Səssiz qəhrəmanlar – səsləndirmənin görünməyən dünyası
9 May 18:43 MüsahibəDublyajla məşğul olanlar ögey uşaqlar kimidirlər...
Onlar hər gün evimizə gəlirlər - sevdiyimiz cizgi filmlərində, filmlərdə, seriallarda... Amma heç vaxt üzlərini görmürük. Bir obraz danışanda "Bu səs tanışdır" deyirik, amma kimin səsi olduğunu bilmədən keçirik. Filmlərdə obrazlara can verən, onların duyğularını bizə çatdıran səsləndirmə ustaları var - adları titrlərdə sürətlə keçən, özü görünməyən sənət adamları. Onlar pərdənin arxasında olsa da, yaddaşımızın önündədirlər.
Səsləndirmə sənətçiləri başqalarının həyatını səsi ilə yaşayır, kamera qarşısında yox, arxasında dayanırlar. Bəlkə də illərdir bir dost kimi qulağımızda eşitdiyimiz o səsin sahibini heç tanımamışıq.
Azərbaycanın səsləndirmə sənətçisi. Azərbaycan Respublikasının Əməkdar Artisti Nəcibə Hüseynova ilə səsləndirmənin görünməyən dünyasından danışdıq.
- Səsləndirmə sənəti bizə görünməyən bir sahədir. Tamaşaçılar üçün unudulmaz səslər yaradırsınız, bəs bu səslər sizin üçün hansı mənanı daşıyır?
-Səsləndirdiyim rolları tamaşaçılar bəyənirsə, sevirsə və məni bu səslə tanıyırsa, mən bunu özümə böyük uğur hesab edirəm. Bu mənada özümü həmin rolun ikinci ifaçısı sayıram.
-Bir aktyor obrazı bütün mimikası ilə canlandırır. Sizsə yalnız səsinizlə. Bu çətinliyin öhdəsindən necə gəlirsiniz?
- Yalnız səslə - quru səslə, onu səsləndirsəm, uğurlu alınmaz. Ümumiyyətlə, o obraz canlı olmaz, yəni belə mexaniki, yeknəsəq bir şey olar. Onu nə rejissor qəbul edər, nə də ümumiyyətlə, heç kim belə bir işi bəyənməz.
Rolu səsləndirəndə, bayaq dediyim kimi, ikinci ifaçı olaraq onun bütün o mimikasına uyğun keçirdiyi hissi, həyəcanı - hər şeyi səsləndirən adam öz süzgəcindən keçirir. Yəni onunla birlikdə həmin rolun ifaçısı olur. Əgər bu olmazsa, deməli, onun ekranda görünən mimikası ilə səsin intonasiyası üst-üstə düşməz, düzgün alınmaz. Bu iş əlbəttə ki, çətindir. Bir var, siz demiş, üz ifadəsi, hansısa hərəkətlər köməkçi vasitələrdir. Bununla keçirdiyimiz halı, əhvalı çatdıra bilirik. Bir də var ki, bu görünmürsə, amma səsi, dəqiq intonasiyanı, əhvalı tutub onu səsin ahəngi ilə düzgün çatdırmaq... əlbəttə ki, bu daha çətindir. Heç kimə kənardan bu asan gəlməsin. "Yalnız səsdir" - xeyr. Səslə bərabər həmin anda insanın bütün canı, qanı hər şey işləyir.
- Azərbaycanda dublyaj sənətini necə qiymətləndirirsiniz? Sizcə indi vəziyyət dəyişibmi?
- Sovet dönəmində və 90-cı illərdə olan dublyaj fərqli idi. Köhnə filmlərdə bəyənilən səsləndirmə bir başqa, 90-cı illərdə olan dublaj tamam başqa idi. Texniki fərq çox böyükdür.
