Çin ABŞ-ə etiraz etdi: Çinli tələbələrin vizalarının ləğvi beynəlxalq gərginliyi artırır- ÖZƏL
29 May 11:48 DünyaÇin Xalq Respublikası ABŞ hökumətinə Çinli tələbələrin vizalarının ləğvi ilə bağlı gözlənilən qərarına görə rəsmi etiraz bildirib. Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin məsələ ilə bağlı keçirilən brifinqdə bildirib ki, bu addım "əsassızdır və Çinli tələbələrin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur".
Mao Ninin sözlərinə görə, Vaşinqton bu addımı milli təhlükəsizlik bəhanəsi ilə ideoloji əsaslarla atır. O, qeyd edib ki, Çin tərəfi artıq bu məsələ ilə bağlı ABŞ-ə ciddi diplomatik nota təqdim edib.
"ABŞ-nin bu siyasi diskriminasiyası, özünü daim azadlıq və açıqlığın tərəfdarı kimi təqdim edən bu ölkənin əsl mahiyyətini ifşa edir və onun beynəlxalq imicini daha da zədələyir", - deyə Mao Nin vurğulayıb.
Çin rəsmisi, həmçinin bu cür məhdudiyyətlərin iki ölkə arasında normal humanitar və mədəni əməkdaşlığa əngəl yaratdığını bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl verdiyi açıqlamada, Çin Kommunist Partiyası ilə əlaqəli olduğu iddia edilən və "kritik əhəmiyyətə malik sahələrdə" təhsil alan Çinli tələbələrin vizalarının ləğv ediləcəyini, habelə yeni viza tələblərinin sərtləşdiriləcəyini bəyan etmişdi. ABŞ-nin bu prosesi "aqressiv şəkildə" həyata keçirəcəyi də vurğulanıb.