Dünyamız imtahan qarşısında: URAN,NÜVƏ, RADİASİYA...
10:41 MüsahibəSadiq Həsənov: " MAQATE Metsamor Atom Elektrik Stansiyası ilə bağlı davamlı monitorinq aparır. Gözlənilir ki, 2036-cı ildə stansiyanın fəaliyyəti tamamilə dayandırılacaq, lakin..."
Artıq xeyli müddətdir ki, dünyamız uranın zənginləşdirilməsi, nüvə və radiasiya problemlərindən narahatdır. 12 gün davam edən İsrail- İran müharibəsi isə bu qlobal məsələni daha kəskin şəkildə gündəmə gətirdi. Həmsöhbətimiz kimya elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi Sadiq Həsənovdur. Söhbətimiz dünya üzrə atom elektrik stansiyaları, uranın yanacaq kimi istifadə olunma prinsipi, radiasiyanın canlı orqanizmlərə təsiri, atom enerjisinin təhlükələri ilə bağlı hansı nümunələr, nüvə silahlarının sınaq poliqonları, radiasiyanın insan bədəninə təsiri, Metsamor Atom Elektrik Stansiyası və onun ətraf mühit və region üçün riskləri, atom elektrik stansiyalarında qəza və radiasiya sızması halında nə baş verməsi, İranın nüvə proqramı ilə bağlı vəziyyət, atom enerjisinin gələcəkdə rolu kimi məsələlər ətrafında oldu.
Bilənlər bilir, bilməyənlər üçün bir qədər uran haqqında
Sadiq Həsənov deyir ki, hazırda dünyada alternativ enerji mənbələrinin inkişafı ilə yanaşı, atom elektrik stansiyalarının da geniş şəkildə tətbiq olunduğu müşahidə edilir. Hazırda dünyada təxminən 192 atom elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyaların yerləşdiyi əsas ölkələr sırasında Rusiya, Fransa, Böyük Britaniya, ABŞ, Çin və digər ölkələr yer alır.
Bu atom elektrik stansiyalarında əsas enerji mənbəyi kimi nüvə enerjisindən, daha dəqiq desək, uran enerjisindən istifadə olunur: "Uran bildiyimiz kimi radioaktiv maddədir və onun üç izotopu mövcuddur: Uran-238 (təbiətdə daha çox rast gəlinən), Uran-235 və Uran-233. Atom elektrik stansiyalarında əsasən Uran-235 izotopu yanacaq kimi istifadə olunur. Bəzi hallarda Uran-233 də istifadə olunsa da, əsas enerji mənbəyi Uran-235-dir. Bu proses belə həyata keçirilir: yanacaq elementləri xüsusi kapsullarda (ampulalarda) yerləşdirilir və reaktorda neytronlarla bombardman edilir. Bu bombardman nəticəsində uran nüvəsi parçalanır və böyük miqdarda enerji ayrılır. Qeyd olunur ki, 1 kq uranın yaratdığı enerji təxminən 500-600 kq kömürün yaratdığı enerjiyə bərabərdir.
Sonrakı mərhələdə bu enerji istilik enerjisindən mexaniki enerjiyə, daha sonra isə elektrik enerjisinə çevrilir. Beləliklə, atom elektrik stansiyasında elektrik enerjisi əldə olunur. İstifadə edilmiş uran kapsulları (yanacaq elementləri) tam şəkildə toplanır və utilizasiya edilir. Bu sahədə xüsusi tədbirlər görülür: işlənmiş uran elementləri xüsusi konteynerlərdə toplanır və bu konteynerlər qalın betonla və ya qurğuşunla örtülür ki, radiasiyanın sızma ehtimalı minimuma endirilsin. Çünki uranın təbiətdə yarım parçalanma dövrü-milyard il (109 )il təşkil edir.
Əgər 1 kq uran ətraf mühitə yayılsa, uzun müddət ərzində atmosferdə qalmaqla canlılara və bitkilərə ciddi ziyan vura bilər. O, həm atmosferdə, torpaqda çox sürətlə yayıla bilər. Suya düşdükdə isə daha sürətlə yayılır və insan orqanizminə çox ciddi təsir etməklə qısa müddət ölümcül təsirlər göstərə bilər.
Minlərlə insanın həlak olduğu qəzalar
- Sadiq Həsənovun sözlərinə görə, bu cür hadisələr bizə Çernobıl qəzasından məlumdur. Eyni zamanda 2011-ci ildə Yaponiyada baş verən Fukuşima qəzası və 1957-ci ildə SSRİ-də Uralda baş vermiş ilk nüvə qəzası da nüvə enerjisinin risklərini aydın şəkildə göstərmişdir. 1957-ci ildə baş vermiş qəza Sibirin Mayak adlanan nüvə obyektlərindən birində qeydə alınmışdı. Həmin hadisə ciddi radiasiya sızıntısına və ətraf mühitə böyük zərərə səbəb olmuşdu.
