Gürcüstan Prezidenti: Cənubi Qafqaz regional sülh və inkişaf oazisinə çevrilə bilər – ÖZƏL

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, qonşu ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən çox razıdır və Cənubi Qafqazın regional sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün real imkanlar mövcuddur. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Gürcüstanın Birinci Kanalında yayımlanan "Maka Tsintsadzeylə təcili mövzu" proqramında danışıb.

Prezidentin sözlərinə görə, regionda sülhün prioritetə çevrilməsi istiqamətində imkanlar artıq aydın şəkildə görünür.
"Bir-birimizlə ünsiyyət qurduğumuz zaman ideal bir mənzərə ortaya çıxdı. İlk səfərim Azərbaycana, daha sonra isə Ermənistana oldu. Ermənistan da tədricən Cənubi Qafqazın malik olduğu potensialı görməyə başladı. ABŞ-dən bu gün aldığımız təbriklər də bunu vurğulayır. Onlar da başa düşdülər ki, Cənubi Qafqazda sülhü prioritetə çevirmək üçün böyük imkanlar var," - deyə Kavelaşvili bildirib.

O əlavə edib ki, böyük dövlətlərin maraqları da bu prosesdə təbii olaraq özünü göstərəcək, lakin Cənubi Qafqaz hansısa münaqişə iştirakçısı və ya böyük dövlətlərin aləti deyil, əksinə, dialoq, sərmayə və münasibətlərin normallaşması məkanı olmalıdır.

"Cənubi Qafqazın regional oazisə çevrilmək potensialı var. Bu resurs mövcuddur," - deyə Gürcüstan Prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31