“Vətənimdir, vətənimdir...” sözlərindən “Şanlı Ad”a qədər: Füzulinin azadlığı necə həlledici mərhələ oldu? – ÖZƏL

""Vətənimdir, vətənimdir, vətənim" sözləri ilə otuz il boyu yad etdiyimiz, beş ildir şanlı ad etdiyimiz Füzulinin azad olunması gün kimi gündür, qutlu gündür!".

Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. 

"Gəlin Füzulinin azadlığının hərbi-siyasi təsirlərindən başlayaq. Bəli, bu, bir strateji atılım, düşmənin müdafiə xətlərinin darmadağın olması demək idi.
Füzuli istiqamətində intensiv döyüşlər zamanı Ermənistanın bir neçə səngər xətti, müdafiə bariyerləri sındırıldı. - Allah qoymasa, adına da "Keçilməz Ohanyan xətti" deyirdilər.
Özəlliklə Füzulinin, ətraf yüksəkliklərin və təchizat yollarının nəzarət altına alınması ilə düşmənin logistik dəstəyi kəsildi, cəbhə üzərində manevr imkanları məhdudlaşdırıldı", - deyə türkoloq əlavə edib.

Ə. Qoşalı qeyd edib ki, sonra, Güney cəbhəsində irəliləyiş fürsətini fərqləndirə bilərik: "Füzulinin götürülməsi ilə Azərbaycan Ordusu Güney istiqamətində - Xocavənd, Cəbrayıl, Zəngilan və təbii ki, Şuşa yönündə əməliyyatlar üçün daha əlverişli mövqe qazanmış oldu.  
Bax, bu atılım, "Sürətli əks hücum" planlarının davamlılığı üçün önəmli mərhələ oldu və Ermənistan tərəfinin müdafiə sistemini geridönməz şəkildə 
zorladı. 
Üçüncüsü, milli coşğu, iç siyasi təsirlər vurğulana bilər. Füzulinin qurtuluşu, xalqda qələbə ruhunu yükdəltdi. Ali Baş Komandanın "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" çağırışlarının həyata keçməsiydi. Bu hadisə diplomatik və ictimai bəyanatlarımızda danılmaz güc elementinə çevrildi".

Araşdırmaçı-yazar bildirib ki, bölgəsəl və uluslararası mövqedə güclənmə amilini də nəzərdən qaçırtmayalım: "Azad edilmiş bölgələrin sayı artdıqca, Azərbaycanın sərhədlərinin bərpası prosesi daha aydın görünür oldu. Bu, Qarabağ məsələsində uluslararası arenada Azərbaycanın mövqeyini gücləndirdi - öz torpaqlarını azad etmək hüququnu (necə deyərlər) vizual olaraq da sübut etdi.
Eyni zamanda, proses diplomatik proseslərə, sülh danışıqları, sülh müqaviləsi perspektivlərinə də təzyiq etmə imkanı verdi.
Beşincisi, Füzulinin azadlığını idarəetmə və yenidən yerləşdirmə siyasətinin başlanğıcı olaraq da qeyd etməliyik. Əlbəttə, Füzuli və ətraf kəndlərin qaytarılması, "Böyük Qayıdış" strategiyasının gerçəkləşməsi üçün ön şərtlərdən biri oldu. Bu isə bölgədə sosial-iqtisadi yenidənqurmaya keçid demək idi.
Beləliklə, Füzulinin qurtuluşu bir şəhərin azad edilməsindən ziyadə - cəbhə xəttində yeni tarazlıq yaratdı, Azərbaycanın təşəbbüskarlığını göstərdi və diplomatik-mənəvi üstünlüyü artırdı".

"Nəhayət, "Füzuli Şəhəri Günü"nün təsisi və onun önəmini vurğulamadan keçməyək.
Bəlirli tarixi anların rəsmi olaraq qeyd edilməsi, gələcək nəsillərdə unudulmamağı təmin edir. "Füzuli Şəhəri Günü" bu şəhərin azad olunmasını milli təqvimə daxil edir - bu gün, döyüşlərin, canların və vətən nisgilinin simvoludur. Bu, həm də şəhərin simvolik dirçəlişi üçün parlaq rəmzdir.
Bu günün təsis edilməsi ilə dövlət ictimaiyyətə ismarıc verir: "Füzuli eyni zamanda hüquqi, mədəni və rəmzi olaraq da geri qaytarılıb, yalnız fiziki olaraq...
Və könüllərdə "Füzuli bizimdir" anlayışı möhkəmləndirilir.
Rəsmi gün, həmin bölgəyə diqqəti cəlb edir - dövlət orqanları, fondlar, yatırımçılar üçün (haqlı olaraq) prioritet bölgə kimi təqdim edilir. Artıq Füzuli hava limanı dörd yanda tanınır; yollar, yaşayış məntəqələrinin yenidən qurulması planları həyata keçirilir.  
Hər il keçirilən tədbirlər, festival və konsertlər, o günə toxunan infrastruktur layihələri bölgənon mədəni və turizm potensialını da canlandırır.
Bu günün qeyd edilməsi vasitəsilə, doğma torpağına qayıdan və hələ dönməyi gözləyənlər arasında qüvvətli bağ formalaşır. Kəndlərarası, rayonlararası birgə törənlər, şənliklər, anım tədbirləri vasitəsilə birlik duyğusu güclənir", - deyə türkoloq vurğulayıb.
    
Ə. Qoşalı onu da qeyd edib ki, işğal illərində dağılan, məhv edilən tarixi abidələr, evlər, məscidlər - bunlar sosial yaddaşda "zərər görmüş mədəni irs" kimi qalır. Hər il bu günü qeyd etməklə, həmin ziyanlar unudulmaz hala gəlir və bərpa işlərinin önəmi xatırlanır.  
"Füzuli Şəhəri Günü" həm də gələcək nəsillərə tarix dərsi verir: işğal, dirçəliş, doğma torpağın geri qaytarılması mübarizəsi!..

"Füzulidə qardaş ölkələrin - Qazaxıstan, Özbəkistan, Türkmənistan bayraqları da dalğalanır - mədəniyyət ocağı, məktəb, məscid önündə... Bütün qardaşlarımız mənəvi cəhətdən yanımızdadır. Azad olmuş bölgələr arasında belə günlərin olması, həmin yerlərin yenidən Azərbaycan mədəni mənzərəsinə inteqrasiyasını asanlaşdırır. - Füzuli, siimvolik olaraq, Qarabağın ürəyi kimi irəli çıxır - həm tarixi, həm mədəni dirçəliş məntəqəsi olaraq", - deyə türkoloq sonda əlavə edib.

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31