- Eyni zamanda bildiyimiz kimi, radioaktiv maddələrdən atom silahları da hazırlanıb. Bu silahlardan ilk dəfə 1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın iki şəhərinə - Xirosima və Naqasakiyə atılmış atom bombaları istifadə olunmuşdu. Nəticədə həmin şəhərlərdə minlərlə insan həlak olmuş, şəhərlər demək olar ki, tamamilə məhv olmuşdu.
- "Bu fəlakətin izləri bu gün də həmin ərazilərdə qalmaqdadır. Şəhərlər uzun illər insan yaşayışı üçün yararsız olmuş, ərazilər sanki çöllüyə çevrilmiş, ekoloji və genetik fəsadlar uzun müddət davam etmişdir.
- Digər tərəfdən, dünyada atom bombalarının sınaqdan keçirildiyi ərazilər mövcuddur. Bu sınaq poliqonları əsasən Qazaxıstan, Rusiya, ABŞ və Böyük Britaniya ərazisində yerləşir. Xüsusilə, Qazaxıstandakı Semipalatinsk poliqonu, Rusiyadakı Novaya Zemlya, eləcə də ABŞ-ın Nevadadakı poliqonu bu baxımdan tanınır."-deyə alim qeyd edir.
- Bu sınaqlar keçirildiyi zaman ətraf mühitə böyük təsirləri olub. Radiasiya torpağa, havaya və suya yayılıb, insanların sağlamlığına və ətraf mühitə uzunmüddətli zərər vurur.
"Hətta bəzi ölkələrdə, məsələn, Qırğızıstanda xüsusi ərazilər ayrılıb ki, həmin ərazilərdə nüvə tullantıları basdırılır. Bu ərazilər bu gün də dünyanın ən çirklənmiş zonaları sırasına daxildir və radiasiya təhlükəsi davam edir. Bu ərazi Mayluu-Suu adlanır. Həmin ərazidə uran yataqları mövcuddur və orada mədənlərdə uran hasilatı həyata keçirilir. Bu hasilat zamanı, yəni mədən işləri vaxtı ətraf mühit çirklənir və həmin ərazi çirklənmiş zona hesab olunur. Həmin ərazidə radiasiya səviyyəsi yüksəkdir. Məsələn, biz bilirik ki, orta çirklənmə səviyyəsi 20 mikrore-ntgen civarında olduqda bu normal sayılır. Lakin bu göstərici 30, 40, 50, hətta 100 mikro-rentgenə qədər artdıqda, artıq ərazi radiasiya ilə çirklənmiş zona hesab olunur."
Qarşısı mütləq alınmalıdır...
Sadiq Həsənovun sözlərinə görə, Çernobıl qəzası zamanı radiasiya səviyyəsi qısa müddətdə 1000 rentgeni keçmişdi. Bu isə radiasiyanın çox böyük sürətlə yayılmasına səbəb olmuş, nəticədə radiasiya Belarusa, Almaniyaya və hətta İsveçə qədər çatmışdı.
"Bu, çox böyük bir fəlakət idi. Eyni zamanda radiasiya torpağa çökərək daha da təhlükəli vəziyyət yaratmışdı. Məsələn, Çernobılda elə bir təhlükəli vəziyyət yaranmışdı ki, əgər radiasiya çirklənməsi yaxınlıqdakı Dnepr çayına keçsəydi, bu, böyük ekoloji faciəyə səbəb ola bilərdi. Bunun qarşısını almaq üçün çox qısa vaxt ərzində yeraltı tunel qazılmış və həmin ərazi betonla izolyasiya edilmişdi. Məqsəd, radiasiyanın çaya sızmasının qarşısını almaq idi. Çünki həmin çayın hövzəsində təxminən 50 milyon insan yaşayırdı və bu insanlar radiasiya ilə çirklənmiş suyun təsirinə məruz qala bilərdi.-deyə müsahibim əlavə edir.
Radiasiya əsasən atom elektrik stansiyalarında (AES) və nüvə silahlarının sınaq poliqonlarında baş vermiş qəzalar nəticəsində ətrafa yayılıb. Fukuşima (Yaponiya), Çernobıl (Ukrayna), Mayak (Rusiya) və ABŞ-də sınaq zamanı baş verən radiasiya sızmaları, bütün dünyada belə qənaətə gəlməyə səbəb olmuşdur ki, bu cür qəzaların qarşısı mütləq alınmalıdır.
