Ramiz Mehdiyev barəsində cinayət işi: Siyasi sistemdə böyük dəyişikliklərin başlanğıcı? - ÖZƏL

"Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi bu gün Azərbaycan ictimaiyyətində ciddi müzakirə olunur. Sosial şəbəkələrdə demək olar ki, hər bir media fəalı  Ramiz Mehdiyev ilə bağlı öz mövqeyini bölüşür. Əlaqələr və həmin dövrdə baş verən proseslər, onun  Azərbaycan siyasətində buraxdığı izlər müzakirə mövzusudur. Hesab edirəm ki, onun barəsində açılan cinayət işləri böyük bir prosesin başlanğıcıdır". 


Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Xüsusilə vurğulamaq lazımdır ki, barəsində başlanmış istintaq çox ciddi məsələləri üzə çıxaracaq. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması çox ağır maddələrdir. Hesab edirəm ki, bu araşdırmalar və təhqiqatlar nəticəsində çoxlu adlar və detallar üzə çıxa bilər. Çünki uzun illər ərzində Azərbaycanda siyasi elitanın formalaşmasında, vəzifə təyinatlarında, kadr bankının yaradılmasında və onların irəli çəkilməsində Ramiz Mehdiyevin "xüsusi xidmətləri" olmuşdur. Hesab edirəm ki, bu prosesə daxil olan bütün şəxslər ayırd edilməli və onların da haqqında müxtəlif tədbirlər həyata keçirilməlidir. Dövlətə xəyanət bağışlanılmazdır, qəbul edilməzdir. Azərbaycan torpaqlarını azad etmiş, şəhid canı, qanı ilə qələbə qazanmış bir dövlətdir və başlanan böyük siyasi prosesdə bir sıra mühüm addımların atılması zəruridir. Ramiz Mehdiyevin həbsi, düşünürəm ki, Azərbaycanda siyasi sistemdə böyük dəyişikliklərə gətirəcək və bu yalnız başlanğıcdır. Eləcə də "beşinci kolon"un, Rusiyanın agent şəbəkəsinin və xarici geosiyasi mərkəzlərə xidmət edən şəxslərin ifşası çox gecikməyəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31