Sünnət: vacibmi,yoxsa?.. ARAŞDIRMA

Adət yoxsa travma?

Sürətlə dəyişən dünyada tarixə qovuşan ən başlıca şeylər, əsrlərlə yaşı olan adətlərdir. Ölkəmizdə də zaman keçdikcə milli adət-ənənələr ya dəyişib, ya da unudulub. Bəs dini adətlər? Düşünürəm ki, kökü dinlə bağlı olan adətlərin dəyişdirilməsi və ya unudulması prosesi daha ləng baş verir. Səbəbi isə dini etimadın daha dərin olması və konkretlikdir.

Son dövrlər insanlar arasında "sünnət" məsələsi müzakirələrə səbəb olur. Yeni ideologiyaların, fikirlərin ortaya çıxması səbəbindən dini adətlərin həyata keçirilməsi məsələsində də suallar meydana çıxır. İnsan, uşaq, heyvan hüquqları son 20 il ərzində daha çox qabardılır, bu istiqamətdə işlər görülür.

İslamın əsas şərtlərindən biri olan "sünnət", əsrlər boyu Azərbaycan xalqının təmtəraqlı şəkildə həyata keçirdiyi adətlərdən biridir. İndi bir çox insan bu adəti uşaqların hüququnun tapdanması, pul tələsi, israfçılıq və lazımsız kimi görür.  Çoxları isə lazımsız olması ilə yanaşı hətta  travma yaratdığını iddia edir.

Bəs sünnətin dini, psixoloji, tibbi mahiyyəti nədən ibarətdir? 

Suallarımıza cavab tapmaq üçün, bir neçə mütəxəssislə həmsöhbət olduq.

Mövzu ilə bağlı həkim Vaqif Qarayev bildirib ki,

əsrlərdir müsəlman xalqlarında sünnət adəti var. Təkcə müsəlman xalqları deyil, yəhudilər də bu adəti yerinə yetirir:

"Sünnət tibbdə də öz yerini alıb. Tibbi baxımdan sünnətin həyata keçirilməsi səbəbi iltihablaşmadır. Bu uşağa çox ciddi əziyyət verir. Bu kiçik cərrahi əməliyyat hesab olunur.  Müdaxilədən sonra azyaşlı yenidən bu problemlə qarşılaşmır. 

Tibbi baxımdan müdaxilə uşaq südəmər dövrdə olduğu zaman həyata keçirilməlidir. Çünki damarlar çox nazikdir, qanaxma yaratmır. Tezliklə sağalır. Həm də azyaşlı bunu psixolojik olaraq anlamır. Böyük yaşda isə qanaxma ehtimalı var. Həm də anlayır uşaq nə baş verəcəyini.

Valideynlərin adətən uşağın qəfil qışqırmasından və sonra sakitləşməsindən şikayət edir. Bu hal duz yığılması halıdır. Və uşağı incidir. Alimlərin araşdırmasına görə, sünnət olan kişinin gələcəkdə cinsi orqan xəstəliyinə rast gəlməsi riski digərlərindən daha azdır. 

Bir mühüm məqamı da qeyd edim. Valideynləri ən çox maraqlandıran suallardan biri də sünnətin hansı üsulla həyata keçirilməsidir. Mən kiçik cərrahi müdaxilənin tərafdarıyam. Bu məqamda mütləq həkimlə məsləhətləşmək lazımdır. Mətbuat da yazır, "Təcrübəsiz "dəllək" uşağı əlil etdi"". Bunu mən təcrübədə də görmüşəm. Köhnədən qalma "dəllək" üsulu, ortalıq həkimindən uzaq durmaq lazımdır. Lazer üsulunu soruşursa valideyn, demək, mütləq şəkildə həkimə müraciət edilməlidir. 

Həkimlər imkansız ailələr üçün xeyriyyə aksiyası keçirir. Bu , mənim xoşuma gəlir. Valideyn əlavə xərclərə düşmür. 

Son dönəmlər cəmiyyətdə əskər qadınlar sünnətin əleyhinə gedir. Mən bunu düzgün qəbul etmirəm.  Bunu uşaqların hüququnun tapdanması kimi görürlər. "Böyüyər, özü qərar verər"- bu fikirlə qismən razılaşmaq olar. Ancaq bu uşaqlar böyüdükdən sonra psixoloji diskomfort keçirirlər. Bizim beynimizdə sünnət məsələsi çox dərində oturub. Azərbaycanlısansa, sünnət olmalısan.

