Orta Dəhliz və TRİPP layihələrinin regional ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi inkişaf prioritetləri kontekstində rolu- ÖZƏL
12:51 SiyasətAzərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin möhkəmləndirilməsi ölkənin əlverişli coğrafi-strateji mövqeyi, tranzit potensialı və regional nəqliyyat-kommunikasiya şəbəkələrinin kəsişməsində yerləşməsi ilə bilavasitə əlaqədardır. Cənubi Qafqaz regionunda, Avropa və Asiya qitələrini birləşdirən mühüm geostrateji məkanda yerləşən Azərbaycan beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafı baxımından geniş imkanlara malikdir. Xəzər dənizinə birbaşa çıxışın mövcudluğu, müasir dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunun formalaşdırılması, dəniz nəqliyyatı və liman təsərrüfatının inkişafı, eləcə də ölkənin beynəlxalq və regional nəqliyyat layihələrində fəal iştirakı Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrilməsi üçün əlverişli iqtisadi və institusional zəmin yaratmışdır.
Lakin mövcud tranzit potensialının reallaşdırılması yalnız beynəlxalq yükdaşımaların həcminin artırılması və logistika xidmətlərinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, istehsal və ticarət əlaqələrinin inkişafı, habelə milli iqtisadiyyatın beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Orta Dəhliz və TRİPP (Trump Route for International Peace and Prosperity) layihələri Azərbaycanın regional və beynəlxalq nəqliyyat strategiyasının prioritet istiqamətləri kimi xüsusi aktuallıq kəsb edir.
Orta Dəhliz Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında multimodal yükdaşımaları təmin edən beynəlxalq nəqliyyat marşrutu kimi Azərbaycanın beynəlxalq logistika sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu marşrutun inkişafı ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində iştirakının genişləndirilməsinə, tranzit marşrutlarının şaxələndirilməsinə, regional və qitələrarası ticarət əlaqələrinin intensivləşdirilməsinə, eləcə də nəqliyyat-logistika xidmətlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə şərait yaradır. Beləliklə, Orta Dəhlizin inkişafı yalnız tranzit yük axınlarının artırılmasına deyil, həm də Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində rolunun genişləndirilməsinə xidmət edir.
Orta Dəhlizin iqtisadi səmərəliliyinin artırılması dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsini, sərhəd-keçid prosedurlarının sadələşdirilməsini, gömrük əməliyyatlarının optimallaşdırılmasını və regional investisiya əməkdaşlığının genişləndirilməsini zəruri edir. Eyni zamanda, iştirakçı ölkələrin ixrac potensialının artırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir. Qeyd olunan tədbirlərin həyata keçirilməsi Azərbaycanın tranzit xidmətləri bazarında iştirak imkanlarını genişləndirə, logistika əməliyyatlarının səmərəliliyini yüksəldə və ölkənin regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər.
Digər tərəfdən, TRİPP layihəsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın cənubundan keçməklə nəqliyyat bağlantısının yaradılmasını və bu marşrutun daha geniş beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinə inteqrasiyasını nəzərdə tutur. Layihənin iqtisadi mahiyyəti yalnız nəqliyyat infrastrukturunun formalaşdırılması ilə məhdudlaşmır. Onun reallaşdırılması regional ticarət dövriyyəsinin genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması, sərhəd-keçid və gömrük prosedurlarının təkmilləşdirilməsi, həmçinin region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından potensial imkanlar formalaşdırır. Bu xüsusiyyətlər TRİPP layihəsini yalnız nəqliyyat bağlantısı deyil, eyni zamanda, regional iqtisadi inteqrasiyaya təsir göstərə biləcək mühüm kommunikasiya təşəbbüsü kimi səciyyələndirməyə imkan verir.
TRİPP layihəsinin əsas iqtisadi prioritetlərindən biri Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasıdır. Belə bağlantının formalaşdırılması ölkədaxili iqtisadi və logistika əlaqələrinin inkişafı, nəqliyyat xərclərinin optimallaşdırılması və regionlararası iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması Azərbaycan, Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət münasibətlərinin inkişafı və regional əməkdaşlıq üçün əlavə imkanlar yarada bilər. Dəmir yolu və avtomobil yolları ilə yanaşı, logistika terminallarının, yükdaşıma və sərhəd-keçid infrastrukturunun inkişaf etdirilməsi regional tranzit yük axınlarının artırılmasına və nəqliyyat əməliyyatlarının səmərəliliyinin yüksəldilməsinə şərait yarada bilər.
