Dost sözü
27 İyul 2020 10:43 SosialElçin Hüseynbəyli
Bizim Nizami...
Onun adı gələndə yaddaşım (buna assosiasiya da demək olar) müxtəlif rənglərə çalır: onu orta məktəbdə, Universitet yataqxanasında, bizim evdə, onlarda, Moskvada, Bakının müxtəlif məkanlarında görürəm. Yaddaş diridirsə, xatirələr pozitivdirsə, bu kadrlar, mənzərələr daha da canlanır.
Nizami Məmmədovu - mənim məktəb yoldaşımı təxminən 50 ildir tanıyıram. İlk dəfə, deyəsən, İrəna (Rəna) mamagilin həyətində görmüşəm. O zaman hələ balaca uşaq idik. Sonra məktəb illəri başlayıb. Orta məktəbdə (qonşu Şükürbəli kəndində) məndən bir sinif aşağıda oxuduğuna görə elə bir təmasımız olmayıb, amma sonralar, yəni universitet illərindən başlayaraq bir-birimizə isinişmişik.
Bir il BDU-nun (nidiki ADU) yataqxanasında bir yerdə qalmışıq, sonra Mən Moskvaya təhsilimi davam etdirməyə, o isə ərəb ölkələrinə işləməyə gedib. Onun məktubları indi də məndə qalır. Hərdən arxivimi eşələyib baxanda onları təkrar-təkrar oxuyuram. Heç nə dəyişməyib: münasibətlər də, səmimiyyət də. Dəyişən zamandır.
Mən M.V.Lomonosovda tələbə olarkən o, Ərəbistandan bir başa Moskvaya gəlmişdi. Axşam görüşdük, səhərisi günü şəhərə çıxdıq. Həmin qış günü paytaxtı ələk-vələk elədik, düz-əməlli restoran tapa bilmədik, daha doğrusu, Ya "Moskva" restoranında, ya da "Arbat"da nahar eləmək istəyirdik, amma bizi içəri buraxmadılar. Sən demə, yeri əvvəlcə sifariş eləmək lazımıymış. Nəhayət, "Ukrayna" restoranında özümüzə yer edə bildik və nahardan sonra "Qızıl meydan"da şəkil də çəkdirdik.
Nizaminin atası rəhmətlik Famil müəllimin taleyimdə böyük rolu olub. Orta məktəbdə mənə ədəbiyyatdan dərs deyib. Bir dəfə bizə qəhrəmanlıq barədə inşa yazmağı tapşırdı. Mən özümdən böyük qardaşımın qəhərmanlığından yazdım. Çünki çayda batan əmim qızını xilas eləmişdi və o zaman qəhrəmanlığı öz arşınımla ölçmüşdüm. Famil müəllim inşamı oxuyub, öz şirin ləhcəmizdə: "Sən yazıçı olassan" demişdi. Bəlkə elə ona görə də yazıçı olmuşam.
Statistikadan qaçmaq olmur. Mənim birinci kitabımın - "Rəqs edən oğlan"ın da ilk sponsoru Nizami olub (İlqar mamaoğlu ilə birgə) və kitabıma xeyir-dua verən günün axşamı dostları ilə birlikdə şərəfimə qonaqlıq verib. Məkan da yadımdadır: "Ordubad" restoranı.
Nizam harda işləyir-işləsin (indi istefada olan gömrük polkovnikidir) həmişə güvənc yerimiz olub. O, daim cəbrayıllı xarakterini özündə gəzdirən, el-oba mərdliyini, gözütoxluğunu canında daşıyan dostumuzdur. Onun suyu ətrafındakı dostlarına da sıçrayıb. Hansı bölgədən olmalarına bamayaraq onlarda da bir Nizami səmimiyyəti duymuşam.
Özünəməxsus zarafatları var. Biz onu göydə tuturuq. Amma onu tanımayanlar ilk anlar bu zarafatı başa düşməsələr də, sonradan anlayırlar.
Nizami o dostlardandır ki, səni daim axtarır. Xüsusən də maddi imkanı zəif olanları.
Biz tətil günlərində bir-birimizdən ötrü darıxanda qarşılıqlı qonaq gedirdik. Əvvəlcədən belə şərtləşirdik ki, o öz kəndlərindən, yəni Şükürbəylidən (mən ora mamagilin kəndi deyirəm) bizim kəndə - Mahmudluya tərəf piyada gəlsin, mən də onlara sarı gedim. Və beləcə tən ortada görüşürdük...
Yaxşı bilirəm ki, Nizami o biri yurddaşlarımız kimi ( içi mən qarışıq) doğma ocağımızdan ötrü darıxır. Yuxularında orta məktəbimizi (bir zamanlar məktəbimizdə mikrafonla elanları o oxuyurdu, Rəhilə Babayeva ilə birgə) kəndlərini, kələsrliyi, Səyağı, Çinarlığı, Şır-şırı, həmişə çimdiyi Temir Quliyev arxını görür. O, yurdunun qoxusunu həmkəndlilərindən, sinif yoldaşlarından alır. Ona görə də tez-tez görüşmək istəyir, məclislərdən qalmamağa çalışır...
Sarı bığlı, qıvrımsaçlı, göyümtül gözləri olan, özünəməxsus təbəssümlü Nizami Məmmədov...
İstəyirdim, bu yığcam yazım yubiley hədiyyəsi olsun, amma fikirləşdim ki, ona hələ çox var, həm də yubileydə onsuz da dostlardan, yaxınlardan xoş sözlər eşidəcək, mənsə sözümü bəri başdan deyim.
Nə yubiley? - soruşa bilərsiniz.
Cavab məşhur filmdə olduğu kimidir: Nizami məndən bir yaş balacadır. İndi özünüz hesablayın da...
Iyul, 2020