90-cı illərdə səsləndirmə əlbəttə ki, o qədər də bəyənilmirdi. Çünki səsləndirmə daha çox, kadrarxası mətn kimi oxunurdu və o, yaxşı qarşılanmırdı. 90-cı illərdən bu yana uzun illər keçib. Əlbəttə ki, bizim dublajımız xeyli inkişaf edib. Xeyli yeni səslər yetişib, bu sahəyə gələn aktyorların sayı da artıb. Və artıq onlar özləri də ustalaşıb, püxtələşib.
- Texnologiyanın inkişafı ilə səsləndirmə prosesi asanlaşıb, yoxsa sənətkarlıq daha da risk altına düşüb?
- Texnologiyanın inkişafı ilə səsləndirmə prosesi əlbəttə xeyli asanlaşıb. Əvvəllər daha çox vaxt sərf olunurdu hansısa filmin səsləndirilməsinə indi vaxt qısalıb, daha tez başa gəlir.
Sənətkarlıq risk altına düşməyib, düşə də bilməz. Çünki sənətkarlıq sırf aktyora aiddir - rolu yaratmaq, rolu yaşamaq, həmin o ifaçı aktyorla birgə o donu girmək. Bu olduğu kimi qalır. Sadəcə texnologiyanın inkişafı ilə bağlı olaraq əvvəllər daha çox vaxt sərf olunurdu hansısa filmin səsləndirilməsinə indi vaxt qısalıb, daha tez başa gəlir.
Ümumiyyətlə, mən deyərdim ki, sənətkarlıq heç vaxt risk altına düşə bilməz. Nə qədər ki bu sənət olub, var və olacaq, sənətkarlar yetişəcək. Əlbəttə ki, öz işinin öhdəsindən gələcək və sənətkarlıq daim yaşayacaq.
- Bəzi tamaşaçılar sizi illərlə eşidib, amma tanımayıb. Səsinizlə milyonlara toxunmaq, amma görünməmək necə bir hissdir?
- Tamaşaçıların əksəriyyəti məni illərlə eşidib, amma tanımayıb. Bəli, amma 90-cı illərə qədər məni bir xeyli tamaşaçı tanıyıb. Yəni yaşlı və orta nəsil tanıyıb. Təbii ki, aktyorların sayı da artıb. İndi yanaşma fərqlidir. Müxtəlif janrlar var, müxtəlif vasitələr var. Hər kəs müxtəlif üsullarla özünü tanıdır. Məsələn sosial şəbəkələrdə tanınırlar. Təbii, yeni nəsil o qədər də tanımır. Amma çox maraqlıdır ki, bizim bu dublaj sənətinə daha çox maraq göstərən yeni nəsil nümayəndələri də var. Artıq mən dəfələrlə rastlaşmışam belə bir hallarla. Danışırıq məni tanıyır görürəm ki, cavandır. Fikirləşirəm ki, yəqin bu bizim sənətlə maraqlanan cavanlardandır.
- Azərbaycanda səsləndirmə sahəsində hansı dəyişiklikləri görmək istərdiniz? Bu sahənin gələcəyinə dair arzularınız nələrdir?
- İlk növbədə bu işlə məşğul olan, aktyorları olan, belə deyək, aidiyyəti olan qurumların münasibətinin dəyişməsini istərdim. Yəni bu işlə məşğul olan, sizin də dediyiniz kimi, üzdə görünməyən, səslə tanınan aktyorlar var - bəziləri teatrda da çalışır, amma bəziləri var ki, ümumiyyətlə yalnız kino ilə, yalnız səsləndirmə ilə məşğuldurlar. İstərdim ki, onlara münasibət ögey olmasın. Mən həmişə belə demişəm: dublyajla məşğul olanlar ögey uşaqlar kimidirlər. Belə olmamalıdır. Çünki onların əməyi heç də digərlərindən əskik deyil. Hətta daha çoxdur.
