Tarixi abidələr gələcək nəsillərin də mirasıdır- ÖZƏL
8 Sentyabr 14:47 Siyasət"Tarixi və mədəni irsin qorunması hər bir cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin son illərdə tarixi məkanlarda, qayalıqlarda və müxtəlif səthlərdə adların, tarixlərin və digər yazıların həkk edilməsi diqqət çəkən hallardan birinə çevrilib. Bəzən bu yazıların arasında şəhidlərimizin adlarına da rast gəlinir". Bunu Olaylar-a eksklüziv açıqlamasında Sosial-İqtisdi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib: "Şəhidlərin adını əbədiləşdirmək, onların xatirəsini yaşatmaq hər birimiz üçün müqəddəs borcdur. Ancaq bu müqəddəs niyyəti tarixi abidələrin və təbii məkanların üzərinə yazmayaq.Onlar Vətən üçün canlarından keçərək, öz adlarını ən uca zirvələrə və qəlbimizə yazıblar.
Məsələnin digər narahatedici tərəfi isə bu cür halların zamanla adiləşməsi və xüsusilə gənclər arasında təqlid davranışına çevrilməsidir. Bir nəfərin yazdığı adın ardınca başqalarının da eyni addımı atması nəticəsində tarixi və təbii məkanlar müxtəlif yazılarla zərər vurulur.
Tarixi yerlər və abidələr yalnız bu günün deyil, gələcək nəsillərin də mirasıdır. Bu məkanların üzərinə yazılar yazmaqla onları dəyişdirmək və ya özümüzdən iz qoymaq əvəzinə, olduğu kimi qoruyub saxlamaq daha böyük vətəndaşlıq məsuliyyətidir.
Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların adlarını daşlara həkk etmək deyil, onların uğrunda canlarından keçdiyi Vətəni, onun tarixini və milli-mədəni dəyərlərini qorumaqdır.
Cəmiyyət olaraq hər birimiz tarixi və təbii irsimizin qorunmasına həssas yanaşmalı, belə hallara laqeyd qalmamalıyıq. Çünki tarixə yazılmaq üçün tarixi silmək lazım deyil.Tarixi qorumaq isə gələcəyə ən böyük töhfələrimizdən biridir.
Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, unudulmazdır!"