İndiyə qədər eşitmisiniz ki, uşaq böyüyəndən sonra valideynə etiraz etsin ki, məni niyə sünnət etdirmisiniz?

Bu proses uşağa həyatının heç bir hissəsində maneə olmur. Nə gündəlik həyatda, nə də həyat tərzində..."

Psixoloq Fidan Nəzirova sünnətin yarada biləcəyi psixoloji travmalar haqqında Olaylar.az-a danışıb. Onun sözlərinə görə;

"Uşaqda sünnət zamanı travma yaranmaması üçün bu proses 2 yaşından əvvəl və ya 6 yaşından sonra həyata keçirilməlidir. Sünnətdən öncə uşaqları mütləq psixoloji olaraq buna hazırlamaq lazımdır. Uşağa həkim, sünnət haqqında doğru məlumat verilməldir. Bu həm uşağın sağlamlığı, valideyn və həkimə olan inamın sarsılmaması üçün önəmlidir. Məsləhət görərdim ki, valideynlə yanaşı psixoloq məsləhəti də   alsınlar. Psixoloq onlarda həkimə, sünnətə qarşı fobiaların yaranmasının qarşısını alır. Kəkələmə problemi olan uşaqların sünnət edilməsi, daha çox travma yarada bilir. Nitq qaydasında olmadığı üçün, sünnətdən sonra kəkələmədə artış müşahidə edilir.

Azyaşlı pasiyentlərimdən biri hətta yerimək vərdişini belə itirmişdi. Anası vəfat etmiş, sonra kiçik toyu olmuşdu. Sünnətdən çox qorxduğu üçün ayağa qalxmaq istəmirdi. Psixoloji dəstək vasitəsi ilə uşağı ayağa qaldırmaq mümkün oldu. 

Digər azyaşlı pasiyentimin kəkələmə problemi var idi. 4 yaşında ona heç bir məlumat vermədən, sünnət etmişdilər. Sünnətdən sonra kəkələmə problemi daha da artdı.

Ümumiyyətlə təkcə qorxuları olan uşaqlarda yox, özünəgüvəni az, sosiallaşmayan uşaqlarda bu mərhələ çətin mərhələ hesab oluna bilər."

Sünnətin və sünnət toyunun İslamda mahiyyəti haqqında fikirlərini ilahiyyatçı İbrahim Məmmədov bizimlə bölüşüb. İlahiyyatçının fikirlərinə görə;

"Müqəddəs İslam dinimiz, oğlan uşaqlarının 7-ci günündən başlayaraq, sünnət etməyi bizlərə göstəriş verir. Bu əməl həm də tibbi nöqteyi nəzərdən sağlamlıqla əlaqədər olan bir əməldir. Tibb sahəsinə müraciət etdikdə, bunun şahidi olmuş olarıq. .Bu əməlin səbəbi kimi hədislərdə oğulun paklanması, sağlamlığının önəmliyi və inkişafı qeyd edilir. İslami hədislərdə qeyd olunur ki, Hz İbrahimə (ə) bu sünnəti oğlu İshaqın (ə) barəsində yerinə yetirmək əmri edilmişdir. İmam Sadiq (ə) buyurur ki, həkim olan Allah bu əməli İslamda vacibi hökm olaraq qərar vermişdir. Ümumiyyətlə, bir neçə şeyin insan bədənindən qopub (ya kəsilib) ayrılmas, o cümlədən, uşağın göbəyinin kəsilməsi, müxtəlif yaş dövrlərində dırnaqların tutulması, üz, bığ və baş tükünün normal qaydaya salınmas və s. lazımdır. Buna əsasən İlahi təqdirdə heç bir qüsur yoxdur və biz öz vəzifəmizi əməl etməyə borucluyuq. Bu səbəbdən dinimiz olan İslam bizləri həm sağlamlıq baxımından, həm də təmizlik, paklıq baxımından göstərişlər verir."

Sünnət toyunun İslama heç bir aidiyyəti  yoxdur. Bu el adətidir.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31