Qızcığazın ünvansız məktubu...
14:49 Sosial
Uşaq yaşlarından rəssamlığa maraq göstərən Ayaz Səlimxanoğlu ağır döyüşlərdən sonra macal tapanda rəsm çəkməklə yanaşı, həm də cəbhə gündəliyi yazıb. Həmin gündəlikdən bir xatirəni təqdim edirik.
Hərbi hissədə yerləşəndən dərhal sonra təlimlərə başladıq. Təlimlər bitən kimi bizi ayrı-ayrı tağımlara böldülər. Arzuma çatmışdım. Əsgər kimi istədiyimi əldə etmiş, tankçı olmuşdum. Bizi günorta çağında təlim bazasından cəbhəyə yola saldılar. Demək olar ki, bütün döyüşçülərin gözlərində tezliklə düşmənlə üzbəüz gəlib vuruşmaq və Qələbə arzusunun işığı parıldayırdı.
1992-ci il sentyabr ayının ortaları idi. Əsgərlərimizin çoxu irəliləyən tankların üstündə oturmuşdu. Birdən tanklar dayandı. Tankın üst qapağını qaldırıb çölə boylandım ki, harada olduğumuzu öyrənim. Füzulinin Qərvənd kəndindəydik. Demə, bir məktəbin qarşısında imişik. Məktəbin qarşısına toplaşan kənd sakinləri, müəllimlər, böyüklü-kiçikli bütün uşaqlar Milli Ordunun əsgərlərini sevinclə, qürurla salamlayır, cəbhəyə yola salırdılar.
Birdən təsadüfən bizim tankdan xeyli aralıda dayanmış balaca bir qız uşağı gördüm. Məktəbli olmadığından, şagirdlərdən qıraqda durmuşdu. Əlində məktuba oxşar bir kağız parçası var idi. Çəkinə-çəkinə baxırdı. Sanki kimisə axtarırdı. Amma bəlkə də tanklardan qorxduğundan bizə tərəf yaxınlaşmağa ürək eləmirdi. Uşaqlara qarşı həmişə həssas olmuşam. Tankdan düşdüm. Qızcığaza tərəf gedə-gedə onu səsləyib yaxına çağırdım. Balaca qızcığaz ürəklənib dərhal qaça-qaça mənə tərəf gəldi. Çox həyəcanlı idi. Əlləri əsirdi. Əlindəki kağızı mənə uzadıb:
- Məktubdur,-dedi,-atam cəbhədə vuruşur. Bax, atamı tapıb bu məktubu ona çatdırarsan, əmi!
- Baş üstə,-dedim. Məktubu götürüb üstünə baxdım, heç bir ad, soyad yazılmamışdı. İstədim, atasının adını soruşum. Qız isə kağızı mənə verib tez dönüb buradan uzaqlaşmışdı. Arxasınca baxdım. Tələsdiyindən arada büdrəyib yıxılsa da, yerindən qalxıb arxaya baxmadan qaçırdı. İndi gəl ad-soyad yazılmayan naməlum bir əsgəri cəbhədə, sadəcə kəndini nişan verməklə axtarıb tap. Məktubu qoltuğuma qoydum. Az sonra tanklarımız irəlilədi.
Mən imkan düşdükcə o kəndi-Qərvəndi nişan verib köhnə döyüşçülərdən qızcığazın atasını soraqlayırdım. Xəbər verən yox idi. Bir gün növbəti döyüş ərəfəsində komandirimiz bizə yaxınlaşıb bildirdi ki, bu gün durduğumuz yerdə gecələcəyik. Vaxtımız var. Kim evə məktub yazmaq istəyirsə, yaza bilər, imkan yaranan kimi ünvanlara çatdırılacaq.
Məktub yazmaq istəyən əsgərlərin hərəsi bir tərəfə çəkildi. Necə deyərlər, hamısı kağız-qələmə sarılmışdı. Neçə vaxtdan bəri evdən xəbərim yox idi. Açığı, o vaxtacan heç kimə, heç bir məktub yazmamışdım. Məktubu necə, hansı sözlərlə başlamağı belə bilmirdim.
Birdən neçə vaxtdan bəri o balaca qızcığazın mənə verdiyi, hələ də qoltuq cibimdə gəzdirdiyim, ünvanını tapıb çatdıra bilmədiyim məktub yadıma düşdü.
Özlüyümdə bir xeyli götür-qoy etdikdən sonra qərara gəldim ki, açıb məktubu oxuyum. Bəlkə o məktubu oxumaq karıma gəldi. Hərçənd ki, özgəsinin məktubunu açıb oxumaq qəbahət idi. Özümə bəraət qazandırmaq üçün fikirləşdim ki, məktubu açıb oxusam, bəlkə sahibini də tez taparam... Zərfi açdım. Mat qaldım. Bir ağ dəftər vərəqi idi. Əvvəlcə fikirləşdim ki, uzun müddət ərzində qarın, yağışın altında islanıb yaş vəziyyətdə qaldığından sətirlər silinib, bəlkə. Amma sonra ağlıma gəldi ki, əsl səbəb başqadır.
Məktub yollayan o qızcığaz hələ yazıb-oxumağı bilməzdi, yəqin fikirləşmişdi ki, atası boş, ağ kağız vərəqinə baxmaqla da qızının ona deyəcəyi ürək sözlərini oxuya bilər...
Çünki diqqətlə baxdıqda o ağ dəftər vərəqinin üzərində damcı izlərindən qalan ləkələr aydın sezilirdi...
Ayaz Səlimxanoğlu