“Asılılıq bir seçim deyil, nəticədir”

Asılılıq iradəsizlik deyil, sağalmamış ağrının nəticəsidir

Son illərdə Azərbaycanda psixoloji və fiziki asılılıq hallarında nəzərəçarpacaq artım müşahidə olunur. Narkotik vasitələrdən tutmuş texnologiya və qumar asılılığına qədər bir çox problem fərdlərin sağlamlığına və ailə münasibətlərinə ciddi təsir göstərir. Xüsusilə gənclər arasında yayılan yeni nəsil asılılıqlar - sosial media, mobil oyunlar və enerji içkiləri kimi amillər narahatedici səviyyəyə çatıb.

Mövzunun aktuallığını nəzərə alaraq, Smart Recovery - Asılılıqlarla psixoloji xidmət mərkəzinin təsisçisi, psixoloq Minarə Səbzəliyeva ilə asılılıqlar haqqında danışdıq.

-Asılılıq bir xəstəlikdir, yoxsa seçim? - Sizin fikrinizcə, insan asılılığa iradəsizliyindən düşür, yoxsa bu, bioloji və psixoloji səbəblərin nəticəsidir?

-Artıq uzun illər aparılan araşdırmaların nəticəsi bizə bir daha bunu deməyə icazə verir ki, əslində asılılıq bir seçim olmayıb, bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və başqa beynəlxalq meyarlara görə bu problem sadəcə davranış yox, psixoloji problemdir. Bizə müraciət edən bütün pasiyentlərə, onların ailələrinə bunu müalicə prosesində  izah edirik ki, asılılıq bir səbəb deyil, asılılıq nəticədir. Hansı ki, düzgün olmayan stresslə mübarizə mexanizmləri, sağlam olmayan problem həlletmə və qərarvermə bacarıqlarının yaranmasına da səbəb olan hansısa faktorlar var. Burada şəxsin şəxsiyyət xüsusiyyətləri, doğulub, böyüdüyü ailə, sosial çevrəsi, asılılıqlara qarşı tənqidi fikri, psixiatrik və emosional problemlərinin olub-olmaması, ailədə asılılıqdan əziyyət çəkən şəxsin olub-olmaması, xülasə, bir çox faktor asılılığın yaranmasına səbəb olur. İradə məsələsinə gəldikdə isə asılılıqdan əziyyət çəkən şəxslərin "iradəsizliyi" düşünürəm ki, sadəcə bir stiqmadır. Onlar iradələrini asılılığından əziyyət çəkdiyi faktorlara yönləndirəndə, yəni hansısa fəaliyyət onların beynində qısamüddətli həzzə səbəb olur (psixoaktiv maddə, qumar, oyun və başqaları) bu zaman onlar bunu asanlıqla əldə edirlər. Demək ki, şəxsi fəaliyyətə yönləndirən istəkləri, motivi var. Bu motivləri o sağalmaya yönləndirəndə isə daha effektiv nəticələr təbii ki, əldə edəcəkdir. 

Hər zaman öz pasiyentlərimə   "asılılığın sizə nə qazandırdığını heç düşündünüzmü?" sualını  verərkən  İlk dəfəsində cavab olaraq "heç bir qazancı yoxdur" deyirlər. Mən isə cavabında "mütləq ki, bir qazancınız olmalıdır. Əgər bir qazancınız olmasaydı sizə bu qədər mənfi təsirləri olan davranışı etməzdiniz"deyə izah etməyə çalışıram. Ola bilər ki, hal hazırda sizin üçün də bu təəccüblü gəldi ki, necə yəni asılılığın hansı faydaları ola bilər? Nümunə üçün valideyn məsuliyyətinin gətirdiyi təzyiq hissindən qurtulmaq üçünmü içirsiniz, yoxsa iş yükünü qaldıra bilmədiyiniz üçünmü? İstifadə etdiyiniz psixoaktiv maddənin sizi daha cəlbedici hiss etdirdiyi, dolayısıyla başqalarına daha asanlıqla yaxınlaşa biləcəyinizi düşündüyünüz üçünmü? Yoxsa sizi sakitləşdirdiyi üçünmü? Bu suallar və daha çoxu ilə artıq şəxs özündə baş verən dəyişiklikləri görə bilər. 

"Bütün travması olan şəxslər asılılıqdan əziyyət çəkməsə də, bütün asılılıqdan əziyyət çəkən şəxslərin travmaları vardır. Onlar istifadə olunan psixoaktiv maddələri bu emosional ağrılarını sakitləşdirmək, unutmaq, reallıqdan uzaqlaşmaa üçün istifadə edirlər" Gabor Mate 

Psixoterapiya vasitəsilə keçmişdə yaşanan travmatik hadisələrin bu günki həyatları üzərində təsirləri araşdırılır. Bu travma ilə işləmə asılılıqdan əziyyət çəkən şəxslərdə daha sağlam emosiya və düşüncələrin, davranışlarının, yaşam tərzinin formalaşmasına kömək edir. 

