Aİ-nin Cənubi Qafqaz siyasətində Azərbaycan əsas tərəfdaşa çevrilirmi?- ÖZƏL
29 May 17:11 SiyasətAvropa İttifaqı və Azərbaycan Brüsseldə əməkdaşlığın dərinləşdirilməsi və Ermənistanla münasibətlərin normallaşdırılması üzrə razılığa gəliblər.
Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında ölkəmizin Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib:
"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələnin başlanması üçün ümidlər vardır və Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərindən sonra bu münasibətlərdə dinamikanın artımını müşahidə edirik. Ardınca Cənab Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı zirvə görüşündə iştirak etdi və sonraki proseslərdə qəbul olunan qərar belə oldu ki, 2028-ci ilin ikinci yarısında Azərbaycan bu tədbirə ev sahibliyi edəcəkdir, yəni tədbir Azərbaycanda keçiriləcəkdir.
Bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi üçün əsaslar yaradır və qarşıdakı dövrdə siyasət, təhlükəsizlik, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi istiqamətində addımlar atıla bilər və artıq onun ilkin məsləhətləşmələri həyata keçirilir. Hesab edirəm ki, qarşıdakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda ərazilərin minalardan təmizlənməsinə Avropa İttifaqı yardımçı ola bilər, bölgəyə sərmayə axınında iştirak edə bilər, yeni müəssisələrin inşası gözləniləndir və arzu olunandır. Beləliklə, bölgədə Avropa İttifaqı ilə Azərbaycan arasında çox sağlam münasibətlər qurula bilər və biz ayrı-ayrı qüvvə mərkəzləri ilə bərabərhüquqlu münasibətlərin tərəfdarıyıq və bu münasibətləri təşviq edirik.
Düşünürəm ki, Avropa İttifaqı həm də Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstək ola bilər.
Lakin burada bölgəyə radikal formada nüfuz etmək, Avropa İttifaqının mülki monitorinq missiyasının təyinatından kənar fəaliyyəti və bu xüsusda bölgədəki sabitliyə təhdid yaratması tamamilə yol verilməzdir. Eyni zamanda hesab edirəm ki, Avropa İttifaqı-Azərbaycan yaxınlaşmasını nəzərə alaraq, Avropa Parlamentində ölkəmizə qarşı qərəzli qətnamələr və müzakirələr görməyəcəyik. Yəni, hərtərəfli şəkildə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inkişaf etməli, tarazlı və balanslaşdırılmış olmalıdır".
Zeynəb Mustafazadə