Narişkinin Aİ ilə bağlı ittihamlarına münasibət: “Bu, təxribat xarakterli bəyanatdır”- ÖZƏL

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin Avropa İttifaqını postsovet məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib.O qeyd edib ki, Avropa elitaları postsovet məkanında siyasi sabitliyi pozmağa çalışırlar.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkinin MDB məkanına, o cümlədən Azərbaycana yönəlik bəyanatları regionda qlobal geosiyasi rəqabətin növbəti təzahürüdür və MDB ölkələrinin Avropa ilə yaxınlaşmasına qarşıdır. Qeyd edək ki, Avropa İttifaqının ölkəmizdə irimiqyaslı iğtişaşlar və ya qarşıdurmalar yaratmaq imkanları olduqca məhduddur. Bu məhdudiyyət həm Azərbaycanın daxili təhlükəsizlik arxitekturası, həm də Aİ-nin regiondakı real siyasəti ilə bağlıdır. Azərbaycan dövləti ölkə daxilindəki ictimai-siyasi sabitliyə və təhlükəsizliyə çox ciddi nəzarət edir. Hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları xaricdən yönəldilə biləcək potensial təhdidləri və ya qeyri-qanuni maliyyələşmələri dərhal neytrallaşdırmaq imkanına malikdir. Azərbaycanda xarici fondların və donorların fəaliyyəti, həmçinin qrantların qeydiyyatı qanunvericiliklə çox sərt tənzimlənir. Qərb fondlarının yerli resurslara nəzarətsiz şəkildə və böyük həcmdə maliyyə ötürməsi, bununla da kütləvi etirazlar təşkil etməsi mexanizmi hüquqi baxımdan bloklanmış vəziyyətdədir. Avropa İttifaqı Azərbaycanı özünün mühüm enerji tərəfdaşı və cənub qaz dəhlizinin əsas tədarükçüsü kimi görür. Aİ üçün Azərbaycanın daxili sabitliyi enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Ölkədə sabitliyin pozulması Avropanın öz maraqlarına zərbə vura bilər. Bununla yanaşı, Azərbaycan uzun illərdir ki, Rusiya, Qərb və regionun digər güc mərkəzləri arasında balanslaşdırılmış siyasət yürüdür. Bu siyasət ölkəni kənar güclərin poliqonuna çevrilməkdən qoruyur. Moskvanın bu növ bəyanatları daha çox postsovet məkanındakı ölkələri Qərblə yaxınlaşmaqdan çəkindirmək, region dövlətlərini Rusiya ilə daha sıx təhlükəsizlik əməkdaşlığına təşviq etmək və daxili auditoriyaya yönəlmiş anti-Qərb ritorikasını gücləndirmək məqsədi daşıyır. Azərbaycan isə öz milli maraqlarını ön plana çəkərək kənar təsirlərdən asılı olmayaraq sabitliyini qorumaq iqtidarındadır. Bu cür bəyanatları bir növ təxribat xarakterli hesab etmək olar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31