Unutmamalıyıq ki, keçmiş travmalarla işləmək çox həssas bir dönəmdir. Bu dönəmin ələ alınması professional psixoloq və psixoterapevtlər tərəfindən sadəcə həyata keçirilməlidir. Əks halda daha mənfi nəticələrə gətirib çıxaracaqdır. 

Bununla da aydındır ki, asılılıq bir səbəb deyil, nəticədir.

-Texnologiya dövründə yeni nəsil asılılıqlar necə formalaşır? - Məsələn, sosial media və oyun asılılığı ənənəvi asılılıqlardan nə ilə fərqlənir?

-Əslində bu barədə Türkiyədə aparılan bir araşdırmada göstəririlir ki, virtual aləm və platformaların artması uşaqların çöldə oynadığı oyunların, sosiallaşmanın azalmasına gətirib çıxardı ki, bu da öz növbəsində artıq virtual aləmin və platformaların istifadəsinin normallaşmasına gətirib çıxardı. Ənənəvi asılılıqlar dedikdə ümumilikdə asılılıqlar 2 yerə bölünür psixoaktiv maddə asılılıqları (opioidlər, stimulantlar, alkoqol və başqaları) və davranış asılılıqları (qumar, oyun, alış-veriş və başqaları). Xüsusi ilə psixoaktiv maddə asılılıqlarının bəzilərində fiziki asılılığın olması faktoru olsa da, bəzi psixoaktiv maddələrin fiziki asılılığı yoxdur. Lakin davranış asılılıqlarında isə bu fiziki asılılığın tamamilə olmadığı, psixi asılılığın isə yetəri qədər güclü olduğu aydındır. Hər ikisi beyində bioloji prosessə səbəb olub, dofaminin yüksək ifrazı və bu da öz növbəsində beynin qərarvermə, mühakimə etmə, qiymətləndirmə kimi funksiyalarına cavab verən hissəsi olan prefrontal qabıq adlanan hissənin fəaliyyətini dayandırır. Bununla da şəxs artıq sağlam şəkildə mühakimə etmə, qiymətləndirmə, qərar vermə kimi funksiyaları yerinə yetirə bilmir. Yəni bütün asılılıqlarda şəxsə zərər vurmasına baxmayaraq şəxsin yenidən eyni davranışa qayıtması öz yerində qalır

-Bir insanın asılı olduğunu hansı mərhələdə anlamaq mümkündür? - Ən gizli və təhlükəli siqnallar hansılardır?

-Əslində asılılığın olmasını anlamaq üçün biz bir çox meyarlara baxa bilərik. Hətta uşaqlıqdan bu yana şəxsin hansısa bir davranışları gətirib çıxara bilər bu problemlərə. Xüsusilə PAM asılılığında bəzi gizli əlamətlər yeniyetmələrdə narkotik istifadəsini aşkar etmək üçün çox vacibdir. 

Əgər yeniyetmənin davranışları sürətlə dəyişirsə, məsələn, əvvəllər sevdiyi fəaliyyətlərdən uzaqlaşırsa, birdən aqressiv və ya çox tənbəl olursa, bu siqnal ola bilər.Səbəbsiz pul istəmə, gözlərdə qızarma, dəridə izlər və ya paltarlarda qəribə qoxuların olması. Həmçinin yuxu rejiminin tamamilə ppzulması da ciddi bir göstəricidir. Lakin hər zaman bu əlamətlər asılılığın göstəricisi olmaya da bilər. Çünki yeniyetməlik dönəmi həm bioloji, psixoloji, sosial dəyişimlərin yaşandığı bir dönəmdir. Bu səbəbdən də əgər valideynlər övladlarında bu kimi əlamətləri görərsə onları günahlandırmadan bu davranışların səbəbini öyrənməyə çalışsalar daha yaxşıdır. Lakin ən önəmli nüans onu professional bir dəstəklə həyata keçirmənizdir. Ertələmək əvəzinə mütəxəssislərdən kömək almaq hər zaman ən yaxşı yoldur.

-Asılılıqların kökündə hansı psixoloji boşluqlar və ya travmalar dayanır? - Sizcə, uşaqlıq dövründəki hansı faktorlar buna zəmin yaradır?

