“Azərbaycan Türk dünyasının yeni güc mərkəzinə çevrilməsində lokomotiv rolunu oynayır” – Azad Məsiyev – ÖZƏL
30 May 14:42 Siyasət"Cənubi Qafqaz - Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu bölgədə aparıcı dövlət olan Azərbaycan baş verən prosesləri birbaşa tənzimləyən ölkə kimi çıxış edir. Azərbaycan həm regional, həm də qlobal müstəvidə siyasətini bu istiqamətdə qurur. Onun həyata keçirdiyi siyasət balanslaşdırılmış xarakter daşıyır. Xüsusilə Türk Dövlətləri Təşkilatı fonunda Azərbaycan Cənubi Qafqazda baş verən proseslərin tənzimlənməsində mühüm rol oynayır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. O qeyd edib ki, Respublika Günündə Laçında keçirilən zirvə toplantısı Azərbaycan, Türkiyə və Pakistanın birgə əməkdaşlıqla yeni çoxqütblü dünya nizamında Türk Dövlətləri Təşkilatı çərçivəsində güc mərkəzinə çevrilmək iddiasının simvolik göstəricisidir:
"Azərbaycanın 28 May - Respublika Günündə Laçında keçirilən zirvə toplantısında Türkiyə Prezidenti, Pakistanın rəhbəri və Azərbaycan Prezidentinin iştirakı heç də təsadüfi deyildir. Birinci növbədə, belə bir toplantının Azərbaycanın müstəqillik günü kimi simvolik bir tarixdə keçirilməsi əlamətdar hadisədir. İkincisi, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə, həm Türkiyə, həm də Pakistanla münasibətlərini genişləndirir və beynəlxalq aləmə nümayiş etdirir ki, o, həm regional, həm də qlobal proseslərdə aparıcı dövlətdir və bu prosesləri tənzimləməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, Ukrayna müharibəsindən sonra dünya çoxqütblü bir sistemə doğru gedir. Dünya yenidən formatlaşır. Bu baxımdan sual yaranır: Azərbaycan, Türkiyə, Pakistan və Türk Dövlətləri Təşkilatı bu proseslərdə hansı mövqedə duracaq? Onlar hansı qütbün tərəfində yer alacaqlar? Məhz bu məqamda Azərbaycan və Türkiyə bu proseslərin lokomotivi kimi çıxış edir və Türk Dövlətləri Təşkilatının timsalında yeni qlobal güc mərkəzinə çevrilməkdədirlər".
Siyasi şərhçinin fikrincə, Azərbaycanın təşəbbüsü və liderliyi ilə formalaşan Turan İttifaqı, Türkiyə və Pakistanın dəstəyi ilə siyasi, iqtisadi və hərbi baxımdan yeni güc mərkəzinə çevrilərək qlobal proseslərə təsir göstərməyə iddialı bir birlik kimi meydana çıxır.
"Turan İttifaqının formalaşması, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan dünyada yeni bir güc mərkəzinin yaranmasına səbəb olur. Ümidvaram ki, Pakistan da bu ittifaqda gələcəkdə iştirak edəcək. Hesab edirəm ki, bu yaxınlarda keçirilən görüş də məhz bu məqsədə xidmət edir - Pakistanın gələcəkdə Türk Dövlətləri Təşkilatının tərkibində, Turan İttifaqında yer alması və bu ittifaqın fonunda Turan-İslam birliyinin formalaşması. Belə bir birlik, sözsüz ki, dünyada gedən proseslərə təsir etmək gücünə malik olacaq. Eyni zamanda qeyd etməliyəm ki, belə bir ittifaqın təşəkkül tapmasında Azərbaycan aparıcı rol oynayır. Toplantının məhz Azərbaycanda keçirilməsi də bu reallığı əks etdirir - Azərbaycan yeni bir güc mərkəzinə çevrilməkdədir. Unutmayaq ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik mövcuddur. Şuşa Bəyannaməsi ilə bu qardaşlığın gücü bir daha nümayiş etdirildi. 44 günlük Vətən müharibəsi zamanı həm Türkiyə, həm də Pakistan Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. Bu əməkdaşlıq onu göstərir ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü qlobal proseslərə biganə deyil və bu əməkdaşlıq özünü həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrdə göstərəcək. Hesab edirəm ki, gələcəkdə Pakistanın Türk Dövlətləri Təşkilatına üzv olması və bu strukturun bir ittifaq halına gəlməsi dünyada baş verən proseslərin tənzimlənməsində mühüm rol oynayacaq. Azərbaycan isə bu proseslərin lokomotivi olaraq çıxış edir".
Səidə Ramazanova