Zəngəzur dəhlizi ABŞ-Türk inteqrasiyasının əsas halqasına çevrilir- ÖZƏL
16:11 Siyasət" Məlum olduğu kimi ABŞ-ın vasitəçiliyi ilə irəli sürülən TRIPP layihəsi Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsini kökündən dəyişdirmək potensialına malikdir. Ermənistanın özünə aid 26 faizlik payın 5 faizini Mərkəzi Asiya ölkələrinə, Qazaxıstan və Qırğızıstana təklif etməsi, eləcə də dəmir yollarının idarəçiliyini Qazaxıstana vermək təşəbbüsü Zəngəzur dəhlizini sadəcə regional deyil, qlobal bir layihəyə çevirir. Qazaxıstan və Qırğızıstan kimi mühüm türk dövlətlərinin bu marşruta səhmdar və tərəfdaş kimi cəlb olunması Azərbaycanın milli və strateji maraqlarına tam cavab verir".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
" Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərinin layihədə pay sahibi olması Ermənistanın gələcəkdə öhdəliklərindən qaçmaq və ya dəhlizi birtərəfli qaydada bağlamaq ehtimallarını sıfıra endirir. İrəvan bu addımı ilə təkcə Bakı və Vaşinqtona qarşı deyil, həm də Astana və Bişkek qarşısında iqtisadi-hüquqi məsuliyyət daşıyacaq. Qazaxıstanın layihəyə qoşulması Xəzər dənizi üzərindən keçən Orta Dəhliz logistika zəncirini birbaşa Zəngəzur marşrutuna bağlayır. Bu, Azərbaycanı həm də Şərq-Qərb ticarətində əvəzolunmaz əsas qovşağa çevirir. Ermənistan dəmir yollarının idarəçiliyinin Qazaxıstana verilməsi müzakirələri, Rusiyanın regiondakı infrastruktur monopoliyasını zəiflədir və xətlərin Türk dünyasının loqistika şəbəkəsinə inteqrasiyasını təmin edir. Sözü gedən proseslər eyni zamanda Türk Dövlətləri Təşkilatının birgə planlarını, ortaq layihələrini və ümumiyyətlə birliyini möhkəmlətməyə xidmət edir. TRIPP layihəsinin ABŞ bayrağı altında reallaşması və regiona Qərb korporativ idarəçiliyinin (99 illik istismar və 74% ABŞ payı ilə) gəlməsi Rusiya və İranın maraqlarına ciddi zərbə vurur. Lakin onların koordinasiyalı şəkildə böyük hərbi təxribat törətmək imkanları məhduddur. Moskva TRIPP layihəsini özünün "arxa baxçası" hesab etdiyi regiona ABŞ-ın birbaşa yerləşməsi kimi görür. Lakin Paşinyanın Qazaxıstanı prosesə cəlb etməsi Moskvanın manevr imkanlarını daraldır. Qazaxıstan Rusiyanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı ən yaxın müttəfiqidir. Rusiya öz müttəfiqi Qazaxıstanın səhmdar olduğu strateji xəttə qarşı açıq hərbi təxribat etməkdə çətinlik çəkəcək. Tehran "sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyik" bəyanatları ilə Zəngəzur dəhlizinə hər zaman qarşı çıxıb. Lakin layihənin Ermənistanın suverenliyi altında fəaliyyət göstərəcəyinin vurğulanması və bura Mərkəzi Asiya ölkələrinin daxil olması İranın əsas arqumentlərini boşa çıxarır. İran regionda tam təcrid olunmamaq üçün birbaşa hərbi təxribat əvəzinə, siyasi təzyiq və proksi rıçaqlardan istifadə edə bilər. ABŞ-ın layihədəki nəhəng payı və podratçıların təhlükəsizlik qarantiyası Tehran və Moskvanın hər hansı fiziki müdaxilə riskini kəskin azaldır. Mərkəzi Asiyanın layihəyə daxil olması həm də Çinin maraqlarını regiona çəkir. Pekin özünün "Bir Qurşaq, Bir Yol" strategiyası çərçivəsində yüklərini Rusiya xətlərindən, Şimal marşrutundan yan keçirməklə daha təhlükəsiz və qısa olan bu yeni ABŞ-Türk inteqrasiyalı xəttinə yönəldə bilər. Türkiyə və Azərbaycanın bu çərçivə sazişləri üzrə sıx koordinasiyada olduğunu nəzərə alsaq, TRIPP yaxın gələcəkdə regionda sülhün və iqtisadi rifahın ən böyük təminatçısı ola bilər. Ermənistanın Orta Asiya ölkələrini, konkret desək Türk Dövlətləri Təşkilatına üzv dövlətləri bu layihəyə cəlb etməsi bu ölkələrin iqtisadi inkişafı ilə yanaşı həm də birgə təhlükəsizlik tədbirlərini labüdləşdirir. Eyni zamanda Azərbaycanın bu mühüm prosesdəki aparıcı rolu regionda sülhün davamlı olmasını təminat altına alır".
Zeynəb Mustafazadə