Vərəmin erkən araşdırılması üçün hansı tədbirlər görülməlidir?- ÖZƏL
11:25 SosialYardımlı Rayon Mərkəzi Xəstəxanasında vərəmin erkən aşkarlanması ilə bağlı təlim keçirilib. Olaylar xəbər verir ki,
təlimin əsas məqsədi vərəmin erkən aşkarlanması, risk qruplarının vaxtında müəyyən edilərək müayinəyə cəlb olunması, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi ilə bağlı ilkin səhiyyə xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması olub.
Təlim Ağciyər Xəstəlikləri Mərkəzinin Lənkəran ixtisaslaşdırılmış poliklinikasının Lənkəran Ambulator şöbəsinin müdiri, həkim Abdullayev Elmar tərəfindən keçirilib. Təlimdə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacıları iştirak ediblər.
Təlimdən əvvəl Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələr haqqında videoçarx nümayiş etdirilib.
İştirakçılara vərəmin erkən aşkarlanması və ilkin səhiyyə xidmətinin bu istiqamətdə rolu barədə ətraflı məlumat verilib. Risk qruplarının vaxtında müayinəyə cəlb olunmasının, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsinin və pasiyentlərin ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ şəkildə yönləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin müalicəyə sadiqliyin artırılması, dərman vasitələrinin pasiyentlərə vaxtında və düzgün çatdırılması, eləcə də VOT - videonəzarətli müalicə xidmətindən səmərəli istifadənin əhəmiyyəti müzakirə olunub.
Bununla yanaşı, ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında koordinasiyanın gücləndirilməsinin vərəmin vaxtında aşkarlanmasına, pasiyentlərin düzgün yönləndirilməsinə və müalicənin effektivliyinin artırılmasına mühüm töhfə verdiyi bildirilib.