-Asılılıqlarn kökündə müxtəlif psixoloji boşluq və travmalar dayana bilər. Nümunə üçün kontrol illuziyası deyilən bir anlayış var ki, qumar asılılığından əziyyət çəkən şəxs elə hiss edir ki, qumar oynayarkən bütün funksionallıq və qərarlar onun ixtiyarında olur və kontrol onun əlində olur. Məhz öz ailəsində təsdiq ala bilməyən, həyatında bir sıra sferalarda nəzarəti itirmiş şəxslər öz hisslərini burda kompensasiya edə bilər. Yəni real dünyada kontrol edərək yetərli hiss etməsə belə bunu virtual aləmdə reallaşdırır. Xüsusilə qumar asılılığında şəxs qumarda qazandıqda özünü ağıllı, şanslı, seçilmiş biri kimi hiss edir. Bu, şəxs üçün uşaqlıqdan formalaşan dəyərsizlik inancının kompensasiyasıdır. Nümunə üçün.Oynadım, qazandım. Uşaqlıqda davamlı olaraq "yetərsiz", "ağlı çatmayan" kimi qiymətləndirilən şəxs artıq qazandıqda dəyərli hiss edir, öz daxili güc və nəzarət hissini süni şəkildə artırır. İstənilən asılılıq növü şəxs üçün həyatındakı narahatlıq, boşluq, kədər, dəyərsizlik və ya nəzarətsizlik hissindən uzaqlaşmaq vasitəsi də ola bilər. Bu, emosional uyuşdurucu funksiyası daşıyır.

Travmaya gəldikdə isə DR. Gabor Matenin dediyi kimi travma başımıza gələn sadəcə pis hadisələr deyil, başımıza gəlməyən yaxşı hadisələr də ola bilər. Yəni təbii ki, travma ölüm, istismar, ağır hadisələr, qəzalar və bunun kimi başqaları ola bilər. Lakin şəxslərin uşaqlıqdan daimi başqaları ilə müqayisə olunması, ona şəxsiyyət kimi yanaşmama, hisslərini, düşüncələrini önəmli olaraq hiss etdirilməməsi yəni müsbət nələrinsə də olmaması onda emosional, düşüncədə problemlərə və bu da asılılığa gətirib çıxara bilər. Ailə dinamikası və valideyn davranışları asılılıq riskini artıran və ya azaldan mühüm faktorlardandırlar. Habelə qoruyucu ailə mühiti və emosional dəstək yeniyetmələrdə maddə istifadəsi ehtimalını azaltdığı bir sıra məqalələrdə göstərilmişdir. Əksinə, laqeydlik, ailədaxili zorakılıq və yüksək konflikt səviyyəsi risk faktorları sayılır. 

-"Funksional asılılar" anlayışı haqqında nə düşünürsünüz? - Yəni, gündəlik həyatını normal davam etdirən, amma müəyyən maddədən və ya davranışdan asılı olan şəxslər.

-Əslində funksional asılılığın olmadığını düşünürəm. Burda gündəlik həyatın normal davam etməsi və hansısa psixoaktiv maddənin, ya da davranışın olmaması zamanı psixi asılılıq simptomlarının üzə çıxmaması sualı yaranır. Lakin burda fərqində olmaq çox önəmlidir. Hətta mən deyərdim ki, bir çox mənbələrdə qeyd edilir ki, asılılıq inkar problemidir. Yəni biz digər xəstəliklərdə bu mənzərəni görə bilmərik, məsələn şəkər xəstəsi öz xəstəliyinin xroniki olduğunu qəbul edir, ona uyğun müalicə, pəhriz tərtib edilir və o dəstək alır. Lakin asılılıqdan əziyyət çəkən şəxs bunu artıq bir çox sferalarında problem olduğu zaman qəbul etməyə başlaya bilər. Ona görə də funksional asılılıların deyil də, maskalanmış problemlərin olduğuna daha çox inanıram. 

-Bir cəmiyyətin kollektiv şəkildə hansı asılılıqlara tutulduğunu düşünürsünüz? - Məsələn, istehlakçılıq, sosial təsdiq ehtiyacı və ya informasiya bağımlılığı?

-Düşünürəm ki, hər hansısa statistikaların, araşdırmaların nəticəsinə istinad edərək bu informasiyanı dəqiq şəkildə vermək daha qənaətbəxş olar. Lakin bununla bağlı hansısa bir meyar və nəticələr tam dəqiq deyil. Burada şəxslərin sosial təsdiq ehtiyacı daha çox biz xüsusi mental dəyərlərlə, şərq mədəniyyətinə xas olan kollektiv düşünmə ilə böyüdüyümüz üçün burada sosial təsdiq ehtiyacı daha çox özünü biruzə verə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31