Heydər Əliyev və Azərbaycanda insan hüquqları
15:43 SiyasətRespublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının Ümummilli Lideri
Məlum olduğu kimi, şanlı qələbəmizi əldə etməyimizin beçinci ili olan 2025-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Konstitusiya və Suverenlik ili" elan edilmişdir. Bizi Şanlı Qələbəyə çatdıran Müzəffər və uzaqgörən Azərbaycan Prezidentinin uğurlu idarəçiliyi və qələbəyə yönəlik səriştəsi olduğu kimi, eləcə də ölkəmizin inkişafı və tərəqqisinin təməlində dayanan dahi lider Heydər Əliyevin müdrik qərarları idi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti və fikirləri həm də ölkəmizin hüquqi bazası və demokratik əsaslarını təşkil edir.
Hüquqi və ədalətli dövlət qurucUluğu naminə
İnsan, vətəndaş hüquq və azadlıqları sivil, demokratik dövlətin başlıca göstəricisi, ümdə şərti və ən ali məqsədidir. Azərbaycan xalqının ən müxtəlif dövrlərdə yaratdığı dövlət və dövlət tipli qurumların həmişə ədalət prinsipi istiqamətində həyata keçirdiyi tədbirlər min illərlə daşınıb gələn milli dövlətçilik prinsiplərimizin təməlində dayanır. 1918-1920-ci illərdə Şərqdə ilk dəfə hüquqi, demokratik, parlament tipli dövlətin qurulması da Azərbaycan xalqının dövlətçilik tarixində əldə etdiyi uğurların davamı və müasirlik göstəricisi idi. Bir neçə on il sonra Azərbaycan xalqının dövlətçiliyinin və milli azadlığının bərpası və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük dövlətçilik səriştəsilə həyata keçirdiyi möhtəşəm tədbirlər bu istiqamətdə mühüm uğurların da əldə olunmasına vəsilə oldu. Müasir Azərbaycan Pespublikası öz əvəzsiz Liderinin böyük dövlətçilik təcrübəsi ilə Azərbaycan xalqının milli dövlətçilik dəyərləri və ənənələrinə, xalqın humanist ideallarına, o cümlədən dünyanım müasir inkişaf nailiyyətlərinə dayanmaqla insan hüquq və azadlıqlarına hörmətlə yanaşan müasir dövlətçilik nümunəsini təcəssüm etdirdi. Dahi lider Heydər Əliyevin dərin təcrübəsi, işıqlı zəkası və böyük fəaliyyəti sayəsində Azərbaycan XX əsrin sonu XXI əsrin əvvəllərində qazandığı yeni dövlətçilik nailiyyətinə insan hüquq və azdlıqlarına hörmətlə yanaşmaqla demokratik idarəçilik təcrübəsi gətirdi. Dahi lider Heydər Əliyevin təşəbbüsü və cəhdi ilə 1995-ci ildə Azərbaycanın ilk Konstitutsiyasının da qəbul olunması Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində mühüm amil olan qanunvericilik bazasının formalaşdırılması demək idi.
Dövlətin və dövlətçiliyin mühüm şərti ədalət və insanlara qayğıdır. Dövlətin ədalət prinsipi insanlara, vətəndaşlara bəslənilən münasibət və xalqın rifah halında özünü daha aydın əks etdirir. İnsanın firavan həyatı, sərbəst ömür yaşaması, fəaliyyəti, həyati təhlükəsizliyi, azadlıq və müstəqilliyi və sait kimi şərtlər insan və vətəndaş hüquqlarının başında gəlir. Bu baxımdan dövlətin qeyd edilən hüquqları insanlara tanımsı ilə bərabər həm də münbit şərait yaratması dövlətin demokratiklik göstəricisidir. Tam mənası ilə demək olar ki, insan hüquqlarına hörmət və azadlıqlara təminat məsələsində Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi çox mühüm tədbirlər sayəsində ciddi nailiyyətlərə sahibdir. Müstəqilliyimizin bərpasından keçən dönəm ərzində "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir" - Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli və çoxçeşidli tədbirlər içərisində insan hüquq və azadlıqları sahəsində əldə olunan nailiyyətlər diqqəti əsaslı şəkildə cəlb etməkdədir.
