Əkbər Qoşalı: “Vasitəçisiz birbaşa dialoq Bakı və İrəvan arasında güvəni artırır” – ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla tezliklə təkbətək görüşün baş tuta biləcəyini açıqlayıb. Nazir qeyd edib ki, tərəflər ilk imkan düşən kimi bir araya gələrək müəyyən olunmuş məsələləri nəzərdən keçirmək barədə razılıq əldə ediblər.

Maraqlıdır, XİN rəhbərlərinin gözlənilən təması nə vəd edir?

"Ceyhun Bayramovla Ararat Mirzoyan arasında gözlənilən görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından önəmli diplomatik təmas ola bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun sözlərinə görə, sülh gündəliyinin indiki mərhələsində əsas məsələ mövcud razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsidir. Görüşdə sülh prosesinin növbəti addımları, sərhədlərin delimitasiyası, yükdaşıma və bağlantıların bərpası, qarşılıqlı güvənin möhkəmləndirilməsi, digər praktik məsələlərin müzakirəsi gözləniləndir. Özəlliklə birbaşa Azərbaycan-Ermənistan dialoqunun davam etməsi önəmlidir. Xarici işlər nazirləri səviyyəsində ardıcıl təmaslar fikir ayrılıqlarının vasitəçilərsiz müzakirəsinə, razılaşdırılmış məsələlərin icrasına və mümkün problemlərin vaxtında aradan qaldırılmasına imkan yaradır. Başqa sözlə, proses, belə deyək, "sülh haqqında danışmaq" mərhələsindən "sülhü praktik münasibətlər sisteminə çevirmək" mərhələsinə keçir. Qarşıdakı görüş də siyasi iradə və konstruktiv yanaşma qorunacağı təqdirdə bu keçidi sürətləndirən addımlardan biri ola bilər. Sülh - əlbəttə, ədalətli sülh alternativlərin ən yaxşısıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31