Ömrün sınağı …  və ya  düşüncənin yenidən doğuluşu... Əkbər QOŞALI yazır

Duyğunu düşüncəyə, düşüncəni fikrə çevirmək, fikrini yazmaq, yazdığını kitablaşdırmaq, kitabını paylaşmaq, paylaşdığına dair tənqidi münasibətə açıq olmaq - bu, heç də hər adamın bacardığı məsələ deyil. Belə bir yaxlaşım ayrı-ayrı məmləkətlərdə və dönəmlərdə cəsarət tələb edib. Bax, belə cəsarətli fikir adamlarından biri Millət vəkili, Milli Məclisin öncə (29.09.2023-23.09.2024) Mədəniyyət komitəsinin, hazırda isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadır.
Onun ömrü, yaradıcılığı yalnız siyasətin və publisistikanın sərt yollarında deyil, həm də ideyaların yanar cəbhəsində keçib. Təsadüfi deyil ki, Fazil bəy 60 yaşına 30 kitab, 30 min kitablıq şəxsi kitabxana və bu il çapdan çıxmış trilogiya -
"AZƏRBAYCAN: Qaranlıq keçmişdən aydınlıq tarixə", "Anladım. Tanıdım. Yaşadım", "Cəhalət gülləsi, aydınlıq çiləsi" ilə gəlib. 

Yubilyarın axarıncı kitabı - "Cəhalət gülləsi, aydınlıq çiləsi" - bir müəllifin yeni əsəri olmaqdan savayı bir yaşam təntənəsidir.
Açıq-aydın görünür ki, güllə səsi ilə başlayan yaşam öyküsü, bir ideyanın aydınlıq manifestinə çevrilə bilir.

Bəli,
Fazil Mustafanın həyatı təkcə siyasi taleyin deyil, düşüncə cəsarətinin də sınağından keçdi.
2023-cü ilin 28 martında baş verən (hamının yadında olan) terror aktı onun bədənini yaraladı, lakin ruhunu yenidən doğurdu, dirçəltdi...
O, həmin aktı "Cəhalətin gülləsi" adlandırdı. Çünki bu atəş bir insana yox, elə məhz düşüncəyə, azad sözə, dünyəvi dövlətçiliyə yönəlmişdi.

Bu kitabda o, həmin hadisəni fərdi ağrı kimi deyil, milli bilincin, çağdaş düşüncənin sınağı kimi yozur.
Sətirlərində həm dövlət(çilik) fəlsəfəsi, həm dinin mahiyyətinə dair kəskin incələmə, həm də ruhun vətəncanlı, xalqcanlı dirənişi var.
Bu, necə deyərlər, "fiziki güllənin mənəvi cavabı"dır - çünki Fazil Mustafa gülləni fikirlə, cəhaləti aydınlıqla, qorxunu düşüncə ilə cavablandıran aydınlardandır.

"Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək, diriltmək anlamlarını daşıyır." - Bu sözlər Fazil bəyin axarıncı kitabına "Sözönü"ndəndir.
Bax, bu cümlə, əslində, tək bir kitabın yox, bir ömrün fəlsəfəsi olmağı haqq edir.

"Cəhalət gülləsi,  aydınlıq çiləsi" müəllifin öncəki iki əsəri - "Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə" və "Anladım. Tanıdım. Yaşadım" - ilə bir aydınlıq trilogiyasını təşkil edir.

Birinci kitabda o, milli tariximizin qaranlıq səhifələrinə işıq saldı.
İkincisində, insanın öz vicdanı ilə dialoqunu qurdu.
Üçüncüsündə isə, artıq həyatın özünü düşüncənin ocağında təhlil etdi.

Bu üç kitab bir bütöv ruh xəritəsidir:
- birincisində millət danışır,
- ikincisində insan,
- üçüncüsündə isə düşüncə özü.

Azərbaycanın çağdaş ideya məkanında Fazil Mustafanın publisistik üslubu həm maarifçi, həm də dövlətçi məktəbin davamıdır.
O, bir mütəfəkkirimizin tənqidi ağlını, digərinin dövlət idealını, başqa birinin mənəvi üsyanını bir xətdə birləşdirməyə çalışır.

