Heydər Babaya salam
29 May 19:47 Siyasət"...Laçınlılar alimlərdir, şairlərdir, ziyalılardır. Laçın rayonu həm təbiətinə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir. Şuşanın, Laçının Azərbaycan torpağı, respublikamız, xalqımız üçün nə qədər qiymətli və əziz olduğunu sübut etməyə ehtiyac yoxdur. İndi Ermənistan sərhədinin içərisində olan torpaqların bir hissəsi də dövri qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olub. Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da... Arxayın ola bilərsiniz ki, bütün problemlərin, xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün mən bundan sonra öz səylərimi əsirgəməyəcəm". -
Ümummilli lider Heydər Əliyev bu dəyərli sözləri 1996-cı il mayın 6-da deyib.
Bəli, sözünü dedi və öz diqqət-qayğısını əsirgəmədi!Elə bir oğul yetişdirdi ki, o oğul həm atasının, həm də xalqının arzusunu gerçəyə çevirdi. O, yalnız siyasi lider deyil, Azərbaycan torpaqlarının ruhi energetikası ilə yaşayan bir müzəffər liderdir!
Budur - 28 May 2025-ci il - Prezident İlham Heydər oğlu Əliyev Laçın rayonunun Qorçu kəndindən, dəniz səviyyəsindən 1700 metr yüksəklikdən xalqı salamladı. Bu, sıradan bir çıxış deyildi - ata vəsiyyətinin yerinə yetirilməsinin verdiyi qürurla səslənən tarix idi. Prezident, Laçın Hava Limanının rəmzi açarını qəbul etdi - bu, sadəcə bir obyektin deyil, Laçının səmasının, Azərbaycanın gələcəyinin açarı idi.
O açarın təntənəsində Türkiyə və Pakistan dövlət başçıları da iştirak edirdi. 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyini ilk tanıyan bu iki dost-qardaş dövlətin indi də Azərbaycanın yanında olması təsadüf deyil. Bu, bütün dünyaya ünvanlanan açıq ismarıcdır: eşidin və bilin - Azərbaycan təkcə bölgə deyil, böyük geosiyasi platformada öz çəkisi və sözü olan dövlətdir.
2025-ci il - Konstitusiyamızın qəbul edilməsinin 30, Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümüdür. Bu il respublikamızda "Konstitusiya və Suverenlik İli" elan olunub. Öncə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, indi isə dünyaya yeni imzalar atırıq.
Millətlərin və dövlətlərin bir-biri ilə üz-üzə gəldiyi, insan hüquqlarının pozulduğu, müharibələrin şəhərləri və kəndləri viran qoyduğu dünyada biz sülh imzası atmağı bacardıq. Azərbaycanın dostluq toxumları bu gün dünyanın hər yerində cücərir.
Azərbaycanın ürəyi olan Laçın və Şuşa ilə bağlı Heydər Əliyevin arzuları çiçək açır. Bu yerdə Nəbi Xəzrinin misraları düşüncələrə hopur:
Bu gün heç bilmirəm nə üçün, nədən?
Səma da mavidir, torpaq da mavi...
Görürəm dünyanı başqa rəngdə mən -
Ağac da mavidir, yarpaq da mavi...
İndi Azərbaycan Laçının masmavi səmasında buludları yara-yara sülh cığırı açır. Bu cığır - haqqın cığırıdır. Bu cığır - xalqın iç səsidir. Və o xalq ki, bir yumruq kimi birləşdi, indi göyüzündə yeni yollar salır.
28 May 2025-ci ildə - Cümhuriyyətin doğum günündə, 1918-ci ilin "İstiqlaliyyət Bəyannaməsi" bir daha həyat tapdı. Bu sənədə görə, Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətləri qurmalı idi. Bu gün Azərbaycan sadəcə dostluq təklif etmir - dostluğu yaşadır və nümayiş etdirir. Artıq Qafqaz "problemlər bölgəsi" deyil, böyük əməkdaşlıq layihələrinin, qlobal zirvələrin mərkəzidir.
"Böyük Qayıdış" davam edir. Bu gün - 29 May 2025-ci ildə - Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə köç karvanı yola düşdü. Bu karvan sadəcə köç deyil, gələcəyə doğru atılan inamlı addımdır, əlbəttə.
Dünən Avropa türklərə salam dedi, bu gün Laçınlılar bütün dünyaya: "Biz buradayıq!" - deyir. Sabah isə Şəhriyarlar, Vətənin hər yerindən
"Heydər Babaya salam" hayqıracaq! -
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bəhrə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.
Nəsibə NƏSİB