“Azərbaycan, Türkiyə və Pakistanın əməkdaşlığı regionda yeni güc balansı yaradır” – Taleh Əliyev – ÖZƏL
29 May 16:46 Siyasət"Dünən, 28 May - Azərbaycan Respublikasında əlamətdar tarixi gün olan Respublika Günü - Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxta təsadüf etdi. Bu açılışda Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı tədbirin əhəmiyyətini daha da artırdı. Bu görüş, şübhəsiz ki, Azərbaycan, Türkiyə və Pakistan arasında gələcək əməkdaşlıq istiqamətində atılmış mühüm bir addım kimi qiymətləndirilə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistanın strateji əməkdaşlığı regionun gələcəyində həlledici rol oynayan güc birliyinə çevrilməkdədir:
"Xüsusilə bir müddət əvvəl Pakistan və Hindistan arasında, qısa da olsa, baş verən hərbi qarşıdurmadan sonra Azərbaycan, Pakistan və Türkiyə arasındakı əməkdaşlığın yenidən aktuallaşması diqqət çəkir. Bu əməkdaşlıq yalnız üçtərəfli deyil, eyni zamanda regional proseslərdə hər üç ölkənin qarşılıqlı dəstəyi və dominant güc kimi iştirakı ilə bağlı önəmli mesajlar verir. Laçında keçirilən görüşdə dövlət və hökumət başçılarının mətbuata verdiyi bəyanatlar - xüsusilə Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin çıxışları göstərdi ki, bu üç dövlət arasında münasibətlər kifayət qədər səmimi dostluq və əməkdaşlıq üzərində qurulub. Yaxın gələcəkdə isə bu əməkdaşlığın iqtisadi və xüsusilə də hərbi müdafiə sənayesi sahəsində daha da genişləndirilməsinə xüsusi önəm veriləcək. Bu isə, şübhəsiz ki, regionda marağı olan digər dövlətlər üçün ciddi mesaj, dost və tərəfdaş ölkələr üçün isə yeni bir geosiyasi güc mərkəzinin formalaşması baxımından aktual məsələyə çevrilir. Düşünürəm ki, qarşıdakı dövrdə bu ölkələrin birgə fəaliyyəti - xüsusilə Yaxın Şərq və Mərkəzi Asiya regionlarına münasibətdə - digər regional aktorların və geosiyasi güclərin də Azərbaycan, Türkiyə və Pakistanla hesablaşmasına səbəb olacaq və əhəmiyyətli bir faktor kimi çıxış edəcəkdir".
Səidə Ramazanova