Fazil bəyin kitabları geriçi fars-molla kültürünə qarşı doğma Türk-İslam mədəniyyətinin və qabaqcıl Batı düşüncəsinin birləşdiyi məkana çağırış dəyərindədir.

Bu, həm də müəllifin öz intellektual kimliyinin təsviridir: Gündoğarla Günbatarın kəsişməsində (yaxud qovuşmasında) duran türk aydını... - O türk aydını deyir ki, cəhalətə qarşı kitabla silahlanmaq ən yaxşı alternativdir.

Bu minvalla, Fazil Mustafanın mübarizəsi meydanda qalmır, masada - yazı masasının üstündə davam və inkişaf edir.
Onun "gülləyə qarşı kitab" fəlsəfəsi çağdaş  Azərbaycan düşüncəsinin simvoluna çevrilib:
"Mənim üçün o güllələrin səsi çoxdan susub; amma aydınlığın çiləsi hələ də davam edir"...
Bu, həm yaralanmış, həm dirilmiş bir düşüncənin ifadəsi deyilmi?
Cəhalət vurur, amma fikir sağaldır...

"Cəhalət gülləsi, aydınlıq çiləsi"ndəki bir digər önəmli xətt - din və siyasətin sınırlarının təyini, İran və ərəb təsirinə qarşı mənəvi dirənişdir.
Bəli və əlbəttə, dini siyasətdən ayırmaq imanı təmizləyir, siyasəti isə milliləşdirir.
Bu, həm də Azərbaycan modelinin - dünyəvi dövlət, milli dəyərlər və azad düşüncənin uzlaşmasıdır.
Beləliklə, Fazil Mustafanın yaradıcılığında çağdaş aydın tipologiyası formalaşır:
- Düşünən və mübarizə aparan;
- Oxuyan və öyrədən;
- Yaralanan, amma yenə də yazan aydın tipi.

Fazil Mustafanın 60 yaşı tamam oldu. 
60 sadəcə bioloji dönəmi bildirmiş olsaydı, onu mənalandırmaq bir dəyər daşımazdı; yaş o zaman yaş olur ki, bir düşüncə, fikir dönəmini bildirmiş olsun.
60 ilin önəmli bir bölümünü dövlət xidmətində, eyni zamanda düşüncə xidmətində keçirmək xoş yığvaldır.
Əminəm, Fazil bəy kimi aydınlar üçün yaş - təqvim deyil, məsuliyyətin, faydalı ömür sürməyin özüdür.

Fazil Mustafanın axarıncı kitabı - "Cəhalət gülləsi, aydınlıq çiləsi" - həm düşüncənin müdafiə qalası, həm də ömrün şəhadətnaməsi kimidir. 
Aydınlıq bədəl istər... Və bu bədəli ödəyənlər millətin gələcək yolunu işıqlandırmaqçün faydalı ömrü ömürlərin xası - ömür kimi ömür sayarlar.

Sonda bir məqamı vurğulamadan keçməyim. Trilogiyanın redaktorlarından biri olaraq deyə bilərəm ki, Fazil bəy fərqli düşüncəyə, alternativ fikrə münasibətdə - nəinki qarşı çıxır, əksinə onu rəğbətlə qarşılayır. - Bu da həm kitabların səhihliyini artırır, həm də estetikasını zənginləşdirir, məna qatlarını qüvvətləndirmiş olur. Əlbəttə, nəyi saxlayıb, nəyi çıxarmaqla bağlı son söz sahibi kitabın müəllifidir və bu, halda, razılaşmadığımız, toqquşan məqamlarda da itirən olmur. Çünki redaktor müəllifin öz fikrində qaldığı hallarda o mövzunu bir daha və daha dərindən, fərqli qaynaqlardan öyrənməyə istiqamətlənir; müəllif isə mümkün miqdar əsaslandırılmış alternativ (fərqli) fikirlərlə tanış olur; sonucda, qazanan ictimai fikir olur, oxucular olur. Çünki ortada konstruktivlik, sağlam mühit varsa, toqquşan fikirlərdən ziyan gəlməz; əksinə, sövq-təbii cilalanmaya xidmət etmiş olar... Necə ki olur.

Fazil bəyi əlamətdar yubileyi və yeni kitabları münasibəti ilə ürəkdən qutlayır, ona möhkəm cansağlığı, iş avandlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31