Avropa İttifaqı ABŞ-dən müdafiə asılılığını azaltmaq üçün on milyardlarla avro ayıracaq – ÖZƏL
12:10 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) müdafiə məsələlərində ABŞ-dən asılılığını azaltmaq və hərbi potensialını gücləndirmək məqsədilə kredit və qrantlar şəklində əlavə on milyardlarla avro ayırmağa hazırlaşır. "Bloomberg" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, söhbət genişmiqyaslı münaqişələrin aparılması üçün zəruri olan texniki və logistik imkanların yaradılmasından gedir.
Maliyyələşdirmənin dəqiq məbləği hələlik müəyyən edilməyib və proqramın yekun konturları Aİ ölkələri və NATO ilə müzakirələrdən, həmçinin ABŞ-nin Avropada saxlayacağı hərbi qüvvələrin həcmindən asılı olacaq. 2027-ci ilin ikinci yarısından qüvvəyə minəcək yeni proqramın vəsaitləri, o cümlədən 2028-2034-cü illər üçün nəzərdə tutulan uzunmüddətli büdcə (MFF) hesabına formalaşacaq. Bu təşəbbüs 150 milyard avro büdcəsi olan, lakin 21 milyard avrosu istifadəsiz qalan SAFE müdafiə mexanizmini əvəz edəcək. Yeni büdcədə müdafiəyə 130 milyard avro ayrılması və bunun yarısının raketdən müdafiə, hava hücumundan müdafiə və kəşfiyyat kimi strateji sahələrə yönəldilməsi gözlənilir.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Mertz noyabrın 27-nə keçən gecə Brüssel sammitində Aİ liderlərinin 2028-2034-cü illər üçün uzunmüddətli büdcəni razılaşdıra bilmədiyini açıqlayıb. Məsələyə yenidən 17-18 dekabr sammitində baxılacaq. Avropa Şurasının rəhbəri Antoniu Koşta isə təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin 232% artırılmasının nəzərdə tutulduğunu bildirib.