Ermənistan – Moskvanın regional mövqeyi dəyişir- ÖZƏL
12:18 SiyasətNikol Paşinyan yaxın illərdə Ermənistan sərhədlərinin mühafizəsinin tamamilə milli qüvvələrə həvalə olunacağını bildirib. Bu, Rusiyadan təhlükəsizlik asılılığının azaldılması istiqamətində növbəti siyasi addımdır. İrəvan üçün real müstəqilliyin mühüm şərtlərindən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır.
Avropa - siyasi həmrəylik maliyyə sınağında:
Avropa İttifaqının Ukraynaya 45 milyard avroluq kredit ayırmaq təşəbbüsü fikir ayrılıqları ilə üzləşib. Bolqarıstan yalnız mülki məqsədlər üçün maliyyələşməni dəstəkləyir. Müharibə uzandıqca Avropada siyasi həmrəyliklə milli iqtisadi maraqlar arasındakı ziddiyyətlər dərinləşir.
İran-Küveyt - qarşıdurmanın genişlənməsi riski:
Küveytdə iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən hücum diplomatik gərginliyi artırıb. Küveyt İranı ittiham edir, Tehran isə məsuliyyəti rədd edir. Hadisənin mənşəyi tam müəyyənləşməsə də, üçüncü dövlətlərin qarşıdurmaya cəlb olunması riski artır.
Rusiya - texnoloji suverenlik axtarışı:
Vladimir Putin süni intellekt üzrə milli strategiyanın yenilənməsini təklif edib. Moskva xarici texnologiyalardan asılılığını azaltmağa çalışır. Müasir geosiyasi rəqabətdə dövlətlərin gücü artıq yalnız hərbi və enerji potensialı ilə deyil, texnoloji müstəqilliyi ilə də ölçülür.Yəni yeni çağırışlar hamını bu sahədə səfərbər olmağa səsləyir.
Qlobal ticarət - alternativ dəhlizlərin aktuallığı:
BMT-nin yeni qiymətləndirməsinə görə, 2026-cı ildə dünya dəniz ticarətində artım gözlənilmir. Hörmüz boğazı, Qırmızı dəniz, Qara dəniz və Panama kanalındakı problemlər alternativ marşrutlara ehtiyacı artırır. Bu reallıq Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyini daha da aktuallaşdırır.
Günün əsas tezisləri
- Qonşularla normal münasibətlər milli təhlükəsizliyin mühüm təminatıdır.
- Texnoloji müstəqillik siyasi suverenliyin yeni komponentinə çevrilir.
- Nəqliyyat coğrafiyasının dəyişməsi geosiyasi imkanların yenidən bölüşdürülməsi deməkdir.
Vüqar İskəndərov
Milli Məclisin deputatı