Bu səbəbdən müxtəlif mühafizə tədbirləri görülüb. Məsələn, Çernobıl qəzasından öncə həyata keçirilmiş layihələrdə (VVER-440) də müəyyən təhlükəsizlik tədbirləri mövcud idi. Lakin həmin tədbirlər yetərli və təsirli olmadığı üçün, Çernobıl qəzasından sonra bu sistemlər daha da təkmilləşdirildi.
Sadiq Həsənov deyir ki, bunlardan biri belə idi: reaktorun alt hissəsində dərin quyular qazıldı. Əgər reaktorda qəza baş verərdisə, bu zaman quyular avtomatik açılır, içəridəki uran yanacağı və digər radioaktiv maddələr həmin quyulara tökülür və üstü bir neçə qat qalın betonla örtülürdü. Bu da radiasiyanın ətraf mühitə yayılmasının qarşısını almağa xidmət edirdi. Bu cür yanaşmalar təhlükəsizlik və fövqəladə vəziyyətə qarşı tədbirlər sistemi çərçivəsində tətbiq olunurdu:
"Lakin son dövrlərdə AES-lərlə bağlı yeni yanaşmalar formalaşıb. Bunlardan biri kiçik modullu atom elektrik stansiyalarıdır. Bu yeni texnologiya daha təhlükəsiz və effektiv hesab olunur.
Eyni zamanda, enerji sektorunda yaşıl enerjiyə keçid tendensiyası da mövcuddur. Bu yanaşmada reaktorların aktivləşdirilməsi zamanı oksigen istifadə olunmur(radiaktiv parçalanma reaktorun içərisində qapalı gedir) və bu da ətraf mühitə təsiri minimuma endirir. Yəni ətraf mühit üçün demək olar ki, heç bir təhlükə yaranmır. Yalnız nüvə tullantılarının düzgün basdırılması və izolyasiya edilməsi ilə bağlı müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi vacib sayılır. Bu istiqamətdə bəzi araşdırmalar da aparılır. Fransanın bir institutunun təşkil etdiyi tədqiqat qrupu Metsamor Atom Elektrik Stansiyasının ətrafında laboratoriya yaratmışdır. Nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrdə qeyd olunur kio, həmin laboratoriyada tullantı kimi toplanan uran nümunələri (məsələn, 200-300 və ya 500 qramlıq nümunələr) plutoniuma çevrilir. Plutonium isə yanacaq kimi və ya digər texnoloji məqsədlərlə istifadə oluna bilir. Radiaktiv maddələr dozası əsasən qrey(Gy), zivert, rentgen və radian ilə ölçülür. Atmosferdə şüalanma dozası zamanı ən çox istifadə olunan vahidlərdən biri isə rentgendir, xüsusilə daha kiçik dozalarda mikro-rentgen şəklində."
Radiasiyanın insan bədəninə təsiri
Sadiq Həsənov təsdiq edir ki, həqiqətən də radiasiya bizim gündəlik həyatımızda da mövcuddur. Günəşdən daxil olan radiasiya da buna daxildir, lakin bu təhlükəsiz səviyyədə olduğu üçün insan bədəninə zərər vermir. Təhlükəli hədd isə müəyyən dozanı keçəndə yaranır. Məsələn, 20 mikrorentgen səviyyəsi dünya üzrə qəbul olunmuş norma hesab olunur. Bu səviyyədən yuxarı radiasiya orqanizmə zərərli ola bilər.Radiasiyanın insan bədəninə iki əsas təsir növü var:
Fiziki təsir - ionlaşdırıcı şüaların hüceyrələrə nüfuz edərək molekulları parçalaması.
Bioloji təsir - bu parçalanmalar nəticəsində toxumalar və orqanlar sıradan çıxır.
"İnsan bədənini laboratoriya kimi təsəvvür etsək, o, müxtəlif üzvi maddələrdən (zülallar, karbohidratlar, yağlar və s.) ibarətdir. Radiasiya bu maddələrin strukturlarını pozur, oksigensizləşmə və ionlaşma prosesi gedir, nəticədə daxili orqanlar çox sürətlə sıradan çıxır.
- Tarixdə belə bir hadisə də qeydə alınıb:
- Uzun müddət radiaktiv maddələrlə tədqiqat aparan polşalı alim Pyer Küri (Pierre Curie) radiasiyanın insan orqanizminə təsirini öyrənmək məqsədilə, radioaktiv maddəni az dozada qoluna qoymuşdu. Üç saat saxladıqdan sonra həmin yerdə qaralmış bir ləkə yaranmışdı. Bir neçə saat sonra bu ləkə bədənin başqa hissələrində də əmələ gəlmiş, bir gündən sonra isə daha da genişlənmişdi. Nəticədə bir həftə ərzində bütün bədən zədələnmişdi.
