Universitetə qəbil ola bilməyən gənclərin taleyi necə olacaq?- ÖZƏL
10:51 SosialZahid Məmmədov: "Heç bir uşaq yalnız topladığı bala görə dəyərli deyi"
"600-700 bal toplayan şagirdlərlə görüşmək, onları təbrik etmək gözəldir. Amma idarəçilik yalnız uğur qazananların yanında şəkil çəkdirib bunu ard-arda xəbərə çevirməkdən ibarət deyil. Bəs ali məktəbə qəbul ola bilməyən uşaqlar? Onlarla nə vaxt görüşəcəksiniz? Onların məyusluğunu kim bölüşəcək? Onlara hansı dəstəyi verəcəksiniz?" "Olaylar" xəbər verir ki, bunu İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "600-700 bal toplayan şagird onsuz da diqqət mərkəzindədir. Əsl sosial məsuliyyət isə nəticəsi istənilən kimi olmayan uşağın qapısını döymək, onun qarşısına yeni imkan qoymaqdır. Çünki hər uşaq eyni imkanlara, eyni hazırlığa və eyni şəraitə malik deyil.
Məmurun işi yalnız qalibləri nümayiş etdirmək deyil. Məmurun işi həm də uduzanların, geridə qalanların və ümidi qırılanların əlindən tutmaqdır. Bir neçə yüksəkballı şagirdlə görüşüb bunu böyük idarəçilik uğuru kimi təqdim etmək asandır. Çətin olan isə qəbul ola bilməyən yüzlərlə gəncin probleminə real həll tapmaqdır.
Uşaqları nəticələrinə görə ayırmayın. 700 bal toplayanı da sevindirin, 200 bal toplayıb arzusu yarımçıq qalanı da. Qəbul ola bilməyəni də unutmayın. Çünki dövlətin diqqəti yalnız uğurun olduğu yerdə deyil, ehtiyacın olduğu yerdə görünməlidir. Hamını sevindirin. Çünki hər uşağın uğuru eyni ölçü ilə ölçülmür və heç bir uşaq yalnız topladığı bala görə dəyərli deyil".