Qərbin Cənubi Qafqaz planı: Rusiya ətrafında bufer zonalar və çevriliş strategiyası – ÖZƏL

"ABŞ başda olmaqla NATO bloku və Avropa Birliyi Rusiyanı düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün Rusiya ətrafında, Rusiyaya qonşu olan dövlətlərdə demokratiya ideyası adı altında ayrı-ayrı dövlətlərdə dövlət çevrilişləri həyata keçirib və həmin dövlətlərə özlərinə münasib olan şəxsləri hakimiyyətə gətirib Rusiyaya qarşı istifadə ediblər. Bu strategiya uzun müddətdir həyata keçirilir və hazırda da davam etdirilməkdədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Azad Məsiyev deyib. Ekspert xatırladıb ki, Gürcüstanda Saakaşvilinin hakimiyyətə gətirilməsi, Gürcüstanın Rusiyaya qarşı istifadə edilməsi, Ukraynada baş verən hadisələr bunun bariz nümunələridir. Belarusiyada da bu cür planı həyata keçirmək istədilər. Demokratiya ideyası altında dövlətçilik təcrübəsi olmayan bir xanımı hakimiyyətə gətirmək istədilər. Ermənistanda baş verən hadisələr də buna bariz nümunədir. Yəni demokratiya ideyası adı altında demokratiyaya təsir edərək, özlərinə münasib bir adamı hakimiyyətə gətirib və həmin şəxsdən Rusiyaya qarşı istifadə etməkdədirlər. Ümumilikdə, Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün Rusiya ətrafında bu cür bufer ölkələr yaradılır. Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilib. Rusiyanın cənub cinahı Cənubi Qafqazdır və Avropa Birliyi çalışır ki, Cənubi Qafqazı da öz təsirinə salsın və Rusiyaya qarşı istifadə etsin. Gürcüstanın prezidenti və baş naziri açıq şəkildə bəyan ediblər ki, Avropa Birliyi Gürcüstana təzyiq edir, Rusiyaya qarşı cəbhəni açmasını, yəni Rusiya ilə konfrontasiyaya cəlb olunmasını istəyir. Ermənistanda baş verən hadisələr də buna bariz sübutdur. Paşinyanı hakimiyyətə gətirirlər, Paşinyanın əli ilə Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək və onu Rusiyaya qarşı fəaliyyət göstərməyə yönəltmək istəyirlər. Bu da faktdır, yəni Ermənistan Rusiya platformalarından uzaqlaşmaqdadır. Bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edir və açıq şəkildə Qərbə inteqrasiya etmək istəyir. Ermənistanın strateji məqsədi Qərbə inteqrasiya etdikdən, yəni Avropa Birliyi ilə inteqrasiya etdikdən sonra NATO blokuna daxil olmaqdır. Amma ali məqsədləri buna hesablanır. Ümumilikdə, üç Cənubi Qafqaz respublikasını öz təsir dairəsinə salıb Rusiyaya qarşı istifadə etmək istəyirlər. İstər Avropa Birliyi, istərsə də müvafiq qurumları, AŞPA, Azərbaycanla bağlı da bu cür təzyiqləri həyata keçirməkdədirlər. AŞPA-da Azərbaycana qarşı müzakirələr, Azərbaycan əleyhinə çıxarılan qərarlar nəyə hesablanır? Azərbaycana siyasi təzyiq etmək, Qərbin maraqlarına, daha doğrusu, Avropa Birliyinin maraqlarına uyğun fəaliyyət göstərilməsinə nail olmaq. Azərbaycan regionda balanslaşdırıcı siyasət yürüdür. Həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə. Qlobal güclərin maraqlarını uzlaşdıraraq, Azərbaycanın öz dövlət və milli maraqlarını nəzərə alaraq balanslaşdırıcı siyasət yürüdür. Dəfələrlə də Azərbaycan tərəfi bəyan edib ki, üçüncü tərəfə icazə verilməyəcək ki, Azərbaycan ərazisindən qonşular əleyhinə fəaliyyət göstərsin. Yəni həm Rusiyanın əleyhinə, həm də İranın əleyhinə Azərbaycandan tramplin kimi istifadə etməyə icazə verilməyəcək. Çünki Azərbaycan xarici siyasət taktikasında qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bunu da beynəlxalq hüquq müstəvisində tənzimləyir. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin fevralında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında 43 maddədən ibarət bir saziş imzalandı. Bu sazişin hər bir müddəası dövlətlər arasında münasibətlərin inkişafına hesablanmış bir sənəddir. Eyni zamanda, Azərbaycan İranla da dostluq münasibətlərini genişləndirir və dəfələrlə İran tərəfindən, İran prezidentindən də açıqlamalar gəlib ki, Azərbaycan dar gündə bizə dəstək oldu. Yəni bu onu göstərir ki, Azərbaycan qlobal güclərin, xüsusilə də Qərbin əlində alət olmayacaq. Azərbaycan digər dövlətlərlə iqtisadi maraqlar üzərində münasibətləri genişləndirir. Avropa Birliyinə daxil olan ondan artıq dövlətlə Azərbaycan enerji layihələrini həyata keçirir və iqtisadi-strateji əməkdaşlıq edir. Amma buna baxmayaraq, Avropa Birliyi, Brüssel Azərbaycana qarşı siyasi təzyiqlər edir ki, Brüsselin maraqlarından çıxış edək. Bu isə bizim dövlət və milli maraqlarımıza uyğun deyil.

Ekspertin sözlərinə görə, Qərbin apardığı, Avropa Birliyinin apardığı siyasət bəşəriyyət üçün təhlükəli siyasətdir. Fikir versək, istər I Dünya müharibəsi olsun, istər II Dünya müharibəsi olsun, istərsə də hazırda Ukrayna ərazisində III Dünya müharibəsi gedir, 50-dən artıq dövlət bu münaqişədə faktiki olaraq iştirak edir. Yəni bu sivilizasiya, Avropa sivilizasiyası bəşəriyyət üçün bu qədər müharibələr yaradır və milyonlarla insanın ölümünə səbəb olan siyasət yürüdür. Hesab edirəm ki, Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükədir və Avropa çalışır ki, üç Cənubi Qafqaz Respublikasını öz təsir dairəsinə salıb Rusiyayla münaqişəyə cəlb etsin. Hesab edirəm ki, bu cür siyasət qəbuledilməzdir. Azərbaycanın apardığı siyasət isə sülhə və təhlükəsizliyə xidmət edir ki, bunu da dəstəkləyirəm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31