv məlumatlandırılması demək deyil. Əksinə, informasiya bolluğu şəraitində dezinformasiya, manipulyasiya, saxta xəbərlər və məqsədyönlü təbliğatın daha geniş yayılması üçün imkanlar artıb. Müxtəlif siyasi və geosiyasi maraqların toqquşduğu bir vaxtda informasiya bəzən həqiqətləri çatdırmaqdan daha çox, qarşıdurmanı dərinləşdirmək üçün istifadə olunur.
Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə də məhz bu reallığa diqqət çəkilir. Dövlət başçısı qeyd edib: "Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir".
Bu baxımdan medianın üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Peşəkar jurnalistika, faktların yoxlanılması, müxtəlif mövqelərin obyektiv təqdim edilməsi və informasiya məsuliyyəti artıq yalnız media etikasının tələbi deyil, həm də beynəlxalq etimadın qorunmasının vacib şərtlərindən biridir. Təsaüdif deyil ki, Prezident İlham Əliyev Media Forumunun iştirakçılarına müraciətində, "Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir", - deyib.
Prezidentin dedikləri də bir daha təsdiqləyir ki, medianın üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Peşəkar jurnalistika, faktların yoxlanılması, müxtəlif mövqelərin obyektiv təqdim edilməsi və informasiya məsuliyyəti artıq yalnız media etikasının tələbi deyil, həm də beynəlxalq etimadın qorunmasının vacib şərtlərindən biridir. Xüsusilə müharibələrin davam etdiyi, dövlətlər arasında siyasi münasibətlərin gərginləşdiyi və cəmiyyətlərin bir-birinə münasibətinin informasiya vasitəsilə formalaşdığı indiki dövrdə medianın rolu daha aydın görünür. Bir hadisənin necə təqdim olunması, hansı məlumatların ön plana çəkilməsi, hansı faktların diqqətdən kənarda saxlanılması ictimai rəyə birbaşa təsir göstərə bilir. Nəticədə informasiya mühiti dövlətlər və xalqlar arasında anlaşmanı gücləndirə də, mövcud ziddiyyətləri daha çox dərinləşdirə də bilər. Məhz buna görə də media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir. Müxtəlif ölkələrin media nümayəndələrinin, kommunikasiya qurumlarının və müvafiq institutlarının bir araya gəlməsi qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı, informasiya problemlərinin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması baxımından da əhəmiyyətlidir. AQEM çərçivəsində ilk dəfə media sahəsinə həsr olunmuş belə bir forumun keçirilməsi də bu ehtiyacdan irəli gəlir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31