Dahi lider Heydər Əliyevin bu sahədə apardığı işlərin, həyata keçirdiyi tədbirlərin və əldə edilən uğurların ən başlıcası müstəqil Azərbaycan Republikasının ilk Konstitusiyasının hazırlanması və qəbUludur. 1995-ci il noyabrın 12-də keçirilən referendumla xalq öz Liderini və yeni həyata qədəm açan milli Konstitutsiyanın timsalında xalqı hakimiyyətin mənbəyi elan edən qanunları dəstəklədi. Bununla da ölkəmiz demokratik dəyərlərə sahib olan bir ölkə kimi öz inkişaf və mövcudluq xəttini insan hüquqlarına meydan açan və müdafiə edən qanunların müəyyənləşməsi ilə təzahür etdirdi.
İnsanların aliliyi qanunların aliliyində təcəssüm olunur
Milli ideologiyamızın banisi Ulu Öndərimizi Heydər Əliyev hakimiyyəti xarakterizə edərək deyirdi: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Bu mənada xalqın hakimiyytinin təsbiti onun yazılı qanunlarında, konstitusiya və idarəçiliyində əksini tapır.İnsana hörmət də birinci növbədə xalqın, dövlətin qanunlarında özünü ehtiva etməlidir. İnsanın ali bir varlıq olaraq çəkisi də, dəyəri də qanunlarda ifadə edilən müddəalarla aydın təcəssüm olunur. Bu baxımdan qanunlarımızda aliliyin təşəbbüskarı kimi çıxış edən dahi Liderimiz Heydər Əliyev insan hüquqlarının ölkəmiz üçün zəruriliyini göstərərək deyirdi: "İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır". Bu baxımdan məmnunluqla deyə bilərik ki, dünya ölkələrinin ən humanist, demokratik konstitusiyalarından biri də məhz bizim ölkəmizin konstitusiyasıdır. Konstutusiyamızdan da aydın görünür ki, konstitusiyamızın III fəsli bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib. Konkret olraq Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Bundan başqa həmin maddədə yenə də göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz, habelə Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Bütün bunlar və bu qisim faktlar tamamilə əminliklə təsdiq edir ki, qanunla da, icraatla da, reallıqla da Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir, Azərbaycan dövləti də bu hüquqların keşiyində dayanıb. Beləliklə, Konstitusiyanın bəhs olunan konkret müddəa və normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət qurucUluğu prinsipinin mahiyyətindən irəli gəlməklə Azərbaycan cəmiyyətində qanunun aliliyinə xidmət edir.
Ölkəmizdə insan haqlarına təminat sahəsində yaradılan hüquqi baza və həyata keçirilən əhəmiyyətli tədbirlər istiqamətində bəhs edərkən dahi lider Heydər Əliyevin beynəlxalq dəyər və qanunlara yanaşdığı münasibətlə də əlaqələndirilməlidir. Bu istiqamətdə Ulu Öndərimizin mühüm dövlətçilik fəaliyyəti, həyata keçirdiyi vacib hüquqi islahatlar çərçivəsində çox mühüm faktlar, sənədlər də bəhs olunanlara əlavə olunmalıdır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, hətta bəzi qanunların yaranması, hüquqların əldə edilməsində Azərbaycan Respublikası dahi lider Heydər Əliyevin müdrik və uzaqgörən fəaliyyəti nəticəsində qabaqlayıcı mövqeyə də nail olmuşdur. Belə ki, insan hüquq və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 3 may 2002-ci ildə Vilnüs şəhərində qəbul edilmiş 13 saylı protokolun 1-ci maddəsinə əsasən ölüm cəzasının ləğv olunması, insanların ölüm cəzasına məhkum edilməsi və ya edam olunması ortadan qaldırılmışdı. Amma olduqca maraqlı və təqdirəlayidqdir ki, hələ bundan 4 il əvvəl, yəni 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda artıq ölüm cəzası ləğv edilmişdi. Bütün bunlar Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq və nümayiş etdirir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində Ümummilli Lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı ölkəmizdə hüquqi islahatların başlıca meyarını yəşkil edən insan hüquq və azadlıqlarına yaradılan təminat istiqamətində olduqca mühüm faktlardandır. Bu deyilənlərlə birgə qeyd edilməlidir ki, xalqımızın müdrik oğlu Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində əhəmiyyətli tədbirlər görərək Azərbaycanda məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar həyata keçirib. Bütün bunlkarla bərabər ən başlıcası hakim vəzifəsinə ədalətli və şəffaf seçimin aparılması təmin edilib ki, bu da öz növbəsində məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Ən əsası dahi liderin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da öz imzasını atıb. Bu istiqamətdə Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Bütün bu deyilən faktlar həm də bunu deməyə əsas verir ki, ölkəmiz xalqımızın müdrik oğlu Heydər Əliyevin uzaqgörənliyi ilə qanun və idaərəçilikdə ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirib və humanist dəyərlərə sədaqətini ifadə edib.
