ÇOBAN MƏSULİYYƏTİ, AYDIN NARAHATLIĞI…
12:13 SosialYaxud düşüncənin vətəndaşlıq öhdəliyi
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın yeni kitabı gün üzü görüb, adı - "Çoban məsuliyyəti". Yeni kitabın adı həm məzmuna açılan qapı, həm də oxucunun düşüncəsinə atılan daş kimidir... Bu adda bir ictimai ironiya, bir mənəvi müqayisə, bir də ünvanı geniş olan sual var: məsuliyyət daşımalı olanlar məsuliyyətin fərqindəmi?..
Çobanlıq bizim milli-mədəni yaddaşımızda bir peşə adı olmaqda çoxdan çıxıb; çoban əmanətə göz-qulaq olan, təhlükəni öncədən duyan, gecənin qaranlığında, dağın-dərənin kimsəsizliyində öz öhdəliyi ilə baş-başa qalan adamdır. Onun məsuliyyəti - vəzifə təlimatından, təntənəli tanıtımdan, ictimai nüfuzdan gəlmir - gördüyü işin mahiyyətindən doğur. Yaxşı, bəs aydının məsuliyyəti?.. - Millət vəkilinin özünün 31-ci kitabına məhz "Çoban məsuliyyəti" adını verməsi, aydınlıq iddiası ilə aydınlıq əməli aralığına diqqət çəkmək istəyindən irəli gəlir. Özünü aydın saymaqla cəmiyyətin aydınlanmasına xidmət etmək ayrı-ayrı olaylar olmalı. Birincisi ad-san məsələsi də ola bilər, ikincisi isə düşüncə, xarakter və əməl məsələsidir.
Kitabın səkkiz bölməsini bir-birinə bağlayan düşüncə damarlarından biri tarixə münasibətdir. Müəllif tarixi yalnız qürur duyulası, yaxud təəssüf ediləsi hadisələr toplusu kimi işləmir - "Çoban məsuliyyəti"ndə tarixin çağdaş dövlətçilik düşüncəsinin sınaq meydanı kimi işləndiyini görürük. Yazıların bir xeylisinin adı belə müəllifin tarixlə rahat, könlüxoş söhbətə hazırlaşmadığını, mübahisəli bir görüşün peşində olduğunu göstərir. Bəli, tariximiz bizimdir, ancaq tarixdə baş vermiş hər şey bizim üçün örnəkdirmi? - Keçmişin böyüklüyü gələcəyin doğruluğuna öz-özlüyündə təminat verirmi? Tarixi mirasa yiyə durmaq onun bütün ideoloji, siyasi və idarəçilik özəlliklərini çağdaş həyata daşımaq anlamına gəlməməlidir. - Müəllifin əsas tezisi budur.
Fazil Mustafanın dövlətçilik düşüncəsində Azərbaycan Xalq Cümhuriyyətinə, onun ideya qaynaqlarına, XIX yüzil maarifçiliyinə özəl yer ayırması təsadüfi deyil. Mirzə Fətəlidən Həsən bəy Zərdabiyə, Əhməd bəy Ağaoğlundan Məhəmməd Əmin Rəsulzadəyə uzanan fikir yolu milli dövlətin öncə düşüncədə, sonra siyasi gerçəklikdə qurulması tarixidir. Burada başqa bir məsələ də var: tarixi irsi çağdaş dövlətçilik meyarları ilə dəyərləndirmək nə qədər vacibdirsə, hər tarixi hadisəni öz çağının şərtləri içində anlamaq da bir o qədər önəmlidir. Əks halda, keçmişi ideallaşdırmaqdan uzaqlaşarkən onu birtərəfli mühakimə etmək təhlükəsi ilə üzləşə bilərik. Kitabın bəzi tezisləri bu baxımdan tarixçilərlə, siyasi fikir adamları ilə ayrıca diskussiya mövzusu ola bilər. Bu isə əsərin problematikasının genişliyindən xəbər verir.
Bəs Zəfərin düşüncə məsuliyyəti nədən ibarətdir? - Bəli, Qarabağ Zəfəri yalnız xəritəmizdəki ədalətsizliyi aradan qaldırmadı; o, milli psixologiyamızda da yeni bir dönəm başlatdı. İndi önümüzdə duran məsələlərdən biri qalib dövlətin vətəndaşı olmaqla qalib düşüncənin daşıyıcısı olmaq aralığını qısaltmaqdır. "Qələbəsevərlərlə matəmsevərlərin fərqi", "Zəfərə layiq azərbaycanlı", "Matəmdən anıma doğru" kimi yazılar bu yöndə düşünmək üçün yetərincə material verir. Yəni yaddaşla yaşamaq başqa, yaddaşın əsirinə çevrilmək başqadır. Tarixi faciələrimizi unutmamalıyıq, ancaq gələcəyimizi də yalnız faciələrimizin dili ilə də qurmamalıyıq. Zəfər bizə yeni bir siyasi-mənəvi sözlük qazandırıbsa, oradakı sözlər davranışımızda, təhsilimizdə, mədəniyyətimizdə, gündəlik ictimai münasibətlərimizdə də öz qarşılığını tapmalıdır.
Vətəni qorumaq sınır qoruculuğu ilə bitmir; Vətənin hüququnu, dilini, düşüncə müstəqilliyini, insanının ləyaqətini qorumaq da vətəncanlılığın tərkib hissəsidir. Zəfərə layiq olmaq Zəfərlə öyünməkdən daha çətin, daha uzunömürlü vəzifədir.
Kitabın ən işlək anlayışlarından biri "məsuliyyət həmrəyliyi"dir. Həmrəyliyin yalnız duyğu, çağırış, birgə səsləndirilən şüar səviyyəsində qalmayıb, ictimai öhdəliyə çevrilməsi çağdaş vətəndaş cəmiyyətinin başlıca şərtlərindəndir. "Düşünməkdən imtina", "Küyə gedənlər", "Mirzə Fətəlinin gülüşü", "Çağdaşlıq - bilgili davranışdır" kimi yazılarda müəllifin maarifçilik narahatlığı daha qabarıq görünür.
Bizim çağdaşlıqla bağlı təsəvvürümüzdə bəzən çölləmə (zahiri) yenilik məzmun yeniliyini üstələyir. Çağdaş texnologiyadan istifadə edən adamın düşüncəsi yüzillər öncənin qəliblərində qala bilir. Dünyanın ən yeni bilgi vasitələrinə əlçatanlıq hələ bilgili davranışa yiyələnmək anlamına gəlmir. Bax, Fazil Mustafanın publisistikasında da bu təzada qarşı davamlı bir etiraz var. Ancaq maarifçilik də yalnız cəhaləti göstərmək, onu kəskin ifadələrlə tənqid etməklə olmur; maarifçinin qarşısında anlamayanı anlamaq, inandırmaq, düşüncənin dəyişə biləcəyi yolları aramaq vəzifəsi də dayanır. Necə deyərlər, polemikanın hərarəti bu vəzifənin önünə keçməsin gərək.
Fazil Mustafanın kəskin mühakimələri oxucunu düşünməyə vadar etdiyi kimi, ayrı-ayrı hallarda müəllifin öz mühakimələri ilə də mübahisəyə sövq edir. - Oxucu müəlliflə birgə düşünə, müəllifdən fərqli düşünə, hətta müəllifə qarşı düşünə bilməlidir. - Elə bunu düşüncə kitabının taleyi də saymaq olar.
Düşüncəyə, düşüncə məsuliyyətinə vurğu etmişkən, dilin, sözün və mədəniyyətin məsuliyyətinə toxunmadan keçməyək. - "Dilimiz - dilçəyimiz" və "Mədəniyyətimiz və milliliyimiz" bölmələri kitabın siyasi-fəlsəfi problematikasına kulturoloji dərinlik gətirir: "Dilimizi pis danışanlar və yaxşı susanlar", "Ana dili qoruyucuları", "Ədəbi zövqün Mövludu", "Sözü mükəmməl tutanlar", "Üzeyir bəyin ovcundakı ayaqqabı", "Mirzə Cəlilin kamançası", "Kitabın məscidi"... - Bu adların özündə müəllifin publisistik obraz yaratmaq bacarığı ilə yanaşı, mədəniyyət hadisələrini ictimai düşüncə hadisəsinə çevirmək istəyi də duyulur.
Dil milli varlığımızın ifadə vasitəsi olmaqdan savayı, həm də düşüncə yurdumuzdur. Dilin kasadlaşması düşüncənin imkanlarını, düşüncənin kasadlaşması isə dilin işləkliyini məhdudlaşdırır. Ona görə ana dilinə sayğı yalnız onun saflığını qorumaqla bitmir; ölçü-ülgümüz özünü dilin elmi, fəlsəfi, hüquqi, estetik ifadə imkanlarını genişləndirməklə göstərir.
Mədəniyyətə münasibətdə də oxşar bir məsələ ilə üz-üzəyik: milli mədəniyyəti yalnız qorunmalı miras kimi görsək, onun yaradıcı mahiyyətini kölgədə qoymuş olarıq. Mədəniyyət həm bizə qalan, həm də bizim yaratdığımız dəyərdir. Ənənəni yaşatmaq lazımsa, biz onun təkrarçısı olmayacağıq - ənənənin içində yeni söz deməyi bacarmaq əzmimiz olmazsa olmaz.
Kitabın daha çox mübahisə doğura biləcək bölmələrindən biri "Bütövlük xəstəliyi"dir.
"Yarımçıq 'bütövçülər'...", "Güllü-gülüstan məsələsi", "Biz və İran", "Çoban məsuliyyəti" yazılarında müəllif tarixi dövlətçilik irsinə, siyasi kimliyə, bütövlük düşüncəsinə çağdaş milli dövlətin maraqları baxımından yanaşır. Bu mövzuda müəlliflə bütün məqamlarda eyni qənaəti bölüşməyə gərək yoxdur. Milli bütövlük anlayışının siyasi-coğrafi məzmunu ilə etnomədəni, dil və mənəvi məzmunu arasında fərqlər olduğu kimi, üzvi bağlar da var. Bu bağların hər birini öz təbiətinə uyğun dəyərləndirmək gərəkdir.
Milli dövlətimizin hüquqi-siyasi varlığı ilə milli mədəniyyətimizin coğrafiyası eyni ölçüyə gəlmir. Azərbaycan türkcəsinin, Azərbaycan mədəniyyətinin, ortaq tarixi yaddaşımızın yayılma arealı dövlət sınırlarımızdan genişdir. Gerçəkliklə çağdaş dövlətçilik məsuliyyəti arasında təzad yaratmaqdansa, onların sağlam münasibətini müəyyənləşdirmək daha vacibdir. Fazil Mustafanın irəli sürdüyü tezislər bu məsələlərə yenidən baxmaq, milli romantizmlə siyasi realizmin, tarixi duyğu ilə hüquqi-siyasi gerçəkliyin münasibətləri üzərində düşünmək üçün əsas verir.
İndi isə gəlin kitabın içində irəliləyərək, inancın ləyaqəti, dünyəviliyin hüququ üzərinə düşüncələrə bir göz ataq. Budur, "Ümmətçi dinimiz və milli cəhalətimiz" bölməsində müəllifin uzun illərdir ictimai müzakirələrə gətirdiyi din, əxlaq, dünyəvilik, vicdan azadlığı və dini maarifçilik məsələləri yer alır. - "Möminlərin inancı", "Bayrağımızdakı İslam", "İslam və əxlaq barədə", "Cəhalət dəllallığı" kimi yazılarda inancın mənəvi mahiyyəti ilə dinin siyasi-ideoloji vasitəyə çevrilməsi arasında fərq qoyulur.
Dünyəviliyin inancsızlıq olmadığı bəllidir. Dünyəvi dövlət insanın inanmaq, inanmamaq, inancını dəyişmək, vicdanına uyğun yaşamaq hüququnun təminatçısı olmalıdır. İnancın ləyaqəti də onun zordan, siyasi qazancdan uzaq tutulmasındadır.
Dini cəhalətlə mübarizə apararkən inanc yiyəsinin ləyaqətini qorumaq, dünyəviliyi müdafiə edərkən vicdan azadlığının bütövlüyünü gözləmək maarifçi düşüncənin öz (xas!) məsuliyyətidir. - Hüquqla məsuliyyətin, azadlıqla mənəvi öhdəliyin bir-birini tamamlamadığı yerdə sağlam ictimai münasibətlərdən danışmaq çətindir.
Akademik monoqrafiya olmayan "Çoban məsuliyyəti" müxtəlif vaxtlarda, müxtəlif ictimai hadisələrin doğurduğu düşüncələr əsasında qələmə alınmış siyasi-fəlsəfi esselərin, analitik və polemik yazıların toplusudur.
Bu janr özəlliyi müəllifə çevik mühakimə yürütmək, obrazlı ümumiləşdirmələr aparmaq, güncəl məsələlərə vaxtında münasibət bildirmək imkanı verir. Bununla belə, ayrı-ayrı publisistik qənaətlərin nəzəri əsaslandırılmasının genişləndirilməsi, alternativ yanaşmalarla müqayisəsi əsərin elmi-fəlsəfi çəkisini daha da artıra bilərdi.
Kitabın önündə yer alan "Qranulalar" - seçmə düşüncələr də müəllifin aforistik ifadəyə, fikri yığcam, yadda qalan biçimdə söyləməyə meylinin göstəricisidir. Aforizmin gücü fikri oyatmasındadır; onun yaratdığı risk isə mürəkkəb gerçəkliyin bəzən bir cümlənin hökmünə sığışdırılmasıdır.
Fazil Mustafanın "Düşünürüksə, varıq!", "Sağlam düşüncə alternativi", "Düşünənlər və düşündürənlər", "Cəhalət kolonu", "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" kimi öncəki kitabları ilə yeni nəşri arasında ideya bağlılığı var. "Çoban məsuliyyəti" həmin düşüncə yolunun növbəti dayanacağıdır. Bu yolun özəlliyi müəllifin ictimai hadisələr qarşısında seyrçi qalmamasında, bəzən geniş yayılmış qənaətlərin əksinə getməkdən çəkinməməsindədir. Əlbəttə, düşüncə müstəqilliyi müəllifin olduğu qədər oxucunun da haqqıdır; bu haqq tanınmasaydı nə sağlam polemikadan, nə də gerçək maarifçilikdən danışmaq olardı.
Müstəqilliyin öz tarixi olduğu kimi, müstəqil düşüncənin də öz tarixi var. Bu iki tarixin bir-birini tamamlaması milli dövlətin gələcəyi baxımından son dərəcə önəmlidir. Dövlətin sınırlarını qorumaqla yanaşı, düşüncənin üfüqlərini genişləndirmək; milli kimliyi yaşatmaqla yanaşı, milli özünütənqid mədəniyyətini inkişaf etdirmək; hüquqlarımızı bilmək qədər məsuliyyətlərimizi də bilmək... - "Çoban məsuliyyəti"nin doğurduğu başlıca düşüncələr, məncə, bu yöndədir.
Çoban - əmanətin, aydın - həqiqət axtarışının, vətəndaş isə ortaq gələcəyin məsuliyyətini daşıyır. Bu məsuliyyətlərin qovuşduğu yer Vətəndir! Vətən isə yalnız bizə əmanət edilmiş torpaqdan, milli varlıqlardan ibarət olmayıb, həm də bizdən sonrakılara əmanət edəcəyimiz düşüncə, hüquq və ləyaqət məkanıdır...
Əkbər QOŞALI,
Tural İRFAN