Gəlinciyi qucağında ərə verilən "gəlin"
12 Avqust 2022 11:12 SosialBir çox hallarda məcburi nikah qurbanlarının yaşı 18-dən aşağı olur. Çox vaxt onların nikaha daxil olmaları öz istəkləri ilə baş vermir. Onlar ya valideynlərinin "arzularını" gerçəkləşdirmək, ya da psixoloji şiddət gördükləri ailədən uzaqlaşmaq üçün erkən yaşda evlənməyi çıxış yolu kimi görürlər.
Uşaq evliliyinin xüsusən qızlar üzərində sağlamlığı (əqli və fiziki), təhsili və sosial inkişafı baxımından uzunmüddətli nəticələri var.
Yetkinlik yaşına çatmayan şəxslər hansı hallarda evləndirilməyə məcbur edilir? Hələ özü tam formalaşmamış ailə formalaşdırmağa çalışan şəxslər erkən nikahdan nə kimi fəsadlar görürlər? Özü uşaq ola-ola dünyaya uşaq gətirən qadınlar həyatı boyu hansı problemlərlə üzləşirlə?
"Bəzi tez evləndirilən gənc qızlar var ki, onlar həyətdə özləri üçün oyun qurduqlarını və oynadıqlarını ifadə edirdilər"

Psixoloq Mələk Kərimovanın sözlərinə görə, yetkinlik yaşına çatmayan uşaqların evləndirilməsində 2 əsas faktor üstünlük təşkil edir:
-Öncəliklə maraqlı sual üçün təşəkkür edirəm və sualı məhz "evləndirilməsi" kimi qeyd etməniz yaxşı məqamdır. Burada iki faktora diqqət etmək yaxşı olar: 1) bəzi yeniyetmələr evlərindəki mənfi ailə münasibətlərindən qaçmaq məqsədilə kiçik yaşda evlənmə yolunu seçirlər və bunu xilas olma yolu kimi görürlər. Yəni, bir qrup yeniyetmə evliliyə hazır olmadan "evlənim,canım qurtarsın, bu ailədən, şiddətdən, söz - söhbətdən" deyərək ailə qurur. Digər qrup ailələrdə isə təəssüf ki, daha çox konservativ düşüncəyə sahib olan ailə böyüklərini görürük. Onlar isə qızın məhz 15-20 yaş arasında, xüsusən daha kiçik yaşlarda evləndirilməsini uyğun görür, çox vaxt yeniyetmənin oxumaq istəyinin qarşısını alırlar. O valideynlərdə müxtəlif sosial problemlər ola bilər. Məsələn, ailədəki iqtisadi çətinliklər onların bu yolu seçmələrinə səbəb olduğu kimi, qızın bu yaşda evlənməsinə inanan ailələr də qarşımıza çıxır. Bu bəzən bir növ "bir yükdən azad olum" , " qız yükü duz yükü" deyib imkanlı ailələr seçərək öz yüklərini qarşı tərəfə atmağa çalışan ailələrdir, digərləri isə yeniyetmənin təhsil hüququna mane olan, qızın məsuliyyətini daşımağa hazır olmayan, ya da "qız tez evlənməlidir" fikri ilə hərəkət edən ailələrdir.
Digər tərəfdən yenə bu fikir kimi səslənməsə də, sadəcə adət-ənənə və s. pərdəsi altında çox kiçik yaşda qızlarını, ya da ümumiyyətlə övladlarını evliliyə məcbur edən valideynlər var. Təbii ki, əgər insan psixologiyasının yaş aspektlərindən yola çıxsaq, nəzərə almaq lazımdır ki, yeniyetməlik dövrü uşaqlıq və gənclik dönəmi arasında bir keçid dövrüdür. Bu mərhələdə fizioloji dəyişikliklərlə yanaşı, psixoloji dəyişikliklər də baş verir. Yəni, yeniyetmənin bədəninin inkişafı, böyüklərə məxsus xüsusiyyətlərin bədəndə yaranması, oğlanlarda səsin qalınlaşması, üzdə tüklərin əmələ gəlməsi, qadınlarda ilk mensturasiya tsiklinin başlaması, bədən formasının dəyişməsi kimi fizioloji əlamətlərlə yanaşı psixoloji cəhətdən də bir dəyişikliklər baş verir. Bu mərhələ əslində şəxsin "yenidən doğulma" mərhələsi kimi qeyd edilə bilər və adətən bu mərhələni də şəxsiyyətin öz daxili aləmini yenidən kəşf etməsi, özünü tanıması kimi qiymətləndirsək yəqin yanılmarıq. Bu mərhələdə də şəxs "mən kiməm?", "nə olmaq istəyirəm" "hansı xüsusiyyətlərim var?" və s. kimi mövzuları artıq dərin bir şəkildə düşünməyə başlayır. Belə bir qarışıq mərhələdən keçən şəxsin özünün formalaşmadan bir ailəyə daxil olması, yeni rollar və münasibətlər şəbəkəsinə daxil olması heç də rahat olmur.
Azərbaycanın bəzi bölgələrində, xüsusilə də cənub bölgəsində azyaşlıların ailə qurması faktı daha çox müşahidə olunur və daha çox özünü tanımağa, fizioloji cəhətdən yeni formalaşmağa başlayan yeniyetmənin ailə qurması təbii ki, bir çox fəsadlara yol aça bilir. Yəni, özünü tanımamış, ehtiyaclarını anlamamış, psixi və fizioloji yetkinliyi tam tamamlamamış şəxslərin ailə qurması bir növ bu prosesə də "dırnaqarası" baxmağa da səbəb ola bilir. Çünki, hətta ailə qurduğunu anlamayan, kiçik yaşda evləndirilən, oyuncaqlarını, gəlinciklərini özü ilə cehiz kimi aparan və bunlarla hələ də oynayan yeniyetmələr qarşıma çıxıb. Hətta bəzi tez evləndirilən gənc qızlar var idi ki, onlar həyətdə özləri üçün oyun qurduqlarını və oynadıqlarını deyirdilər. Ona görə də əslində evliliyə hazırlıq mərhələsi yeniyetmənin həm fiziki, həm psixoloji cəhətdən bu prosesə hazırlıq mərhələsi kimi qeyd edilməlidir. Bu mərhələnin daha uğurlu olması üçün yeniyetmənin şüurlu bir şəkildə özünü tanıyaraq təhsil almasından, formalaşmasından, nə istədiyini anlamasından, dəyərlərini formalaşdırmasından asılıdır.
Tez yaşda evliliyin fəsadları nələr ola bilir? Təbii ki, xüsusən gənc yaşda evləndirilən, bir peşə sahib ola bilməyən xanımlar daha sonra ailədə baş verən konfliktlərlə baş etmədə böyük çətinliklər yaşaya bilirlər. Çünki onlar onsuz da özlərini tanımadıqları üçün keçid mərhələsindədirlər və ailə yükünü, xüsusən bizim kimi cəmiyyətlərdə ailələrarası münasibətlər, gəlin-qaynana, elti və s. kimi münasibətlər şəbəkəsinə adaptasiya olmaqda çətinlik çəkirlər. Bunu daşıya bilməyən, onsuz da prosesə də hazır olmayan, bəzən zorla evləndirilən yeniyetmələr üçün bu prosesin nəticəsində əgər konfliktlər də yaşanırsa və boşanma ilə nəticələnərsə, o zaman nə baş verir? Təhsilini tamamlamayan və ya bir peşəyə yiyələnməyən gənclər bəzən övladları da dünyaya gələndə daha böyük çətinliklərlə qarşılaşırlar. Çünki özü uşağı ilə birlikdə böyüyən bir gəncin heç bir dəstək almadan uşağa qayğı göstərməsi, təmin etməsi və özünü bu həyata hazırlaması, bu həyatda qalması elə də asan bir məsələ kimi qarşımıza çıxmır. Bu mənada da əslində xüsusən bu dövrdə yeniyetmələrin (istər qız, istər oğlan olsun) xüsusilə qızları vurğulamaq istəyirəm ki, təhsilə yönəlməsi, bir peşə sahibi olması, bacarıqlarını inkişaf etdirməsi, özünün nə istədiyini, nə etmək istədiyini anlaması, daxili dünyasını kəşf etməsi kimi amillər həm cəmiyyət üçün, həm o şəxs üçün böyük əhəmiyyət daşıyır".
"Narahat, stressli ana ilə böyüyən övladın da sakit olmasını, həyatda bir yer tutmasını gözləmək çətinləşir"
Aydın məsələdir ki, evliliyə daha şüurlu yanaşan, məsuliyyətini dərk edən, buna daxilən hazır olan şəxsin dünyaya gətirəcəyi övladlar üçün də yaxşı bir model ola biləcəyini düşünə bilərik. Çünki ən azından şüurlu bir şəkildə evliliyə də yanaşır, eyni zamanda övlad yetişdirməyə də daha ciddi və məsuliyyətli bir iş olaraq yanaşır. Ən azından özünü tanıyır, uşaq haqqında məlumatları əldə edir, necə yanaşacağını, necə tərbiyə edəcəyi haqqında fikir formalaşır, münasibətlərini necə quracağını öyrənir və s.
