“Futbolda dini-siyasi jestlərin göstərilməsi yasaqlanmalıdır”-Elman Cəfərli- ÖZƏL
10:59 İdmanAzərbaycan Premyer Liqasında keçirilən oyunlarda, eləcə də milli komandanın matçlarında bəzi futbolçular qol vurduqdan sonra dini-siyasi məzmun daşıyan jestlər nümayiş etdirirlər. Bu cür davranışlar cəmiyyətdə müəyyən narazılıq və müzakirələrə səbəb olur. Siyasi şərhçi Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, çoxlarına adi görünən bu cür jestlər əslində cəmiyyətdə ciddi təsir yarada bilər.
"Bunu ən çox "Neftçi"nin və millinin kapitanı Emin Mahmudov edir. "Qarabağ"lı Elvin Cəfərquliyev, Abbas Hüseynov da bir-iki dəfə qol sevincini "Qədir-xum" işarəsi ilə qeyd ediblər. Azərbaycanda dini etiqad azadlığı var, hər kəsin inancına hörmətimiz sonsuzdur. Ancaq futbol kütləvi idman oyunudur. Futbol matçlarına həm stadiondan, həm də televiziyadan, internet üzərindən yüzminlərlə insan baxır. Onların hərəkəti gənclərə güclü təsir edir. Azərbaycan Respublikası sekulyar dövlətdir, ölkədə dünyəvi təhsil sistemi var. Mən hətta idmançıların "boz qurd" işarəsi göstərmələrini də dəstəkləmirəm. Avropa çempionatında Türkiyə yığmasının oyunçusu Melih Demiral qol vurduqdan sonra "bozqurd" işarəsi göstərmişdi. Düzdür, bu işarə dini məzmun daşımır, amma türk olmayanları qıcıqlandıra bilər. O üzdən hətta "bozqurd" işarəsi belə göstərilməsə yaxşıdır"-deyə, o bildirib.
E. Cəfərli hesab edir ki, klublarda məşqçilər futbolçuların yalnız peşəkar hazırlığı ilə deyil, onların ictimai-siyasi, mənəvi və ideoloji tərbiyəsi ilə də məşğul olmalıdırlar: "Bu işi məşqçilər bacarmırsa, əlavə ştat açsınlar. Sirr deyil ki, idmançıların əksəriyyəti təhsilsiz, mütaliəsiz olur. 17-25 yaşlı gənclərin ideoloji təsirə düşməsi anlaşılandır. Amma onlarla məşğul olan məşqçilərin boynundadır. Azərbaycan dünyəvi dövlətdir. Bu dövləti min bir əziyyətlə, şəhid verərək, qan tökərək qurmuşuq. Sekulyar dövlət müstəqillik qədər dəyətrli bir nemətdir. Onun qədrini bilməliyik. Heç kimi dini inancına qarışmırıq, amma hər bir vətəndaş hansı dövlətdə yaşadığının fərqinə varmalı, məsuliyyəli olmalı, yanlış təbliğatın təsirinə düşməməlidir. Dini sistem arzulayan getsin İran Premyer Liqasında oynasın. Ya da Əfqanıstan çempionatında".
Ekspert sonda bildirib ki, tərbiyəvi söhbətlər nəticə verməsə, idman oyunlarında və kütləvi tədbirlərə dini-siyasi məzmun daşıyan jestlərin nümayiş etdirilməsi qadağan olunmalıdır. Əməl etməyənlərə cərimələr tətbiq olunmalıdır. Bəlkə onda yola gələ, təhlükəli işlə məşğul olduqlarının fərqinə varalar".