TRİPP layihəsinin regional əhəmiyyəti yalnız Azərbaycanın iqtisadi və nəqliyyat maraqları ilə məhdudlaşmır. Layihənin həyata keçirilməsi Cənubi Qafqaz ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından da potensial əhəmiyyət kəsb edir. Cənubi Qafqazın Avropa və Asiya arasında strateji coğrafi mövqedə yerləşməsi, beynəlxalq ticarət marşrutlarının kəsişməsində qərarlaşması və mövcud təbii-iqtisadi resursları regionun beynəlxalq nəqliyyat-logistika sistemində mühüm iştirakçıya çevrilməsi üçün əlverişli zəmin yaradır. Bununla belə, regionda uzun müddət davam etmiş münaqişələr, siyasi gərginliklər, qarşılıqlı etimadın məhdudluğu və nəqliyyat-kommunikasiya əlaqələrinin qeyri-kafi inkişafı mövcud iqtisadi və tranzit potensialından tam istifadə edilməsinə mane olan əsas amillər sırasında yer almışdır.
Bu baxımdan, regional nəqliyyat layihələrinin inkişafı yalnız infrastruktur imkanlarının genişləndirilməsi deyil, həm də iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, regional ticarət əlaqələrinin intensivləşdirilməsi və Cənubi Qafqazın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. TRİPP layihəsinin perspektivləri onun texniki və infrastruktur imkanları ilə yanaşı, regional siyasi sabitlikdən, iştirakçı tərəflər arasında əldə ediləcək razılaşmalardan, iqtisadi maraqların uzlaşdırılmasından və nəqliyyat bağlantılarının qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf etdirilməsindən də asılıdır.
Cənubi Qafqaz ölkələrinin iqtisadi potensialı, resurs imkanları və nəqliyyat-logistika infrastrukturu fərqli xüsusiyyətlərə malik olsa da, bu imkanlar bir sıra istiqamətlər üzrə qarşılıqlı tamamlayıcı xarakter daşıyır. Azərbaycan zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və tranzit imkanları ilə regionun iqtisadi sistemində mühüm mövqeyə sahibdir. Ermənistanın coğrafi mövqeyi və potensial regional nəqliyyat bağlantıları onun beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq proseslərinə inteqrasiyası üçün imkanlar yaradır. Gürcüstan isə Qara dənizə birbaşa çıxışı, liman infrastrukturu və formalaşmış tranzit-nəqliyyat sistemi vasitəsilə Cənubi Qafqazın beynəlxalq ticarət və logistika əlaqələrində mühüm funksiyanı yerinə yetirir.
Bu baxımdan, TRİPP layihəsi region ölkələrinin mövcud iqtisadi və tranzit potensialından qarşılıqlı fayda prinsipi əsasında istifadə edilməsi, dövlətlər arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılması üçün əlavə imkanlar yarada bilər. Nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı yalnız tranzit yükdaşımalarının həcminin artması ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, qarşılıqlı ticarət dövriyyəsinin yüksəldilməsi, sahibkarlıq subyektləri arasında yeni tərəfdaşlıq münasibətlərinin qurulması, istehsal və xidmət sektorlarında kooperasiya əlaqələrinin genişləndirilməsi baxımından da mühüm iqtisadi nəticələrə səbəb ola bilər.
TRİPP layihəsinin potensial iqtisadi təsir istiqamətlərindən biri kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması və sahibkarlıq subyektlərinin yeni regional və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsidir. Nəqliyyat bağlantılarının inkişafı və logistika xərclərinin optimallaşdırılması yerli istehsalçıların məhsullarını daha geniş bazarlara çıxarmasına, təchizat zəncirlərində iştirak imkanlarının artırılmasına və iqtisadi fəaliyyət coğrafiyasının genişləndirilməsinə şərait yarada bilər. Xüsusilə kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, sənaye istehsalı, ticarət, logistika, turizm və digər xidmət sahələrində yeni investisiya və sahibkarlıq imkanlarının formalaşması üçün əlverişli zəmin yarana bilər.
Nəqliyyat marşrutu boyunca logistika terminallarının, yükdaşıma və çeşidləmə mərkəzlərinin, gömrük və ticarət komplekslərinin yaradılması yerli və xarici investorlar üçün yeni investisiya imkanları formalaşdıra bilər. Bununla yanaşı, marşrut boyunca fəaliyyət göstərən restoranlar, mehmanxanalar, avtomobil təmiri məntəqələri, yanacaqdoldurma stansiyaları və digər xidmət müəssisələri tranzit axınlarının genişlənməsi hesabına müştəri bazalarını artırmaq və fəaliyyət miqyaslarını genişləndirmək imkanları əldə edə bilərlər. Bu baxımdan, layihənin iqtisadi səmərəliliyi yalnız iri infrastruktur və nəqliyyat şirkətlərinin fəaliyyəti ilə məhdudlaşmamalı, yerli sahibkarlıq subyektlərinin də regional iqtisadi proseslərə fəal cəlb edilməsini əhatə etməlidir. Belə yanaşma məşğulluğun artırılmasına, regionlarda iqtisadi fəallığın yüksəldilməsinə və iqtisadi artımın nəticələrindən daha geniş əhali qruplarının faydalanmasına töhfə verə bilər.
