Mülkiyyət hüququnun toxunulmazlığı niyə təmin edilmir?
Məlum olduğu kimi 2009-cu ildən qüvvəyə minən yeni Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb
17 İyun 2021 14:13 SosialMəlum olduğu kimi 2009-cu ildən qüvvəyə minən yeni Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırıb. Lakin reallıqda bəzi rayon icra hakimiyyətlərinin mənzil istismar sahələri adlanan qurumları məhkəmədə vətəndaşın xüsusi mülkiyyətində olan evdən məcburi qaydada çıxarılması barədə məhkəmədə iddia qaldırıb və məhkəmələr də iddianı qəbul edirlər. Vəkil Rövşən Qasımov hesab edir ki, qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz: "Mənzil hüququ layihəsi ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasına əsas insan və vətəndaş hüquqlarının tərkib hissəsi kimi daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının "Mənzil toxunulmazlığı hüququ" sərlövhəli 33- cü maddəsinə əsasən "hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-ci maddəsinin izahına görə İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4.-cü maddəsinin izahına görə Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5. -cü maddəsinin izahına görə Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın".
Bundan başqa, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir: "Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit" xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər".
Vəkil qeyd edib ki, Avropa insan hüquqları məhkəməsi "Sporrong və Lonnrotun İsveçrə qarşı" məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Avropa İnsan Hüquqlan görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən "İnsan hüquqları haqqında" Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. "İnsan hüquqları haqqında" Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir: "2009-cu ildə qüvvəyə minən yeni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı.Yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilmə. Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur. Bütün bunlara rəğmən MİS-lər özəl mənzillərə "xidmət" göstərməkdə davam edir. Əslinə qalsa bu xidmət özündə "mənzil haqqı" və məişət tullantıları pulunu yığmağı, bəzi hallarda bələdiyyələrin səlahiyyətində olan əmlak vergilərini yığmağı və s. ehtiva edir. Ancaq çoxmənzilli binaların bütün əziyyəti, o cümlədən maliyyə xərcləri sakinlərin üzərinə qoyulur. Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərirlər. Məsələn, paytaxt MİS-ləri Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər".
Zəka