Bir zamanlar KİŞİLƏR vardı...
28 İyul 18:45 ƏdəbiyyatBir zamanlar başı buxara papaqlı,
ayağı çarıqlı, əli əsalı kişilər vardı,
Üst-başları tütün qoxuyardı,
Ovucları qabar-qabardı.
Doqqazın başına yığışardılar hər gecə,
Biz də onların başına.
Onlar davadan, frontdan danışardılar,
Biz də daş üstündə oturub qulaq asardıq
bu şirun nağıllara yuxu gözümüzdən tökülüncə.
Yayın istisində də başlarından çıxarmazdılar papağı,
Addım səslərindən tanıyardılar gələn qonağı...
Onlarçun çörək Tanrıdan irəliydi,
Hərəsi bir evin dirəyiydi
mən tanıyan kişilər,
Torpaqla, daşla,
əkinlə, xışla oynayan kişilər.
Saçımızı sığalsız, gecəmizi nağılsız qoymazdılar,
Səhərlər mala, heyvana durardılar,
Oğula, uşağa qıymazdılar.
Sonra illər göz qırpımında uçub getdi,
Doqqaz ağzına yığışan kişilər yavaş-yavaş bu dünyadan köç etdi -
Başında papaq, ayağında çarıq, əlində çəlik.
Yavaş-yavaş yollar yiyəsiz qaldı, sonra kənd,
Sonra hasarlar böyüdü, sonra adamlar.
Sonra qapılardan kilid, ürəklərdən daş asıldı,
Uçulub dağıldı söykəndiyimiz divarlar,
Köhnə nağıllar pozuldu,
Təzə nağıllar yazıldı -
İçində həsrət, ayrılıq, xəyanət, göz yaşı, minnət.
İnternet sevdalar doğuldu boşluğun içində -
Rəngsiz, ürəksiz, qolsuz, qanadsız, şikəst...
Məhəbbət dolu məktublar yazılmadı daha,
Ürək döyüntüsündən keçmədi boğazdan yuxarı mesajlar,
Söz verib söz almadı heç kəs,
Heç kim tələsmədi görüş yerinə,
Sabaha çıxmadı bu gün doğulan xəyallar...
Nöqtələr, nidalar, suallar!!
...Bir zamanlar başı buxara papaqlı, ayağı çarıqlı, əli əsalı kişilər vardı.
Üst-başları tütün qoxuyardı,
Əlləri qabar-qabardı...
*
Qaranlığı yenə pusur adamı,
Qılınclayır, asıb, kəsir adamı,
Gözlərinin fəhmi basır adamı,
Vaxt da keçmir bu gecənin baxtından.
Hamı səndən bir yuxuycan uzaqdı,
Dünya yatıb, bircə dərdlər oyaqdı,
Kim duyacaq harayını bu vaxtı,
Kim salacaq bu gecəni atından?
Ağrıların hücum çəkir üstünə,
Həsrət adlı zülmət çökür üstünə,
Qaramatın yenə tökür üstünə,
Hünərin var çıx gecənin altından.
*
Nənəmizin ətəyindən,
anamızın kötəyindən tutub yeriyən qızlardıq.
İncinincə bir ovuc sığala,
bir şirin qoğala kiriyən qızlardıq.
Yayda torpağa, qışda palçığa batardıq,
Nağıl-nağıl, noğul-noğul boy atardıq.
Vətən kəndimizdi,
Kür qırağıydı, bərəmiz, bəndimizdi.
Güyümlə su daşıyardı,
İnək sağardı, nehrə çalxayardı
Başı yaylıqlı qadınlar,
Biz də dallarıyca düşərduk,
Yerlə, Göylə əlləşərdik.
Yanaqlarımızı öpüş,
Dodaqlarımızı gülüş aparardı,
Bir qucaq sevgimiz vardı.
Ürkək idik, qorxaq idik,
Uşaq idik.
Gözümüzdə qəhrəman idi odun yaran, yer belləyən atalar.
Nə çörək dərdimiz vardı,nə paltar.
