Delimitasiya prosesinin şimaqldan cənuba doğru aparılması niyə çətinlik yaradır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası artıq ilkin razılaşma mərhələsini keçib və praktiki delimitasiya işlərinin başlanmasına hazırlıq mərhələsindədir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, delimitasiya işlərinin istiqaməti müəyyənləşib, tərəflər delimitasiyanın şimaldan cənuba aparılması barədə razılaşıblar. İşlər Azərbaycan-Ermənistan-Gürcüstan sərhədlərinin kəsişdiyi üçtərəfli nöqtədən başlayacaq və cənuba, İran sərhədinə doğru davam edəcək: "Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var". 

Xatırladaq ki, delimitasiya ilə bağlı prosedur qaydaları hazırlaaraq hökumətlərin təsdiqinə göndərilib. İndi əsas məsələ xəttin faktiki müəyyənləşdirilməsidir. Yəni proses artıq siyasi müzakirə deyil, konkret sərhəd seqmentlərinin xəritələşdirilməsi, koordinatların müəyyənləşdirilməsi və sonradan sərhəd nişanlarının yerləşdirilməsinə keçiddir. Konkret seqmentlər üzrə məsələlərin komissiyaların işində həll ediləcəyi bildirilir. Bu isə o deməkdir ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası hələ başa çatmayıb. Əksinə, indi bütün sərhəd boyunca praktiki delimitasiya işlərinin başlanması mərhələsinə keçilir. Son açıqlamaya görə, işlərin ən mürəkkəb hesab edilən şimal hissəsindən başlanması planlaşdırılır. Maraqlıdır, delimitasiya prosesinin şimaqldan cənuba doğru aparılması niyə çətinlik yaradır?

Sərhədlərin delimitasiyasının hazırki vəziyyəti

Qeyd edək ki, ilk real sərhəd seqmenti Qazax istiqamətində müəyyənləşdirilib. 2024-cü ilin aprelində Azərbaycan və Ermənistan komissiyaları sərhədin ilk hissəsinin delimitasiyası üzrə razılığa gəldilər. Söhbət Qazax rayonunun Ermənistanla həmsərhəd hissəsindən gedir. Bu razılaşma nəticəsində Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycan ərazisi kimi müəyyənləşdirilməsi həyata keçirildi. 2024-cü ilin mayında Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Razılaşdırılan hissə təxminən 12,7 km uzunluğunda idi. Yəni bu, sadəcə siyasi bəyanat deyildi, sərhəd xəttinin konkret ərazidə müəyyənləşdirilməsi və fiziki sərhəd nişanlarının qoyulması ilə nəticələnən ilk praktik mərhələ idi.

Amma bütün sərhəd hələ delimitasiya olunmayıb. Azərbaycan-Ermənistan sərhədinin yalnız kiçik bir hissəsi bu qaydada həll edilib. Qalan sərhədin böyük hissəsində xəttin hansı xəritə və koordinatlar əsasında müəyyənləşdirilməsi məsələsi qarşıdadır. 2025-ci ilin əvvəlində tərəflər işlərin şimaldan cənuba aparılması barədə razılığa gəldilər. Bu o deməkdir ki, Qazax-Tavuş hissəsindən sonra proses daha şimal istiqamətindən başlayaraq sərhəd boyunca cənuba doğru davam etdiriləcək. 

Bundan başqa, anklav/eksklav kəndləri məsələsi də mövcuddur. Məsələn, Azərbaycanın Ermənistan ərazisində qalmış Kərki kəndi, Ermənistanın isə Azərbaycanın daxilində qalmış Artsvaşen (Başkənd) məsələsi var. Bu məsələ ümumi delimitasiya prosesinin ən həssas mövzularından biridir. Buna baxmayaraq, bu məsələ ətrafında tərəflərin mövqelərinin tam eyni olmadığı bildirilir. Hazırkı vəziyyəti bundan ibarıtdir ki, Azərbaycan və Ermənistan sərhədin birinci konkret hissəsini artıq delimitasiya edib, indi isə bu təcrübənin bütün dövlət sərhədinə tətbiq edilməsi mərhələsindədirlər. Yəni "sərhəd artıq müəyyənləşib" demək düzgün deyil, amma "delimitasiya başlamayıb" demək də yanlışdır. Təxminən 12,7 km-lik ilk hissə artıq razılaşdırılıb və əsas böyük iş qalan sərhəd seqmentlərinin müəyyənləşdirilməsidir. Məsələn, sual olaraq qalır ki, mövcud xəritələrə görə, Kərki, Başkənd, Tavuş, Qazax, Zəngəzur və Göyçə istiqamətində sərhəd konkret olaraq haradan keçməlidir?

Burada "sərhədin şimal hissəsi mürəkkəbdir" ifadəsi təsadüfi deyil. Əvvala qeyd edək ki, bu istiqamətdə sərhəd xətti çox "qırıq" və qeyri-müntəzəmdir. Qazax-Tavuş istiqamətində sərhəd düz bir xətt deyil. Dağlar, dərələr, çaylar və yaşayış məntəqələri arasında çoxlu döngələr yaradır. Sovet dövründə inzibati sərhəd müəyyən edilərkən bəzən kəndlərin və təsərrüfat ərazilərinin hansı respublikaya aid olması nəzərə alınırdı. Nəticədə bugünkü dövlət sərhədi coğrafi baxımdan kifayət qədər mürəkkəb forma alıb. 

Şimal hissəsində xüsusilə Yuxarı Əskipara, Sofulu-Barxudarlı kimi Azərbaycanın keçmiş anklavları, həmçinin Ermənistanın Artsvaşen (Başkənd) ərazisi məsələsi var. Məsələn, Sofulu-Barxudarlı ərazisində sovet dövründə həm yaşayış məntəqələri, həm də mühüm yol və dəmir yolu infrastrukturu anklav sərhədi ilə kəsişirdi. Buna görə xətti sadəcə "xəritədə çəkib bitirmək" mümkün deyil, çünki yol, su, yaşayış və kommunikasiya məsələləri də həll olunmalıdır. 

Şimalda sərhəd xəttinin hər iki tərəfində yaşayış məntəqələri bir-birinə çox yaxındır. Məsələn, 2024-cü ildə razılaşdırılan hissələrdə Bağanis-Bağanis Ayrım, Voskepar-Aşağı Əskipara, Kirants-Xeyrimli və Berkaber-Qızılhacılı kimi birbaşa qarşı-qarşıya yerləşən kəndlər var idi.  O zaman belə bir sual yaranır: kənd sakinlərinin əkin sahələrinə çıxışı necə olacaq, otlaqlar hansı tərəfdə qalacaq,su mənbələrindən istifadə necə tənzimlənəcək, yol sərhədi keçirsə, alternativ yol haradan çəkiləcək? Şimal hissəsində bəzi yollar sərhədin dəyişməsi halında başqa ölkənin ərazisində qala bilər. Məsələn, Sofulu-Barxudarlı anklavı ilə bağlı təhlillərdə İcevan-Berd avtomobil yolunun həmin ərazidən keçməsi xüsusi problem kimi göstərilir. Deməli, delimitasiya yalnız "bu torpaq kimindir?" sualı deyil. Eyni zamanda, "bu kəndə necə gedəcəyik" sualıdır. Nəzərə almaq lazımdır ki, Şimal sərhədinin bəzi hissələrində relyef, meşəlik ərazilər və mürəkkəb sərhəd həndəsəsi ölçmə işlərini çətinləşdirir. Sərhədin bəzi hissələrində yaşayış məntəqələri də xəttə çox yaxındır. Bu, isə xəttin ərazidə dəqiq nişanlanması mərhələsində xüsusilə əhəmiyyətlidir.

Niyə məhz şimaldan başlanılır?

Əslində tərəflər əvvəlcə daha asan hissələrdən başlaya bilərdilər. Amma 2025-ci ilin yanvarında komissiyalar şimaldan, Azərbaycan-Ermənistan-Gürcüstan üçtərəfli sərhəd nöqtəsindən başlayaraq cənuba doğru getmək barədə razılaşıblar. Bu yanaşmanın üstünlüyü odur ki, sərhəd ardıcıl şəkildə bir nöqtədən digərinə doğru müəyyənləşdirilir, yəni ayrı-ayrı hissələri seçib sonradan onların arasında boşluqlar saxlamaq əvəzinə bütöv xətt üzrə irəliləmək mümkün olur.

Nəticə ondan ibarətdir ki, burada "mürəkkəb" sözünü mütləq siyasi razılaşmanın əldə edilməsinin çətin olması kimi başa düşmək düzgün olmazdı. Mürəkkəblik üç səviyyədədir: Coğrafi: dağlar, dərələr, çaylar; Texniki: köhnə sovet xəritələrinin koordinatlara çevrilməsi və sərhəd xəttinin ərazidə dəqiq müəyyənləşdirilməsi; Praktiki-siyasi: kəndlər, anklavlar, yollar, su və təsərrüfat sahələri. Ona görə şimal hissəsi faktiki olaraq "sərhəd xəttinin çəkilməsi"ndən daha çox, həmin xəttin ətrafında yaranmış bütün praktiki problemlərin eyni vaxtda həll edilməsini tələb edir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31