- Radiasiya 3 növü var qamma şüaları, betta şüaları və alfa şüaları. Qamma və betta şüaları ion şüları olduğundan daha sürətlə yayılır və bütün maddələrdən asanlıqla keçə bilirlər. Alfa şüaları zərrəcik zərrəciklər şəklində yayılır. Biz bu zərrəcikləri gözlə görə bilmirik, çünki onlar çox kiçik ölçüdə olurlar - təxminən 10⁻¹⁰ metr (bir nanometrdən də kiçik). Bu zərrəcikləri yalnız mikroskop altında milyard dəfə böyüdərək görmək mümkündür.
Bu zərrəciklər insan bədəninə daxil olduqda orqanizmdəki üzvi maddələrə təsir göstərir, onları parçalayır və hüceyrələrin, xüsusilə də genetik materialın - DNT-nin strukturunu pozur. Nəticədə xərçəng, mutasiyalar və digər ağır xəstəliklər yarana bilər."-deyə alim əlavə edib.
Sadiq Həsənov onu da bildirib ki, Metsamor Atom Elektrik Stansiyası (AES) həm Ermənistan, həm də ona yaxın yerləşən Azərbaycan və Türkiyə üçün ciddi təhlükə mənbəyidir. Stansiya İrəvan şəhərindən təxminən 26 km məsafədə, Metsamor şəhərində yerləşir. Yəni coğrafi baxımdan bu stansiya region ölkələri üçün kifayət qədər yaxın məsafədədir.
Metsamor AES 1980-ci illərdə istismara verilmiş və iki enerji blokundan ibarətdir. Bu bloklarda ümumilikdə 370-400 MVt gücündə elektrik enerjisi istehsal edən reaktorlar fəaliyyət göstərir.
1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsindən sonra stansiyada zədələnmələr müşahidə olunmuş, bu səbəbdən birinci reaktor dayandırılmışdır. Daha sonra ikinci reaktorun fəaliyyəti də müvəqqəti olaraq dayandırılmış, lakin təmir edildikdən sonra yenidən işə salınmışdır. Son illərdə bu reaktorun istismar müddəti bir neçə dəfə uzadılmışdır.
Sonuncu əsaslı təmir işləri Rusiyanın "Rosatom" şirkəti tərəfindən həyata keçirilmişdir. Təmir işlərindən sonra reaktorun istismar müddəti 2036-cı ilə qədər uzadılmışdır.
Stansiyada toplanmış nüvə tullantılarının utilizasiyası ilə bağlı məsələlər hələ də açıq qalır. 1990-cı illərdən sonra bu tullantıların daşınması zamanı logistika problemləri yaranmış və nəticədə tullantılar müəyyən ərazilərdə müvəqqəti anbarlara yığılmışdır.
Daha sonra Fransanın nüvə texnologiyaları sahəsində fəaliyyət göstərən bəzi şirkətləri həmin ərazidə laboratoriyalar quraraq plutonium əldə etmək məqsədilə təcrübələr aparmağa başlamışdılar. Məlumdur ki, müəyyən zənginləşdirmə proseslərindən sonra Uran-235 izotopu üzərində aparılan işlər nəticəsində plutonium əldə etmək mümkündür.
"Əgər Metsamor AES-də hər hansı qəza baş verərsə, bu zaman reaktorda və ərazidə yığılmış nüvə tullantılarının ətraf mühitə sızması, region üçün çox böyük ekoloji fəlakətə səbəb ola bilər."-bu Sadiq müəllimin bir alim kimi xəbərdarlığıdır.
Sadiq Həsənovun sözlərinə görə MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) bu AES-in fəaliyyəti ilə bağlı davamlı monitorinq aparır və nəzarəti təmin edir. Gözlənilir ki, 2036-cı ildə stansiyanın fəaliyyəti tamamilə dayandırılacaq: "Lakin bəzi məlumatlara görə, Ermənistan hökumətinin ABŞ və "Rosatom" şirkətləri ilə aparılan danışıqlarda Metsamor AES-in bağlanmasından sonra Ermənistanda yeni atom elektrik stansiyasının inşası ilə bağlı planlar mövcuddur.
Məlumat üçün qeyd edək ki, təxminən 440 MVt gücündə bir atom elektrik stansiyasının işləməsi üçün bir ildə 40 tona qədər uran tələb oluna bilər. Bu zaman əsas yanacaq kimi Uran-235 izotopu istifadə edilir.
