Emosional intellekt – Mükəmməlliyə aparan lokomativ

Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Bu anlayış leksikona daxil olan kimi öz yeniliyi ilə böyük şöhrət qazandı.

Bəs emosional intellekt nədir? - Bizim hər birimizdə olan qeyri-maddi "nə isə"dir. Davranışlarımızı tənzimləməyimizə, sosial çətinliklərdə mövqeyimizi seçməyimizə və müsbət nəticəli şəxsi qərarlarımızı verməyə təsir göstərir.

Məşhur yazıçı və liderlik üzrə tədqiqatçı Daniel Goleman özünün ən çox satılan "Emosional İntellekt: Niyə o IQ-dən daha önəmlidir" kitabında bu aktual mövzudan bəhs edirdi. Goleman öz işini insanları uğurlu edən şeyin nə olduğunu tapmağa həsr etmişdi. Sonda o təəccüblənərək, bunun insanların emosional intellektindən irəli gəldiyini bildirmişdi. Bu, insanı mükəmməlliyə aparan lokomotivdir.

Psixoloq Mehriban Rza bildirir ki, emosional intellekt müasir psixologiya elminin vacib anlayışlarından biridir. Bu anlayış effektiv ünsiyyət, idarəetmənin və  effektiv biznes qurmanın ən vacib detallarından biridir. Psixoloq emosional intellekti gündəlik həyatımızda asanlıqla istifadə edə biləcəyimiz bir neçə qaydaya bölüb:

Özünü idrak: Zamanla hisləri tanımaq, onların ardınca getmək psixoloji dərk və şəxsin özünü anlamasında həlledici mövqeyə sahibdir.

Hisləri idarə etmək: Bunun təməlində özünü idrak dayanır. Emosiyalarını idarə etməyi bacaran insanlar həyatda qarşılaşdıqları böyük uğursuzluqlardan sonra normal həyata daha asan dönə bilirlər.

Özünə "ilham vermək": Özünü motivasiya etmə gücünə sahib insanlar hər işdə, hər vəziyyətdə daha məhsuldar və uğurlu nəticə sərgiləyirlər.

Sadəcə özünün deyil, digər insanların da emosiyalarını tanımağı bacarmaq: Empatiya adlandırdığımız bu anlayışla insanlar lazımi anda qarşıdakı şəxsin nə hiss etdiyini asanlıqla təyin edir. Bu xüsusiyyətlər istər şəxsi, istərsə də iş həyatında önəmli yer tutur.

Bəs qarşımızdakı şəxsin yüksək emosianal intellektli olduğunu necə təyin edə bilərik?

M. Rza qeyd edib ki, bu insanların ən böyük xüsusiyyəti mükəmməlliyyətçi olmamalarıdır: "Onlar perfeksionist deyillər. Səvh etməkdən qorxmurlar, çünki atdıqları hər addımdan dərs alırlar. Hər vəziyyətdə eyni vasitə və üsullardan istifadə etmirlər. Dəyişiklik onları qorxutmur. Qısa müddətdə yeniliklərə uyğunlaşırlar. Özlərini çox yaxşı tanıdıqları üçün onların iş üslubuna hansı sahənin uyğun olduğunu bilir və o sahəyə doğru yönəlirlər. Öyrənməyə hər zaman acdırlar. Yüksək empatiya duyğusuna sahib olduqları üçün iş yerində önəmli bir personaldırlar. Empatiya duyğusu ilə iş mühitində çətin vəziyyətlərdən özlərini siğortalaya bilirlər. Özünüdərketmə sayəsində onlar sabit sağlam peşəkar heyətin olmasının nə dərəcədə önəmli olduğunu təbii olaraq başa düşürlər. Onlar yaxşı qidalanır, keyfiyyətli yuxu alır və müntəzəm şəkildə fiziki işlərlə məşğul olurlar. Doğuşdan gələn bir maraq və heyranlıq duyğusu ətrafa qarşı məftunluq duymalarına səbəb olur. Onlar mühakimə etmir, mümkün variantları kəşf edirlər. Daim suallar verir və yeni həllərə qarşı açıq olurlar. Yüksək emosional intellektə sahib insanlar hər gün həyatlarında sahib olduqlarına görə minnətdarlıq edirlər. Yaşamaqdan zövq alır, tənqiddən qorxmurlar".

Hər kəs emosinal intellektini yüksəldə bilər. Emosional və rasional beyin arasındakı ünsiyyət emosional intellektin fiziki mənbəyi hesab olunur. Belə ki, emosional intellektin rolu arxa beyində başlayır və ilk hislər bura daxil olur. Daha sonra öz təcrübəniz haqqında mühakimə yürüdənədək beyninizin ön hissəsinə yol tapır. Əvvəlcə o, emosiyaların generasiya olunduğu yer - limbik sistemə daxil olur. Beləliklə, hadisələrə rasional reaksiyalardan əvvəl emosional reaksiya daxil olur. Emosional intellekt beynin  rasional və emosional mərkəzləri arasında səmərəli ünsiyyət tələb edir.

Emosional intellektin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31