Bütün bu faktlar əslində "evləndim, ailə qurdum, çıxıb getdim bu evdən" və yaxud "evlənsin, yükümüz azalsın" prizmasından daha çox başqa bir prizmadan baxmağımızı da gərəkdirir. Çünki həqiqətən burada ciddi problemlər var. Evlilik qurumu dağıldıqdan sonra nə edəcəyini bilməyən, həyata necə tutunacağını bilməyən, bəzən sığınacaqlarda mədət uman və övladları olan çarəsiz qadınlarımız var ki, onlar uşaqları ilə birlikdə emosional və sosial problemlərlə üz üzə qalırlar. Belə bir kütlə də təbii ki, həm şəxsin özünə zərər verməklə yanaşı, həm də əslində bir cəmiyyət üçün də ciddi problem olur. Aydın məsələdir ki, narahat, stressli ana ilə böyüyən övladın da sakit olmasını, həyatda bir yer tutmasını gözləmək çətinləşir. Çünki uşaq gərgin, narahat böyüyür, güvənli bir yerdə böyümür və s. Ona görə də mənəvi və fiziki cəhətdən kamilləşərək evliliyə addım atmaq əhəmiyyətlidir.
Ancaq bu o demək deyildir ki, məhz bu faktorlar evliliyin uğurlu olmasını təmin edəcək. Burada söhbət fiziki, zehni, psixi və sosial cəhətdən inkişaf etmiş bir şəxsin cəmiyyətə bir şəxsiyyət kimi atılmasından gedir. Məhz özünü tanıyan insan uğursuzluqları olsa belə necə hərəkət edəcəyini bilən, ətrafına və özünə az zərər verərək çıxış yolu tapa bilən şəxs kimi qarşımıza çıxacaqdır.
Buradan yola çıxsaq görürük ki, kiçik yaşda yeniyetmələrin evliliyi ciddi bir problemdir. Aydın məsələdir ki, həm psixoloji biliklərimizdən yola çıxdıqda, həm fizioloji cəhətdən baxdığımızda bu uyğun bir yol deyil. Fizioloji cəhətdən də, azyaşlı anaların doğum anında ölüm hallarının çox baş verməsi də müşahidə edilir. Çünki müəyyən bir fizioloji quruluşa malik olsa da, hələ bədən doğum prosesinə tam hazır bir vəziyyətdə olmur. Eyni zamanda, kiçik bir uşağın psixoloji cəhətdən də ana olmağa hazırlığı da açıqcası şübhəli bir sual kimi qarşımızda durur. Yəni özü uşaq olan bir şəxs necə analığa hazır ola bilər? Necə uşaq dünyaya gətirə bilər? Gətirsə belə bu prosesin nə qədər fərqindədir? Ana olmanın məsuliyyətini dərk edirmi? Bu mənada da bütün bu risklərin qarşısını almaq üçün xüsusən azyaşlı qızların evləndirilməsi doğru bir hal olaraq qiymətləndirilə bilməz.
Kiçik yaşlarında evləndirilmək istəyən xanımların psixoloqa müraciət etməsi az hallarda müşahidə olunan prosesdir. Təəssüf ki, qarşımıza "qohumlardan qızımı istəyən var, qızım evlənmək istəmir, amma oğlan yaxşı oğlandır, biz onun ailəsini istəyirik" deyən valideynlər çıxır ki, onlar bu məqsədlə psixoloqa müraciət edirlər və bir növ psixoloqu "ara düzəldən, vasitəçi" mövqeyində görə bilirlər. Yəni, "bu qızı başa salın, elə edin ki, bu qız ailə qurmaq istəsin. Nə olsun 15-16 yaşı var? Amma oğlan çox yaxşı oğlandır, həqiqətən ailə qurmasını istəyirik, siz kömək edin" deyən valideyn mövqeləri olur. Hər zaman uşaqların belə valideynlər ilə mücadilə etməsi heç də asan olmur. Bəzən bu prosesdə özünə zərər verən, evdən qaçan və ya tam tərsi, yalnış fəaliyyətlərə yönələn gəncləri də müşahidə edə bilirik".
Röyalə Xəyal