İnsan Hüquqları üzrə Müvəkkil insan haqlarının təsbiti zərurətindən yaranıb
Müdrik lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri "İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında" Qanunun qəbul edilməsi, digər tərəfdən də Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatının yaradılması vətəndaşların hüquq və azadlıqlarının müdafəsi işinə çox mühüm töhfələr verib. Ayrıca olaraq bəhs edilməlidir ki, ölkədə Ombudsman, yəni İnsan Hüquqları üzrə Müvəkkilin fəaliyyəti sayəsində əldə olinan çox mühüm uğurlar var. Elə insan hüquqlarına göstərilən hörmətin ən əlamətdar bir göstəricisidir ki, Ulu Öndərimiz Heydər Əliyev məhbusların əfvi ilə bağlı sərəncamlar verərək onların azadlığa buraxılmasına şərait yaradırdı və bu əlamətdar davranış yenə də uğurla davam etdirilməkdədir. Ulu Öndərimiz insan haqlarına böyük hörmət göstərərək onların normal insan kimi fəaliyyətinə şərait yaratmaq üçün əfh fərmanı imzalamaqla şans da verirdi. Bu sözsüz ki, həm dahi Liderimizin, həm də ölkə qanunlarımızın, dövlətimizin humanist mövqeyinin, insane hörmət və qayğısının ifadəsi idi. Ulu Öndərimiz "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" deyərək insanlara qarşı ən böyük ədalət davranışını təqdim edirdi. Məhbuslar üçün şəraitin yaxşılaşdırılması tədbirləri də dövlətimizin ədalət meyarının ifadəsi kimi razılıq doğurur.
Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm insan hüquqların ən geniş səviyyədə təsbitidir
Demokratik cəmiyyət, insan hüquq və azadlıqlarından söz düşəndə söz və mətbuat azadlığı məsələsi daha çox önə gəlir. Məmnunluqla demək olar ki, ölkəmiz dahi Liderin uzaqgörə, müdrik qərarları sayəsində bu sahədə də çox böyük uğurlara nail olub. "Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir" deyən Ulu Öndərimizin məqsədəuyğun tədbirləri sayəsində ölkəmizdə söz azadlığı istiqamətində dünyəvi dəyərlərə, demokratik göstəricilərə nail olunub. Konstitusiyamızın 47-ci maddəsində məhz fikir və söz azadlığının təminatı məsələsi öz əksini tapmaqla xalqımızın bu hüquqlara daha yaxından bağlılığını nümayiş etdirir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması da, təbii ki, Ümummilli Liderin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırılmış, azad mətbuat, sərbəst fikir mühiti təmin olunmuşdur. Senzuranın Ulu Öndər tərəfindən ləğvi də bu istiqamətdə atılan təqdirəlayir mühüm bir addım idi. 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzalayaraq mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunmuş, mətbuata, söz, fikir azadlığna münbit şərait yaradılmışdır.
Əlbəttə, Azərbaycanda insan hüquqları və azadlıqları istiqamətində görülən işlər, əldə edilən uğurlar bu deyilənlərlə yekunlaşa bilməz. İnsan hüquqlarının bütün sahələri üzrə qazanılan nailiyyətlər Yeni Əsrin Yeni Lideri Prezident İlham Əliyevin müzəffər və uzaqgörən idarəçiliyi altında daha da artmaqda və dünya üçün bir nümunə təşkil etməkdədir. Sözsüz ki, xalqın rifahını qayğı ilə düşünmə idarəçiliyi ölkəmizdə daha da böyük uğurların əldə edilməsinə şərait yaradacaq, daha demokratik, sivil bir ölkə nümunəsini meydana qoyacaqdır. Çünki dahi, müdrik Liderimiz Heydər Əliyevin də dediyi kimi: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru