Azərbaycan artıq “orta güc dövləti”nə çevrilməsini təmin edib- ÖZƏL

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti baş tutacaq.  Sammitdə 17 ölkənin lideri iştirak edəcək. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin, İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Tədbirə BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT nümayəndələri də qatılacaqlar. Azərbaycan Respublikasının Prezident İlham Əliyev sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. 
Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu kifayət qədər artırıb: "Artıq elə bir regional və beynəlxalq tədbir yoxdur ki, Azərbaycan orada təmsil olunmasın. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə "orta güc dövləti"nə çevrilməsini təmin edib. Bu baxımdan, prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti kimi mötəbər sammitə dəvət olunmasını təsadüfi hesab etmək olmaz. Nəzərə alaq ki, Azərbaycan ŞƏT-in üzvü deyil, 2016-cı ildən təşkilatın dialoq tərəfdaşıdır. Buna baxmayaraq, Prezident İlham Əliyevin sammitə dəvət olunması Azərbaycanın Avrasiyada artan siyasi çəkisinin göstəricisi hesab edilə bilər. Dövlət Başçısının Özbəkistan səfərindən sonra Bişkekə getməsi Bakının Mərkəzi Asiya və Türk dünyası istiqamətində ardıcıl siyasət yürütdüyünün real göstəricisidir".

A.Hüseynli qeyd edib ki, genişləndirilmiş "ŞƏT Plus" formatında keçiriləcək görüşlərdə regional təhlükəsizlik, beynəlxalq hüquq, nəqliyyat dəhlizləri, ticarət və rəqəmsal əməkdaşlıq əsas müzakirə mövzuları olacaq. Sammitin sonunda ŞƏT-in 25 illiyinə həsr edilmiş Bişkek Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir: "Sammitdə Mərkəzi Asiya dövlət nümayəndələri ilə yanaşı, Azərbaycanla qonşu olan dövlətlərin liderləri də təmsil olunacaq. Azərbaycan üçün isə əsas mövzulardan biri Orta Dəhlizin inkişafı, Çin və Mərkəzi Asiyanı Xəzər üzərindən Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat xəttinin gücləndirilməsidir. Həmçinin, Şərq-Qərb və Şimali-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. Belə bir şəraitdə mümkündür ki, Çin, Rusiya, İran, Türkiyə, Ermənistan və digər ölkələrin liderləri ilə ölkəmizin maraqları dairəsində olan məslələr gündəmə gətirilsin.  Nəticə etibarilə, Bişkek sammiti Azərbaycan üçün effektiv tədbirlər sırasındadır. Dövlət başçısının bu səfərə qatılması Bakının həm Türk dünyası, həm Mərkəzi Asiya, həm də Avrasiyanın böyük güc mərkəzləri ilə münasibətlərinin inkişafına təkan verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31