Müflis olan şirkətlərin ləğvi qaydası dəyişir – 10 günlük müddət müəyyən edilir
12:24 SosialMüflis olması nəticəsində ləğv edilən hüquqi şəxslərlə bağlı sənədlərin təqdim edilməsi qaydasına dəyişiklik edilməsi təklif olunur. "Olaylar" xəbər verir ki, parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan məsələyə görə, Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif olunur. Qanun layihəsinə əsasən, hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı məhkəmənin qurumun ləğv edilməsi barədə qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində müvafiq sənədləri təqdim etməlidir.
Təqdim ediləcək sənədlər sırasına hüquqi şəxsin qüvvədə olan əmək müqaviləsinin olmamasına dair informasiya sistemi çıxarışı da əlavə edilir.
Bundan başqa, qeydiyyat şəhadətnaməsinin və nizamnamənin (əsasnamənin) əsli, qanunla nəzərdə tutulmuş digər sənədlər və səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı da müvafiq quruma təqdim edilməlidir.
Layihədə üzərində "iflas prosesində olan" yazılmış möhürün də sənədlərlə birlikdə təqdim edilməsi nəzərdə tutulur.
Dəyişiklik müflis olmuş hüquqi şəxslərin ləğvi prosesində sənədləşmə prosedurunun və əmək münasibətlərinin yoxlanılması mexanizminin dəqiqləşdirilməsinə yönəlib.