Daşa, divara dırmaşardıq,
Bir ovuc ərik üstə
hasar-hasar dalaşardıq.
Bantımızdan tanıyardıq bir-birimizi
uzaqdan,
Qorxmazdıq qardan, sazaqdan.
Dostumuzdu İtlər, pişiklər,
Toyuqlar, cücələr,
Ağaclar, sərçələr..
Dincliyimiz yoxdu,
nə olsun ki, topumuz, gəlinciyimiz yoxdu,
Bəxtəvərdik,
Ən çox Novruzda sevinərdik...
...Sonra bir gün ...
Sonra bir gün qonşunun oğlu qonşunun qızına vuruldu ..
və bir göz qırpımında uçulub dağıldı uşaqlığımız,
qırıldıq...
Sonra yollar boşaldı,
Sonra hasar başı.
Əvvəlcə ayrılıqlar başladı,
sonra göz yaşı,
Sonra bütün bütlər çiliklənib töküldü,
Sonra xəyanətlər başladı hər addımbaşı,
Yekəldik...
...Sonra gəlin köçdü , ana oldu bütün hörüklü qızlar,
Yaxası tut ləkəli, ovucu ərikli qızlar -
Ürəklərində həsrət, gözlərində bulud, çiyinlərində əzab, baxışlarında intizar ...
...Nənəmizin ətəyindən,
Anamızın kötəyindən tutub yeriyən qızlardıq...
İncinincə bir ovuc sığala, bir şirin qoğala kiriyən qızlardıq...
Bir nağıla aldandıq...
*
Qorxma, bu hələ son deyil,
Hələ bir az yolumuz var.
Gedirik qonşuya acıq,
Sağımız var, solumuz var.
Göydə Odu, Yerdə bizik,
Xeyirdə O, şərdə bizik,
Bir nağıldı, bir də bizik,
Şahımız var, qulumuz var.
Dünya bizi çəkir hələ,
Dizimizi bükür hələ,
Buna da min şükür, hələ
Danışmağa dilimiz var.
Haqq yoxdusa, hesab nədi?
Sevgi varsa, əzab nədi,
Hər işimiz tərsinədi,
Ağıllımız, dəlimiz var.
Heç kəs düşünmür sabahı,
Hər baş götürmür papağı,
Yoxdu şeytanın günahı,
Hər bəlada əlimiz var.
*
İyulun nəfəs qarsan istisi,
Günortanın tən yarısı,
Günəş döyür başına küçələrin, ağacların, göyərçinlərin, şəkillərin, afişaların, heykəllərin.
Bir-biriylə yarışa çıxıb maşınlar, adamlar,
Unudanlar, unudulanlar.
Hərəsinin öz sürəti var.
Yoldan keçənə yalmanır üst-başı kirli,
çəlimsiz pişik balası.
Bir dadımlıq dönərə, bir sığallıq sevgiyə yalmanır,
Daşa, divara, kölgəyə yalmanır.
Dili bir qarış çöldə gəzən küçə itlərinin nəfəsindən od tökülür
cızdağı çıxan asfaltın üstünə,
Şəhərin ciyəri yanır.
Yanaqlarını gün aparan dilənçi qadına
kimsə təbəssüm yollayır əlli qəpiklik boyda,
Qadının gözləri sığallanır.
Birdən xəfif meh əsir,
Günəşin üzünə düşür buludun kölgəsi.
İstidən nəfəsi kəsilən küçələrin dodağına
su çilənir göy üzündən sərin-sərin.
Ürəyi yerinə gəlir şəhərin.
*
Ağaclar kökündən yapışıb durub,
Külək acığını budaqdan çıxır.
Yayın ortasında, küləyin altda
Ağaclar neçə qat yarpaqdan çıxır.
Döyür gözlərini yenə küçələr,
Edir bir-birinə tənə küçələr,
Təzə paltarında köhnə küçələr
Yenə külək-külək sınaqdan çıxır.
Divarlar küləklə verir səs-səsə,
Hayları, küyləri düşür dənizə,
Bu gün dəli olub küləklər nəsə,
Gah qaradan çıxır, gah ağdan çıxır.