Bəşəriyyət yaşıl enerji keçidinə doğru irəlilədikcə...
Təbii ki, atom energetikası radioaktiv maddələrdən istifadə edilərək enerji istehsal etdiyi üçün tam təhlükəsiz sayılmır - əksinə, xeyli təhlükəlidir. Hər hansı qəza baş verdikdə, çox zaman operatorlar və mütəxəssislər vəziyyətdən necə çıxmalı olduqlarını bilmirlər.
Məsələn, Fukuşima qəzası - inkişaf etmiş ölkə olan Yaponiyada baş versə də - Sunami nəticəsində reaktorlarda qəza baş vermiş, radiasiya fonu kəskin şəkildə artmışdı. Uzun müddət vəziyyəti nəzarətə almaqda çətinliklər yaşanmışdı. Bu da göstərir ki, atom elektrik stansiyaları həmişə müəyyən risk mənbəyi olaraq qalır.
Lakin buna baxmayaraq, bəşəriyyət yaşıl enerji keçidinə doğru irəlilədikcə, düşünürəm ki, gələcəkdə də atom elektrik stansiyalarından istifadə artacaq. Əgər zəruri təhlükəsizlik tədbirləri görülərsə, bu enerji növündən daha geniş və effektiv istifadə mümkündür.
Bu da ondan irəli gəlir ki, neft və qaz kimi fosil yanacaqlardan imtina etdikdə, yalnız Günəş və külək enerjisi ilə bütün ehtiyacları ödəmək qısa və orta müddətdə mümkün deyil. Bu baxımdan, atom elektrik stansiyaları alternativ enerji mənbəyi kimi bir çox ölkədə əvəzolunmaz rol oynayır.
Bəli, bu texnologiya müəyyən risklər daşıyır, lakin müasir texniki və təhlükəsizlik sistemləri sayəsində bu riskləri minimuma endirmək və atom enerjisindən səmərəli şəkildə istifadə etmək mümkündür.
Və nəhayət...
İran və İsrail arasında baş vermiş münaqişənin əsas səbəblərindən biri, İranın nüvə proqramını inkişaf etdirərək atom bombası hazırlamağa çalışması ilə bağlıdır. İran bu istiqamətdə böyük həcmdə investisiya yatırmışdır və bu, beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olmuşdur.
MAQATE nümayəndələri (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə obyektlərində - Natanz, İsfahan və Fordo şəhərlərində yerləşən müəssisələrə tam şəkildə nəzarət edə bilmədiyinə görə, oradakı fəaliyyətlə bağlı dəqiq məlumat almaqda çətinliklər yaşanmışdır.Sonradan baş vermiş 12 günlük müharibə zamanı, bəzi mənbələrin verdiyi məlumata əsasən, radiasiya fonunda ciddi dəyişiklik müşahidə olunmamışdır.Bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi xüsusi açıqlama verərək bildirmişdir ki, İranın uranı zənginləşdirmə fəaliyyəti nəticəsində hazırda hər hansı bir təhlükə müşahidə olunmur və nüvə materiallarının ətrafa yayılması baş verməmişdir.
Belə bir məsələ var: əgər atom elektrik stansiyalarında hər hansı bir sızma baş versə, xüsusilə bombardmandan sonra, bu, həm bizim üçün, həm də ətraf ölkələr üçün böyük fəlakətə səbəb ola bilər. Ümid edirik ki, belə bir hal baş verməmişdir və verməz.
Məsələn, Çernobıl qəzası zamanı baş verən radiasiya sızması iki gün ərzində İsveçdəki nüvə mərkəzlərində aşkar edilmişdi. Bu mərkəzdən verilən rəsmi bəyanatdan sonra Sovet hökuməti artıq qəzanı gizlədə bilməmiş və vəziyyəti etiraf etməyə məcbur olmuşdu.
Çünki həmin vaxt külək istiqaməti dəyişkən olduğu üçün radiasiya buludları Belarus, Almaniya və İsveçə qədər yayılmışdı. Bu isə göstərir ki, nüvə sızmaları çox qısa zamanda beynəlxalq miqyasda təsir göstərə bilər və bu, çox ciddi təhlükədir.
Ümid edirik ki, İranda baş verən hadisələr fonunda da, əgər orada uranı zənginləşdirmə və ya nüvə obyektlərinə zərbə nəticəsində hər hansı sızma və ya partlayış baş veribsə belə, bu, ətraf mühitə və insanlara zərər verməyəcək."
İBRAHİM MƏMMƏDLİ