Mən onlara "fədailər" deyirəm. Təsəvvür edin, kənar səslər olmasın deyə qapalı, bağlı məkanda saatlarla otururlar. Mikrofon qarşısında, monitor qarşısında saatlarla. Onlara qarşı da münasibət daha isti olsun, əməkləri düzgün qiymətləndirilsin. Bu sahədə çalışanlar təkcə filmi səsləndirmirlər, dublyaj etmirlər. Eyni zamanda bizim doğma dilimizi də təbliğ edirlər. Hər bir millət öz doğma dilini qorumağa çalışmalıdır, qorumalıdır. Mən həmişə cavanlara tövsiyə edirəm: dilinizi qoruyun. Daha doğrusu, bizim doğma Azərbaycan dilimizi qoruyun.
- Dublyaj aktyoru olmaq istəyən birinin hansı bacarıqları mütləq şəkildə olmalıdır? Səsin gözəlliyi kifayətdirmi?
Dublyaj aktyoru olmaq istəyən hər kəsin təkcə gözəl səsə malik olması kifayət deyil. Əvvəl dediklərim kimi yəni mütləq rola girmək, onun "gövdəsinə girmək", onun halını, əhvalını, səs tonunu, intonasiyasını öz daxilindən keçirə bilmək lazımdır. Eyni zamanda texniki tərəfi də var - dili mükəmməl bilmək vacibdir. Bəli, çünki insan olan yerdə səhv də ola bilər. Amma aktyor bu səhvi kör-köranə təkrar etməməlidir. Ən azından dərk etməlidir, başa düşməlidir ki, bu dəqiqə nə oxudu, nə dedi. Oradakı fikir düzgündürmü? Bu dialoq doğru qurulubmu? Hər şey mümkündür, ona görə də savadlı olmaq vacibdir.
- Azərbaycanda səsləndirmə sənətinin bu günkü durumu sizi qane edirmi və bu sahədə hansı boşluqlar var?
- İstərdim ki, tərcümə məsələsinə də, aidiyyəti qurumlar diqqət yetirsin. Texniki tərcümə yox, məhz kino dilində tərcümələr olmalıdır. Bəziləri bunu başa düşmür - deyir, nə fərqi var? Fərq odur ki, kino dili bizim həyatdakı danışıq dilimizdir. Sırf bədii, ədəbi, kitab dili ilə danışmaq nə kifayətdir, nə də lazımdır. Orada incəliklər var. Əgər səsləndirilən ibarə ilə danışırsa, yəni hansısa bir zümrənin nümayəndəsidirsə, bəli, bir cür danışıq tələb olunur. Əgər adi, sadə, məişət danışığıdırsa, orada ədəbi, bədii cümlələrdən istifadə olunmur. Bu tamaşaçını da çaşdırır. Bu illər ərzində yetişmiş bir qrup aktyorlarımız var, onlarınla bərabər tərcüməçilər də. Həmin qrup öz tərcüməçilərini də özü yetişdirib. Onlar bilirlər ki, kino üçün tərcümədə nələrə diqqət yetirmək lazımdır.
Digər məsələ, 90-cı illərlə müqayisə etmişəm, düzdür, xeyli fərqlidir, inkişaf var. Amma bizim köhnə filmlərimizdə, kinostudiyada səsləndirilən filmlərdə hər bir aktyora bir rol tapşırılırdı və o həmin rolun üzərində işləyirdi aktyorlar çalışır, səslərini dəyişirlər, nələrsə edirlər, amma bu da onlara daha çox yük olur. Belə bir vəziyyətin olmaması üçün bir az maddi tərəfdən, yəni vəsaitin daha yaxşı ayrılması məsələsi ortaya çıxır. Əgər bu vəsait olsa, əlbəttə ki, aktyorların sayı da daha çox olar və film daha keyfiyyətli alınar. Hələ də bizdə, əgər baş rolun ifaçısı bir nəfərdirsə, qalan rollar yenə də bir neçə aktyorun arasında paylanır. Yəni hərəyə heç olmasa iki rol düşür - bu, ən azıdır. Bunun olmaması üçün, yəni hər kəsə yalnız bir rol düşməsi üçün, yenə də vəsait məsələsi önə çıxır.
Zeynəb Mustafazadə