Asif İbrahimov: "İnvestisiya reytinqi və aşağı borc yükü Azərbaycanın sabitlik indikatorudur" – ÖZƏL
20:43 Siyasət"Prezident İlham Əliyevin 31-ci Baku Energy Forumunda səsləndirdiyi investisiya səviyyəli reytinq, aşağı xarici borc yükü, 5 faiz səviyyəsində işsizlik və yoxsulluq göstəriciləri Azərbaycanın makroiqtisadi sabitliyinin mühüm indikatorları kimi qiymətləndirilə bilər. Bu göstəricilər beynəlxalq investorların qərarvermə prosesində xüsusi əhəmiyyət daşıyır".
Bu sözləri Olaylar.az-a açıqlamasında biznes konsultant, iqtisadçı, Beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, investisiya səviyyəli reytinq ilk növbədə xarici investorlar üçün risklərin azaldığına dair siqnal rolunu oynayır. Beynəlxalq reytinq agentlikləri tərəfindən verilən bu status ölkənin maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin yüksək olduğunu göstərir. Nəticədə xarici investisiyaların cəlb edilməsi asanlaşır, dövlət və özəl sektor daha aşağı maliyyələşmə xərcləri ilə beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanı qazanır. Bu isə yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artmasına və iqtisadi aktivliyin genişlənməsinə müsbət təsir göstərir. Bununla yanaşı, uzunmüddətli iqtisadi dayanıqlılığın təmin olunması üçün enerji sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi prioritet olaraq qalmalıdır. Xüsusilə sənaye, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, turizm və yüksək əlavə dəyər yaradan emal sənayesinin inkişafı strateji əhəmiyyət daşıyır. İqtisadiyyatın şaxələndirilməsi xarici bazarlardakı enerji qiymətləri dəyişikliklərinin ölkəyə təsirini minimuma endirməyə imkan verəcək. Forum çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji və regional əməkdaşlıq mövzularının müzakirəsi də Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə yaşıl enerji layihələri ölkəyə yeni investisiyaların cəlb olunmasına, texnologiya transferinə və ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər. Azərbaycan artıq ənənəvi enerji təchizatçısı olmaqla yanaşı, bərpa olunan enerji və yaşıl enerji dəhlizlərinin formalaşmasında da regional mərkəzə çevrilmək istiqamətində addımlar atır.
"31-ci Baku Energy Forumunun digər mühüm nəticələrindən biri ölkənin beynəlxalq investorlar və enerji şirkətləri üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirməsidir. Belə platformalar yalnız enerji sektoruna deyil, eyni zamanda nəqliyyat, logistika, sənaye parkları, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahələrinə investisiya marağının artmasına da müsbət təsir göstərir. Ümumilikdə, forumda səsləndirilən göstəricilər Azərbaycanın makroiqtisadi sabitliyini nümayiş etdirir. Qarşıdakı dövrdə əsas vəzifə əldə olunan maliyyə və enerji üstünlüklərini qeyri-neft sektorunun inkişafına yönəltmək, innovasiya əsaslı iqtisadi modeli gücləndirmək və dayanıqlı iqtisadi artımı təmin etməkdən ibarətdir", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova