Azərbaycan gender siyasətinin reallaşdırılmasında yeniliklərə imza atıb
23 May 2025 11:00 Sosialİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Müasir dünyada gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında özünə yer alıb. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Məhz bu səbəbdən ayrı-ayrı dövlətlər milli gender siyasətini müəyyən etməklə problemdən yayınmağa çalışırlar.
Azərbaycan da beynəlxalq tələblərə cavab verən gender siyasəti həyata keçirməkdədir. Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər reallaşdırılır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxmaqdadır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb. Belə ki, ölkəmiz 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir. 2010-cu ildə Milli Məclisdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilib. "Qanunvericilik gender bərabərliyi üçün hüquqi bazadır. Qanunlar öz-özlüyündə dövlətin siyasi iradəsinin bir göstəricisi kimi çox vacib rol oynayır. Bundan başqa, qanunların mövcudluğu gender bərabərliyi məsələsinə diqqəti cəlb etməklə yanaşı, digər dəyişikliklər üçün də katalizator rolunu oynaya bilər. Buna görə də bir çox ölkələr gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan qanunlar qəbul edib. 2011-ci ilin may ayında gender siyasətinin təhlili və həyata keçirilməsi üçün müvafiq icraedici orqanlar, digər dövlət strukturları və vətəndaşlar arasında əlaqələndirmənin və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradılıb. Göründüyü kimi hər bir sahədə olduğu kimi gender bərabərliyində də dövlətin dəstəyi ilə nailiyyətlər əldə olunub.
Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarının, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Bu da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının əsasını təşkil edir. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
Məlum olduğu kimi gender anlayışı kişi və qadınların cəmiyyət həyatında sosial statusunu, funksiya və rolunu ifadə edir. Yəni, qadın və kişilər cəmiyyət həyatında eyni sosial rola, eyni sosial funksiyalara malikdirlər. Bu gün Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Onu da qeyd edək ki, Azərbaycan qadını tarixin bütün mərhələlərində mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib və xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Bu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da cəmiyyətin inkişafı baxımından olduqca həssas səviyyədə yaşadıldı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Bu şəraitin əsasını böyük tarixi şəxsiyyət Heydər Əliyev qoymuşdu. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadınının cəmiyyətdə nüfuzu da yüksəldi, gender bərabərliyi üçün nəzəri real zəmin də yarandı. Ulu Öndər milli maraq və mənafelər müstəvisində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim ucalarda bərqərar olmasına çalışıb.
Hazırda da dövlətin qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Dövlət başçısının rəhbərliyi ilə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklər dünyanın diqqətini çəkib. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanım hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Dünya ictimaiyyəti onun timsalında dərin bilikli və intellektli ziyalı, peşəkar siyasətçi, humanist qadın obrazı görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında mühüm fəaliyyətə və mövqeyə malik olduğunu xüsusi vurğulayır. Mehriban xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi baxımından müstəsna dəyərləndirilməlidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.