Bununla yanaşı, TRİPP layihəsinin uzunmüddətli iqtisadi nəticələri formalaşdırılan nəqliyyat və logistika imkanlarından yerli sahibkarlıq subyektlərinin, kiçik və orta biznes müəssisələrinin, istehsal və xidmət sektorunun nə dərəcədə faydalana bilməsi ilə də müəyyən olunmalıdır. Xüsusilə yerli şirkətlərin beynəlxalq təchizat zəncirlərinə inteqrasiyası, məhsul və xidmətlərini yeni regional və beynəlxalq bazarlara çıxarması, xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq əlaqələri qurması və yaranan investisiya imkanlarından səmərəli istifadə etməsi xüsusi əhəmiyyət kəsb edir. Bu proseslərin inkişafı yerli iqtisadi fəallığın yüksəldilməsinə, rəqabətqabiliyyətli müəssisələrin formalaşmasına və regionlarda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına əlverişli şərait yarada bilər. Beləliklə, layihənin iqtisadi uğuru yalnız yaradılacaq infrastrukturun miqyası və tranzit yükdaşımalarının həcmi ilə deyil, həm də yeni biznes imkanları, iqtisadi əməkdaşlıq əlaqələri, məşğulluq səviyyəsi və əhalinin sosial-iqtisadi rifahına göstərəcəyi təsirlərlə kompleks şəkildə qiymətləndirilməlidir.
TRİPP layihəsinin digər mühüm texnoloji istiqamətlərindən biri nəqliyyat-kommunikasiya infrastrukturunun rəqəmsallaşdırılması və fiber-optik kabel sistemlərinin tətbiqi ilə əlaqədardır. Bu infrastrukturun yaradılması yalnız yüksək sürətli internet və telekommunikasiya xidmətlərinin təmin edilməsi baxımından deyil, həm də nəqliyyat əməliyyatlarının, enerji sistemlərinin və təhlükəsizlik mexanizmlərinin rəqəmsal idarə olunması baxımından əhəmiyyət daşıyır. Fiber-optik kabel şəbəkəsinin inkişafı region ölkələrinin telekommunikasiya infrastrukturları arasında bağlantı imkanlarının genişləndirilməsinə, məlumatların ötürülmə sürətinin və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, eləcə də beynəlxalq informasiya mübadiləsi üçün əlavə texniki imkanların formalaşdırılmasına şərait yarada bilər. Bununla yanaşı, rəqəmsal infrastrukturun genişləndirilməsi elektron ticarət, rəqəmsal logistika, maliyyə xidmətləri və digər informasiya texnologiyalarına əsaslanan iqtisadi fəaliyyət sahələrinin inkişafını stimullaşdıra bilər. Beləliklə, fiber-optik kabel sistemlərinin tətbiqi TRİPP layihəsinin nəqliyyat funksiyası ilə yanaşı, regional rəqəmsal bağlantı və kommunikasiya imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətini artırır.
Orta Dəhliz və TRİPP layihələrinin qarşılıqlı tamamlayıcı prinsiplər əsasında inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin möhkəmləndirilməsi üçün mühüm strateji imkanlar yaradır. Orta Dəhliz Azərbaycanın Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında tranzit əlaqələrində iştirakını genişləndirdiyi halda, TRİPP layihəsi ölkənin əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması və bu əlaqənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyası baxımından əhəmiyyət daşıyır. Bu layihələrin əlaqələndirilmiş şəkildə inkişafı tranzit marşrutlarının şaxələndirilməsinə, nəqliyyat-logistika infrastrukturunun iqtisadi səmərəliliyinin artırılmasına və Azərbaycanın regional iqtisadi proseslərdə iştirakının dərinləşdirilməsinə şərait yarada bilər.
Nəticə etibarilə, Orta Dəhliz və TRİPP layihələrinin inkişafı Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artırılması və nəqliyyat imkanlarının genişləndirilməsi vasitəsi deyil, həm də ixrac potensialının reallaşdırılması, qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyətə malikdir. Eyni zamanda, bu təşəbbüslərin səmərəli və qarşılıqlı faydalılıq prinsipləri əsasında həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, regional ticarət və əməkdaşlıq əlaqələrinin inkişafına, eləcə də regionun Şərq və Qərb arasında mühüm nəqliyyat, ticarət və rəqəmsal kommunikasiya məkanına çevrilməsinə töhfə verə bilər.
İqtisad elmləri üzrə fəlsəfə doktoru
Fuad Bədirov