Kiprdə batan gəminin fəlakətdən 1 gün əvvəlki görüntüsü: Sərnişinlərin qışqırıqları eşidilir

Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına yola düşən və Aralıq dənizində batan "FiloJet" adlı katamaran tipli sərnişin gəmisinin qəzadan bir gün əvvəl çəkilmiş görüntüləri üzə çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlərdən birinin mobil telefonu ilə lentə aldığı bildirilən kadrlarda gəminin əlverişsiz hava şəraitində hərəkəti əks olunub.

Yağışlı və fırtınalı havada çəkilən videoda nəhəng dalğaların arasında irəliləyən gəminin yüksək sürətlə hərəkət etdiyi görünür. Sərnişinlərin qorxu içində qışqırması isə səfərin nə qədər gərgin keçdiyini nümayiş etdirir.

Hadisədən sonra məlum olub ki, "FiloJet" Girnə limanından ayrıldıqdan az sonra burnundan su almağa başlayıb. Ekipaj gəmini limana geri qaytarmağa çalışsa da, gəmi Girnə sahilləri yaxınlığında aşıb.

Qəza nəticəsində 8 nəfərin öldüyü, 241 sərnişinin isə xilas edildiyi bildirilir. Daha 20 nəfərin itkin düşdüyü və onların axtarışlarının davam etdiyi qeyd olunur.

Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb.

Hazırda itkin düşən sərnişinlərin müəyyənləşdirilməsi və tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31