Gah göyə dırmaşır, gah yerdə əsir,
Dənizdə, limanda, sahildə əsir,
Şəhərin üstündə ayrılıq gəzir,
Bir şair hirsini varaqdan çıxır.
*
Bu qoca ağacın neçə canı var?
Hər xəzəl altından yüz yarpaq çıxır.
Kəsilir, qırılır, qopub, tökülür,
Bütün sınaqlardan üzüağ çıxır.
Gör necə bağlıdı kökünə ağac,
Min tufan yerindən qaldıra bilmir.
Durub kölgəsinə daş atsalar da
Heç kim bu ağacı öldürə bilmir.
Sarılıb qoluna, budaqlarına,
Qıraqdan heykələ oxşayır ağac.
Yayda günəşinə, qışda qarına
Bürünə-bürünə yaşayır ağac.
Hələ ki, dayanıb öz kökü üstə,
Yerindən, yurdundan güc alır hələ.
Küləklə, yağışla, dumanla, çənlə
Savaşa-savaşa qocalır hələ.
*
Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna-sağına,
Tanımadı güzgü məni.
Güldü üstümə, başıma,
Gəlmədim deyən xoşuna,
Tutdu tənə yağışına,
Tanımadı güzgü məni.
Düşmədi üzüm yadına,
Söhbətim, sözüm yadına,
Oxşatdı hansı qadına?
Tanımadı güzgü məni.
Məni sual-sual süzdü,
Məni xəyal-xəyal süzdü,
Mən danışdım, güzgü susdu,
Tanımadı güzgü məni.
Yatmışdı, gəldim oyatdım,
Ağladım, güldüm, oyatdım,
Yaz getdim, payız qayıtdım,
Tanımadı güzgü məni.
*
Burda zaman dayanıb,
Bu nə sükutdu, Allah.
Gün də qaçıb gizlənib,
Hər yan buluddu, Allah.
Sıra-sıra məzarlar
Hərəsi bir biçimdə.
Dayanıb yol gözləyir
Hamı daşın içində.
Burda gəlib gedənlə
Ölülər hesab çəkir.
Hərə öz daşı altda
Görən nə əzab çəkir?
Hayana boylanırsan
Ayrılıqdı, həsrətdi.
Məzar-məzar qaranlıq,
Şəkil-şəkil sərhəddi.
Hər daş yıxıla-dura
Keşik çəkir qəbrinə.
İlahi, bu daşların
Səbrinə bax, səbrinə.
*
Ay əlləri qabarlı,
Üst-başı bulaşıq qız.
Yanağını gün döyən,
Saçları dolaşıq qız.
Bu şəhərin balaca,
Ac sakini, gün aydın.
Bilirəm ağlamısan,
Gözündəki nəm aydın.
Yıxılma, dizlərini
Daş qanadır, yer əzir.
Sənin ayaqların yox,
Baxışların tələsir.
Deyirlər dilənçisən,
Öz adın nədi bəs, qız?
Sevgisi qəpik-quruş,
Xəyalları şikəst qız.
İnanma bu şəhərin,
İşığına, balaca.
Burda qaranlıq düşür
Adamın arxasınca.
Bu şəhərin gecəsi,
Gündüzü yalançıdı.
Açma ovuclarını,
Göy üzü yalançıdı.
*
Kimin ömrüdü məndəki,
Alıb köçdən yaşayıram.
Bir nabələd yolçu təki
Qalıb köçdən yaşayıram.
Vurnuxuram söz içində,
Didərginəm döz içində,
Qırılmışam öz içimdən,
Düşüb gücdən, yaşayıram.
Quruca adam özümdə,
Ögeyəm, yadam özümdə,
Yer yoxdu tutam özümdən,
Tutub heçdən yaşayıram.
Bu mənəmmi, mən deyiləm,
Həm gerçəyəm, həm deyiləm,
Neyləsə küsən deyiləm,
Dərdi içdən yaşayıram.
Təranə Dəmir